Yuxarı

Ağ Evdən Rusiyaya hücum planı

Ağ Evdən Rusiyaya hücum planı

Qadağan Olunmuş Silahlara Nəzarət Haqqında Müqavilə ilə nəzərdə tutulmuş qanadlı raketlərin istehsalçısı olan "Novator” Konstruktor Bürosu və "Tuman-Barrikada” Elmi-Sənaye Mərkəzinə sanksiyaların tətbiq edilməsinə dair ABŞ Ticarət Nazirliyinin təqdim etdiyi qanun layihəsini Nümayəndələr Palatası təsdiq edib. Qeyd edilir ki, həmin şirkətlər "Kiçik və Orta Mənzilli Qanadlı Raketlərin Ləğvinə dair” 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış müqavilənin icrasına məsuldur.Ancaq bu müəssisələr Rusiyanın Müdafiə Nazirliyi üçün sazişlə qadağan olunmuş kiçik və orta məsafəli uçuşlar həyata keçirən qanadlı raketlər istehsal edir.Sanksiyalar haqqında qərarda o da vurğulanır ki, cəzalandırılan şirkətlər "ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd olan hərəkətlərə cəlb edilib".

Digər məlumatlara görə, 2018-ci ilin fevral ayında ABŞ Rusiyaya növbəti sanksiyalar tətbiq etməyə hazırlaşır.Avropadakı amerikalı tərəfdaşlar üçün arzuolunmaz hesab edilən Rusiya vətəndaşlarının ABŞ ərazisinə daxil olması qadağan ediləcək. "Qara siyahı”ya iş adamları və dövlət mükafatı almış ictimai xadimlərin də adlarının salınacağı gözlənilir. Sözügedən sənəd Avropa dövlətlərinə həmin şəxslərin arzuolunmaz elan edilməsi üçün tədbirlər görmək üçün bir siqnal da ola bilər. Sanksiyalarla bağlı məlumatı Ukraynanın xarici işlər naziri Pavel Klimkin də təsdiq edib.

Bütün bunlar Rusiyada seçkiqabağı ABŞ başda olmaqla Qərblə münasibətlərin daha da gərginləşəcəyini deməyə əsas verir. Prezident Putinin Rusiyanın müşahidəçi zabitlərini Şərqi Ukraynadakı Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzindən geri çəkməsi, o, cümlədən, qoşunların bir qismini Suriyadan çıxarması seçkiqabağı Qərblə münasibətlərdə yumşalmağa hesablanmış gediş hesab edilir. Lakin baş verən son hadisələr seçkilər ərəfəsində ABŞ-Rusiya münasibətlərində gərgin hadisələrin baş verəcəyini göstərir.Siyasi ekspertlərin rəyinə görə, Qərb Rusiyada hakimiyyət dəyişikliyinə nail olmasa belə, təzyiqləri artırmaq üçün Vladimir Putinə alternativ namizədlərdən birinə maliyyə və siyasi dəstək göstərə bilər.

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qərb Rusiyanın təcavüzkar siyasətinin qarşısını almaq üçün seçkilər öncəsi Putin iqtidarına təzyiqləri daha da artıracaq:

"ABŞ-la Rusiya arasında davam edən "soyuq müharibə” iki ölkə arasında siyasi-iqtisadi və hərbi əməkdaşlığın dayanmasına və ikinciyə sanksiyaların tətbiq olunması ilə nəticələnib. Rusiyanın Ukraynanın Krım ərazisini ilhaq etməsi, Şərqi Avropada separatizmi dəstəkləməsi beynəlxalq münasibətlər sistemində böyük çat yaratdı.ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi, bu ölkənin Şərqi Avropada və Suriyada hərbi iştirakına mane olmasa da, ölkənin sosial-iqtisadi sisteminə ciddi zərbə vurub.Rusiyanın hərbi sənayesinə tətbiq edilən sanksiyalar böyük rezonans doğuracaq.Çünki, neftdən əlavə Rusiyanın əsas ixracı məhz silah satışıdır.Göründüyü kimi, ABŞ Rusiyada seçkilər öncəsi sanksiyaları sərtləşdirməklə, Putin hakimiyyətinə qarşı xalqın geniş etirazını formalaşdırmağa çalışır.Mart ayı keçiriləcək seçkilərdə Putinin yenidən hakimiyyətdə qalması Rusiyanın Yaxın Şərqdə və Şərqi Avropada aqressiyasının davam etdirilməsi kimi xarakterizə edillir.Ona görə də ABŞ çalışır ki, ölkədə iqtisadi sanksiyalar ilə Putinin reytinqini aşağı salsın.Rusiya Qərblə yumşalma siyasəti aparmaq üçün Ukraynadan zabitlərini və Suriyadan qoşunlarını çıxartsa da, Krımın işğalda qalması bu yumşalma siyasətinə təsir etməyəcək.Ümumiyyətlə, seçkiöncəsi ABŞ-la Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərində gərginliyin davam etməsi istisna deyil.ABŞ-la Rusiya arasında siyasi əlaqələrdə konfrontasiya yaşanması əsasən iki ölkənin super güc olmaq siyasətindən irəli gəlir.Rusiyanın Ukrayna və Suriyada siyasəti ABŞ-ın geosiyasi maraqlarını təhdid etdiyi üçün iki ölkənin bundan sonra siyasi əlaqələrinin normala düşməsi növbəti illərdə mümkün görünmür.Putinin növbəti ildə də prezident seçiləcəyini nəzərə alsaq, Rusiyanın beynəlxalq siyasətdə rolunu gücləndirməsi gözlənilir”.

Politoloq Qabil Hüseynli hesab edir ki, seçkilər ərəfəsində Rusiyada proqnozlaşdırılması çətin olan hadisələr baş verə bilər:

"Rusiya ABŞ-dakı prezident seçkilərinə kiberhücumlar vasitəsilə müdaxilə etmişdi. İndi Amerika həm bunun əvəzini çıxmağa çalışacaq, həm də Rusiyanı bir rəqib kimi sıradan çıxartmağa cəhd edəcək. Bu proses hələlik sanksiyalar formasında həyata keçirilir. Mən hətta, Birləşmiş Ştatların Rusiyadakı seçkilərə kiberhücumlar təşkil edəcəyini də istisna etmirəm.Çünki ABŞ Rusiyanı çökdürmək üçün bütün vasitələrdən istifadə edəcək.Qarşıda Rusiyanı və Putinin özünü çox çətin günlər gözləyir.Güman edirəm ki, Rusiyada prezident seçkiləri çox təlatümlü siyasi hadisə olacaq”.

Qərbin Rusiya müxalifətinin  etiraz aksiyalarına və Putinin rəqiblərindən birinə dəstək verəcəyi proqnozlaşdırılsa da hazırkı dövlət başçısını məğlub edə biləcək bir güclü namizəd hələ görünmür. Qabil Hüseynlinin fikrincə, müxalifətin seçkilərdə iştirak imkanlarının məhdudlaşdırılması Putinin potensial rəqiblərinin bəri başdan sıradan çıxarılmasına hesablanıb:

"Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnının barəsində cinayət işi açmaqla seçkilərə buraxmadılar. Əgər Navalnı seçkilərdə namizəd kimi iştirak etsəydi, səslərin böyük əksəriyyətini toplayacaqdı və ABŞ onu mütləq dəstəkləyəcəkdi.Ona görə də böyük siyasi potensialı olan namizədləri seçkiyə buraxmayacaqlar.Buna baxmayaraq, çox böyük ehtimalla Rusiyada gərgin siyasi hadisələr baş verəcək”.

Müşfiq Abdulla 






Həftənin ən çox oxunanları