Yuxarı

Müxalifətin seçki ili və liderləri

Müxalifətin seçki ili və liderləri

Payızda ölkədə prezident seçkiləri keçiriləcək. Müxalifət təşkilatları xüsusi fəallığı ilə seşilməsə də, kluarlarda tez-tez seçki və namizəd məsələləri müzakirə edilir. Müzakirə olunan məsələlər arasında kimin şanslı, daha çox qurumu birləşdirə bilməsi məsələləri əsas müzakirə mövzusudur. Hətta müzakirələr vahid namizəd ideyasına qədər uzanır. Məlumdur ki, artıq bir neçə seçki arxada qalıb və indiyə kimi ənənəvi müxalifət müxtəlif seçki blokları yaradaraq, seçkiyə qatılsa da, uğurlu nəticə əldə edilməyib. 

Son prezident seçkilərində yaradılmış Milli Şura ilə bağlı ümumiyyətlə, nəsə danışmaq yersizdir. Yarandığı gündən məğlubiyyəti bilinən bir təşkilat bundan artıq nəsə də edə bilməzdi. Bacaracağı acınacaqlı məğlubiyyət idi ki, onu da xalqa verdi. Yaranması belə başqa bir ölkənin maraqları çərçivəsində idi. Fəaliyyətinin ilk vaxtlarında Rusiyadan təlimat və maliyyə aldığı ortaya çıxınca bu qurum parçalandı və "ölü doğulmuş uşağa” bənzədi. Milli Şura Rusiya proyekti kimi cəmiyyətdə özünə elə bir imic qazanıb ki, orada cəmləşən təşkilat və şəxslər seçici üçün də maraqlı deyil. Deməli, Milli Şuranın varlığı və ya yoxluğu cəmiyyəti maraqlandırmır. Amma milli müxalifətdən seçki ilində hansısa fəallıq gözlənilir. Ona görə də cəmiyyət milli müxalifətin, eyni zamanda ənənıəvi müxalifətin hansı addımlar atacağında maraqlıdır. Öncə onu qeyd edək ki, ənənəvi müxalif düşərgə "müxalifət seçkiyə kimin namizədliyi ilə gedə bilər”, "daha uğurlu birlik formatı hansıdır”, "ümumiyyətlə, ənənəvi müxalifət yenə də vahid namizəd ideyasını qəbul edirmi” kimi suallara cavab tapa bilməyib.  

Ənənəvi müxalifətin lideri kimdir?

Bu günə qədər ənənəvi müxalifət təmsilçiləri özlərini sübut etmək üçün ən kəskin şəkildə bir-birilə mübarizə aparıblar. Bu mübarizələr isə sadəcə, vaxt itirilməsi, mənasız didişmələrdən başqa nə iləsə sonuclanmayıb.  Çünki aparılan mübarizə sağlam deyil və hər kəsin qəbul etdiyi şəxslər daim çıxdaş edilib. 

Etiraf edilməlidir ki, ənənəvi müxalifətdə kifayət qədər böyük siyasi çəkiyə, nüfuza sahib olan şəxs Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərdir. Qeyd edək ki, Müsavat Partiyası 2018-ci il prezident seçkilərinə İsa Qəmbərin namizədliyi ilə gedəcək. Müxalifət partiyalarında da İsa Qəmbərin ənənəvi müxalifətin lideri olduğu qəbul olunur. Təbii ki, burada söhbət dağıdıcı fəaliyyəti ilə seçilən, şəxsi ambisiyalara xidmət edən ənənəvi adamlardan, yaxud "liderlərdən” getmir. Məsələn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da hesab edir ki, ənənəvi müxalifəti bir araya yalnız İsa Qəmbər gətirə bilər: "Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir. Əbülfəz Elçibəy indi olmadığına görə, mən, hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”. Bu onu göstərir ki, İsa Qəmbər ənənəvi müxalifət cameəsində lider kimi qəbul olunur. Qeyd edək ki, İsa Qəmbərin səhhətində son günlər müəyyən problemlər yaranıb. Ancaq rəsmi məlumatlara görə İsa Qəmbərin səhhəti yaxşılaşıb. Dünən isə Müsavat sabiq başqanı ürəyindən müalicə aldığı Mərkəzi Klinik Xəsətxanadan evə buraxılıb.  Müsavat Partiyasının başqanı Arif Hacılı isə açıqlamasında partiyanın namizədinin dəyişmədiyini, seçkiyə İsa Qəmbərlə gedəcəklərini açıqlayıb. Görünən odur ki, ənənəvi müxalifətin son çıxış yolu prezident seçkilərində İsa Qəmbərin namizədliyini dəstəkləməkdir. 

Bəs, yeni müxalifətin uğurlu namizədi kimdir?

Ancaq nəzərə almaq lazımdır ki, bu gün ölkədə kontingenti xüsusilə, gənclərdən ibarət olan yeni müxalifət var və aktiv fəaliyyətlə siyasi səhnədə yerini tutub, söz sahibi olublar. Əslində son illər göstərdiyi fəaliyyətinə, cəmiyyətdəki mövqeyinə və siyasi səhnədə olan nüfuzuna görə yeni müxalifətin ən uğurlu namizədi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir. AXCP sədri hələ 2016-cı ildə 2018-ci ili siyasi dəyişiklik ili elan etmişdi və prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan etmişdi. 

Razi Nurullayev prezident seçkilərində namizəd olduğunu açıqlayandan sonra bu istiqamətdə partiya tərəfindən də mühüm işlər görülüb. Beynəlxalq Mətbuat Mərkəzində (BMM) prezident seçkilərində iştiraka dair keçirilən dəyirmi masada iştirak edən müxalifət nümayəndələri, ziyalılar da AXCP sədrinin fikrini dəstəklədilər. Eyni zamanda vahid namizədliklə bağlı təşəbbüslərin müzakirəsinin də önəmli olduğunu bildirdilər. Proseslərin gedişi göstərir ki, müxalifətin 2018-ci il prezident seçkilərindən iştirakı üçün ən uğurlu namizədləri İsa Qəmbər və Razi Nurullayev ola bilər. Hər iki siyasi lider dağıdıcı deyil, birləşdirici fiqur hesab edilir. İsa Qəmbər ənənəvi və dağıdıcı olmayan digər qüvvələri, Razi Nurullayev isə ənənəvi müxalifəti qəbul etməyən siyasi təşkilatları, o cümlədən, gəncliyi öz ətrafında birləşdirə bilir. Ona görə də müxalifət seçkidə uğur qazanmaq istəyirsə, məhz bu namizədlər haqqında düşünməli və onlarla birgə siyasi mübarizə aparmaq yolunu tutmalıdır. Ehtimal olunur ki, müxalifət düşərgəsində gedən lider axtarışının sonunda finala məhz bu iki lider - İsa Qəmbər və Razi Nurullayev qalacaq.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları