Yuxarı

Rusiyadan savaş anonsu

Rusiyadan savaş anonsu

Rusiyalı ekspertlər gələn il Dağlıq Qarabağ ətraflnda gərginliyin artacağını, münaqişənin alovlana biləcəyini proqnozlaşdırırlar. Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) "Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb və Dağlıq Qarabağ münaqişəsi də bu sənəddə yer alıb. Proqnozda qeyd olunur ki, "2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”. 

RSDM ekspertləri dah sonra qeyd edirlər ki. gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: "Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”.

Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək. Qeyd edək ki, gələn il Ermənistanda, Azərbaycanda və Rusiyada seçkilər keçiriləcək.

Maraqlıdır, seçki ilində Dağlıq Qarabağ münaqişəsində aktivləşmə mümkündürmü?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində seçki ilində Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına ehtimal vermədiyini deyib: "Dağlıq Qarabağ məsələsində danışıqlar masasında gedən söhbətlər demək olar alınmır. 2017-ci ildə də bütün təmaslarda heç bir siyasi, hüquqi nəticə əldə olunmadı. Ayrıca, bu il Azərbaycan və Ermənistan daha müasir silahlar almağa davam etdi. Yəni, hər iki tərəf hərbi potensialını daha da artırmağa səy göstərdi. Bu da təbii ki, savaş təhlükəsini nəzəri olaraq artırır. 2018-ci ildə həm Azərbaycanda prezident seçkiləridir, həm də Ermənistanda. Ayrıca, Ermənistanın havadarı olan Rusiyada da eyni ildə prezident seçkiləri keçiriləcək.

Bu faktın özü də göstərir ki, Dağlıq Qarabağ problemi 2018-ci ildə hər 3 ölkə üçün prioritet siyasət olmayacaq. Çünki Dağlıq Qarabağ məsələsi bu gün artıq iki dövlət arasında olan münaqişədən çıxıb, nəinki regional, artıq qlobal bir problemə çevrilib. Bu münaqişə artıq qlobal oyunçuların geosiyasi maraqları çərçivəsinə girib. Və bu problemin həllini çətinləşdirən əsas amillərdən biri də məhz budur. Bu baxımdan hətta Azərbaycan istəsə belə, uzunmüddətli savaşın başlaması ehtimalı yoxdur. Çünki ilk növbədə buna imkan verməzlər. Digər tərəfdən, ildırım sürətli, lokal əməliyyatların keçirilməsi ehtimalı da azdır. Çünki bunun 2018-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi hansı siyasi nəticələr doğuracağı Azərbaycan hakimiyyəti üçün qaranlıqdır. Bu baxımdan bu məsələdə Azərbaycan hakimiyyətinin maraqlı olacağını düşünmürəm”.

O ki, qaldı vəziyyəti hərbi cəhətdən gərginləşdirmək istəyən Ermənistana, Natiq Miri düşünür ki, Sarkisyan hakimiyyəti də ehtiyatlı siyasət yürütməyə cəhd edəcək: "Çünki Ermənistanda da 2018-ci il seçki ilidir. Digər tərəfdən, Ermənistanda Konistitusiya dəyişikliyi ilə yeni bir sistem formalaşacaq. Artıq bu istiqamətdə hazırlıqlar görülür. Ona görə də yeni sistemlə növbəti dönəmdə də hakimiyyətdə qalması üçün Sarkisyan klanı bir çox hazırlıqlar görür. Düşünürəm ki, Sarkisyan hakimiyyəti regionda, xüsusilə də Dağlıq Qarabağ cəhbəsində yeni bir savaş təhlükəsi yaratmaqla özünün müqəddəratını təhlükəyə atmaz. Çünki Sarkisyan yeni savaş başlasa belə, qələbəyə ümidi yoxdur. Əksinə, işğalçı ciddi zərbə alaraq məğlubiyyətə düçar ola bilər. Ona görə də Ermənistan hakimiyyətinin belə bir riskə gedəcəyini düşünmürəm. Ona görə də 2018-ci ili də 2017-ci il kimi Qarabağ nöqteyi-nəzərindən itirilmiş il olaraq görürəm”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları