Yuxarı

Əli Kərimlinin Avropada danışan "dilləri”

Əli Kərimlinin Avropada danışan

Ölkədə növbədənkənar seçkilərin elan edilməsindən dərhal sonra başlayan "boykot şousu”na yeni-yeni simalar qoşulur. Əslində onların bir çoxu doğrudan da yeni simalardır, təkcə sıravi azərbaycanlı üçün yox, həm də siyasətlə az-çox maraqlanan kəsim üçün də o qədər yenidirlər ki, çoxunun adı hətta ilk dəfə "boykot şousu”nda çəkilib.

Seçki hətta əvvəl nəzərdə tutulan zamanda-oktyabr ayında keçirilsəydi belə, iştirakdan imtina üçün mütləq halda bir səbəbə bənzəməyən bəhanə tapacağı sirr olmayan "Yurd” lideri Əli Kərimli və ətrafı üçün 11 aprel daha bir fürsət yaratdı. Şouya başlamağın tam zamanı olduğunu 6-cı duyğusu ilə tez bir zamanda anlayan Əli Kərimlinin başlatdığı oyuna yeni-yeni oyunçular qoşulur. "Oyunçu aparsın” sözü belə oyunlar üçün keçərli deyil, çünki burda oyunçunun qabiliyyəti əsas deyil, hiss etməsi, nə qədər çox yararlana bilmək istedadı əsasdır. 

Əli Kərimlinin ipi ilə quyuya enən "diplomat”

Əli Kərimlinin onda olan bu istedaddan ətrafındakılara nə qədər ötürə bildiyini prosesin gedişində görəcəyik. Hələlik isə görünən odur ki, budəfəki seçkilər üçün daha bir Cəmil Həsənli tapa bilməyən Əli Kərimli boykot tərəfdarı etdiklərini başına toplayaraq pul qoxusunu aldığı tərəfə üz tutub. Gələn aydan etibarən mitinqlərə başlamağın anonsunu da bu səbəblə verən Əli Kərimlinin bazarı açıqdır. Bu bazarda istəyən hər kəs özü üçün nəsə tapa bilər. Necə ki, keçmiş səfir, qısa bir zamanda facebook-dakı çıxışları ilə tanınan və ulduzu elə qısa müddətdə də sönən Arif Məmmədov bu bazarda özü üçün nələrsə tapıb. Keçmiş səfir elə keçmiş fəaliyyətinə yönəlik ittihamlara cavabında "bəsirət gözüm indi açılıb” cavabını verə bilər və bu cavab bəlkə də qəbul olunar. Amma siyasi meydanda heç zaman olmayan keçmiş diplomat elə diplomat təcrübəsilə də bilməliydi ki, Əli Kərimlinin ipi ilə quyuya enmək olmaz. Çünki Əli Kərimli dərinliyini bilmədiyi quyuya ip sallamaz. Sallasa da, o iplə quyuya sallananın ordan sağ-salamat çıxmayacağını bildiyindəndir. Necə ki, keçmiş konsul Nahid Cəfərov o quyudan "sağ çıxmadı”.Görünür, Arif Məmmədov Əli Kərimlinin keçmişindən xəbərsizdir, bunu ona bağışlamaq olar, amma əgər söhbət həm də gələcəkdən gedirsə, keçmiş diplomat da özünü yandırır. Görəsən, Arif Məmmədov bilmirmi ki, boykot Azərbaycan siyasətində indiyə qədər heç zaman uğur gətirməyib? Yoxsa qərarını dəstəklədiyi Əli Kərimlinin bir ilki bacaracağına inanıb? Yaxud oturduğu Avropadan hansısa qüvvələrin günün birində çıxıb Əli Kərimlinin boykot qərarına dəstək verəcəyinə ümid edib? Hər halda Arif Məmmədov buna inanacaq qədər də sadəlövh təsiri bağışlamır. Bəs o zaman ortaq maraq nədir? Vətən təəssübü? Millət dərdi? Dövlətçiliyin müdafiəsi? Yoxsa... Məsələ də bu "yoxsa”dadır və bunu Əli Kərimli bir ipdə oynamaq istəyən Arif Məmmədov bilməmiş olmaz.

"Yurd” sədrinin status almaq istəyən "köməkçiləri”

Görünən odur ki, Əli Kərimli boykot qərarının daha çox adam tərəfindən dəstəkləndiyini xaricdəki bəzi qüvvələrin diqqətinə çatdırmaq üçün keçmiş səfridən (Arif Məmmədovdan) başlayaraq sıravi "fəallara” qədər bir çoxundan yararlanmaq niyyətindədir. Xaricdə onun sözünü müəyyən dairələrə çatdıracaq birilərinə ehtiyac var və bu biriləri keçmiş diplomat da ola bilər, heç kəsin, heç özünün tanımadığı biri də. Birinci ilə məsələ aydındır, onun xitab edə biləcəyi (onu oralarda dinləyəcəklər ya yox, bu başqa məsələdir-müəllif) dairələr də bəllidir. Amma Əli Kərimli işini bir nəfərə buraxacaq adam deyil. Ona hər kateqoriyadan köməkçilər lazımdır ki, bu zaman da ən yaxşı seçim həm də mühacirət arzusunu reallaşdırmaq üçün birdən-birə dönüb müxalif olanlardır. 

Avropada danışan dillər 

Sosial şəbəkələrə bir balaca göz gəzdirdik. Nədənsə xarici ölkələrdə mühacirət alanlardan daha çox, bu arzusunu hələ reallaşdıra bilməyənlər siyasi fəallıq edir. Sözümüz həqiqi mühacirlərə deyil, o kəslərdir ki, üzləşdikləri problemlərdən dolayı ölkəni tərk etmək məcburiyyətində qalıblar. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, hər kəsin istədiyi yerdə yaşamaq, istədiyini danışmaq haqqını tanıyırıq, amma əgər onlar həm də bizlərin-bu vətəndə qalanların adından danışmağa cəhd edirlərsə, bu haqqı onlara vermirik. Avropadan seçkini boykota çağırmaqla vətənə xeyirli ola biləcəklərinimi düşünürlər? Yoxsa kimsə onları buna inandırmağa çalışır? Suallar çoxdur və təəssüf ki, çoxuna cavab almaq mümkün deyil. Əli Kərimlinin boykot qərarını dəstəkləyənlər, hətta dəstəkləməklə kifayətlənməyib boykot çağırışı edənlər arasında hazırda xarici ölkələrdə olanlar xüsusi diqqət cəlb edir ki, maraq status almaq arzusunu reallaşdırmaqdır. Yoxsa bu adamlar üçün Əli Kərimli ilə ortaq heç bir fəaliyyət ola bilməz, necə ki, Azərbaycanda yaşadıqları, oxuduqları, işlədikləri zaman olmayıb.

Sosial şəbəkədəki hesabında qatı Əli Kərimli tərəfdarı və müxalif kimi görünən, bir gündə siyası fəala çevirmək arzusunu bu günlərdə Berlində azərbaycanlı mühacirlərin keçirdiyi "özünü təsdiq aksiyasında” da büruzə verən Elşən Abdullayev adlı birini sizcə, Azərbaycanın gələcək taleyi o qədərmi çox maraqlandırır? Bu ad-soyad sizə nəsə deyirmi? Almaniyaya getdikdən sonra qısa müddətdə "müxalifət sıralarına” qoşulan bu şəxsin facebook statuslarına, fotolarına baxanda "alovlu vətənpərvər” imicinin altındakı niyyəti görməmək mümkün deyil. Kiçik bir araşdırma göstərir ki, şəxs Beynəlxalq Universitetin gömrük işi fakültəsini bitirib. Bakıda "UniBank”da çalışıb, ancaq öz dediyinə inansaq, rəhbərliklə yola getmədiyinə görə işdən çıxarılıb. "İşdən çıxarılan adam nə etməlidir?” sualı üzərinə çox baş sındırmayıb və üz tutub Avropaya. Amma deyəsən, onun Avropa həvəsinin kökündə təkcə işdən çıxarılması dayanmır. Məlumatlara görə, prokurorluqda barəsində saxta sənədlərdə istifadə etmək maddəsi ilə cinayət işi də istintaq olunur. Hətta axtarışda olduğu, ölkəyə gələcəyi təqdirdə elə sərhəddəcə saxlanılacağı deyilir. Belə adam sizcə, tərk etdiyi ölkəsinə qayıtmaqmı istəyər, yoxsa getdiyi və ya gedə biləcəyi istənilən ölkədən sığınacaq alıb yaşamaqmı? İkinci variant hər halda daha ağlabatandır və Elşən Abdullayev də bu yolu seçib. Başlayıb "kəskin statuslar” yazıb like toplamağa. Bununla da yetinməyib, aksiyalarda iştirakla Almaniyadan status almağa nail olacağını düşünüb və maraqlıdır ki, facebook statusları da daha çox hazırda Fransada yaşayan, bitirdiyi Beynəlxalq Universitetin rektoru, adı qalmaqallarda hallanan və ölkəyə qayıdacağı təqdirdə qanunsuz əməllərindən dolayı həbs yolu görünən Elşad Abdullayev tərəfindən "bəyənilir”. İndi də Əli Kərimlinin boykot oyununa qoşulan saxta mühacirlərdən biridir. "Əli Kərimlinin Avropadakı danışan dilləri” sırasına qoşulmaqla həm də özünə birdəfəlik status təmin etməyə çalışan, əslində isə ölkəyə qayıtmağı özü üçün böyük təhlükə görən "mühacirlər”dən biri olan Elşən Abdullayev Berlin aksiyasından boy-boy fotolar paylaşmaqla kimə nəyi sübut etmək istəyir? Almanıyanın müvafiq dairələrinə siyasi səbəblərlə təqib edildiyini, Əli Kərimli və tərəfdarlarının güvəniləcək "tərəfdaş” olduğunu? Görəsən, həmin aksiyada əlində fotosunu tutaraq azadlıq tələb etdiyi Əfqan Muxtarlının adını aksiyaya hazırlaşmadan neçə gün əvvəl əzbərləyib? Görəsən, bilirmi ki, Berlində keçirilən aksiyanın oxşarı elə Bakıda, "Məhsul” stadionunda da dəfələrlə keçirilib və bu gün boykot qərarını dəstəklədiyi Əli Kərimlini heç olmasa, bir dəfə görmək üçün bu aksiyalardan birinə qatılmaq kifayət idi? Berlin aksiyasının Almaniyada mühacir statusu verən idarələrin bağlı qapılarını açmaq üçün təşkil edildiyi aydındır, Əli Kərimlinin boykot qərarına dəstəkləyən bir-iki Facebook paylaşımı isə bu yolu bir az da asanlaşdıra bilər. Yəni, qoymayın, ölkədə siyasi hüquqlarımız pozulur, biz müxalif olaraq seçkini boykot edirik, legitimliyi şübhə altına alırıq, bizim iştirak etmədiyimiz seçki keçirilə bilməz, Əli Kərimlinin boykot qərarına qoşuluruq və s. Bütün bunların yanında onlardan bir az da olsa, Azərbaycanı düşünməyi gözləyəcək qədər sadəlövh deyilik, hər halda "biət” etdikləri Əli Kərimli siyasətdə olduğu uzun illərdə bunu etməyibsə, ona Avropadan dəstək bəyanat və paylaşımları edənlərdən də gözləməyə dəyməz. 

Bu vətəni bizə buraxın!

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları