Yuxarı

Milli Şura Müsavatı qarışdırdı

Milli Şura Müsavatı qarışdırdı

Tofiq Yaqublunun vəzifəsini itirməsi münasibətləri daha da gərginləşdirəcək

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub. Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb. Buna səbəb Tofiq Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. T.Yaqublu mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Tofiq Yaqublu vəzifəsindən Milli Şura üzvü olmasına görə çıxarıldığı iddiasını təkzib etsə də, partiyadan sızdırılan məlumatlar bunu təsdiq edir. Əldə etdiyimiz məlumata görə həbsdən çıxdıqdan sonra başqan Arif Hacılı dəfələrlə T.Yaqubluya şuradan çıxması barədə xəbərdarlıq edib, lakin qarşı tərəf bu tələbləri geri çevirib. Rəhbərliklə arasında yaranmış narazılığa baxmayaraq, Milli Şuraya dəstəyini davam etdirən keçmiş başqan müavininin müəyyən vaxtlarda "Yurd” sədri Əli Kərimli ilə görüşməsi də Müsavat rəhbərliyinin səbr kasasını daşdırıb. Son nəticədə partiya rəhbərliyi tələblərə əməl etməyən başqan müavinini öz postundan uzaqlaşdırmaqla onu cəzalandırmaq qərarı verdi.

Əli Kərimlidən Müsavata zərbə

Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan 2013-cü ildə çıxıb. Həmin il Müsavat da daxil olmaqla şuraya üzv olan digər siyasi partiyalar seçkilərə Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə gedəcəkdilər. 

Lakin İbrahimbəyovun namizədliyinin qarşısında ciddi qanuni əngəllər olduğuna görə, bu plan baş tutmadı. Bundan sonra yeni namizədin kimliyi barədə müzakirələr başladı. Həmin vaxt Müsavat bu partiyanın o dönəm başqanı İsa Qəmbərin namizədliyini irəli sürdü. Əli Kərimli və tərəfdarları istisna olmaqla, şuraya daxil olan bütün üzv təşkilatlar Müsavatın bu təşəbbüsünü dəstəklədilər. Lakin Əli Kərimli şəxsi ədavətə görə bununla razılaşmadı və Cəmil Həsənlinin namizədliyini irəli sürərək İsa Qəmbərin namizədliyə gedən yolunun üzərinə əngəl çıxardı.

Əli Kərimlinin İsa Qəmbərin qarşısına alternativlə çıxması, Müsavatla yanaşı, digər siyasi təşkilatların narazılığı ilə qarşılandı. Bu, yeni namizədin seçilməsi prosesini uzatdı. Lakin  hansı yolla olursa-olsun İsa Qəmbərin namizədliyinə mane olmağı qarşısına məqsəd qoymuş "Yurd” sədri bütün vasitələrə əl ataraq Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Həmin vaxt o, Milli Şuranın Rusiyadakı qurucuları və spekulyatorlarını da araya qatmışdı. İsa Qəmbərin namizədlik iddiasının üzərindən xətt çəkən də bu oldu.

Qarşıdurma yeni mərhələdə

Əli Kərimli Cəmil Həsənlinin namizədliyinə nail oldu. Bundan sonra Müsavat Milli Şuraya verdiyi dəstəyin əsas hissəsini geri çəkdi. Əli Kərimli və Müsavat rəhbərliyi arasında gedən gizli "soyuq savaş” şuranın seçki fiaskosundan sonra üzə çıxdı. "Yurd”un daxildəki separat fəaliyyətinə etiraz olaraq, Milli Şuradan çıxan ilk təşkilat da Müsavat oldu. Bundan sonra tərəflər arasında münasibətlər tamamilə pozuldu. 

Əli Kərimliyə öz qərargahında iclas keçirməyə icazə verməyən Müsavat rəhbərliyi onun rəhbərlik etdiyi təşkilatla bütün əlaqələrini tamamilə dayandırdı. Bu, tərəflər arasında "söz davası”nı daha da qızışdırdı. Bir-birlərinə qarşı müxtəlif ittihamlar irəli sürən Müsavat və "Yurd” arasındakı qarşıdurma rəhbərlik səviyyəsinə qalxdı.

"Mehriban düşmənlər” arasındakı növbəti qarşıdurma keçən ilin son aylarında baş qaldırdı. Əli Kərimlinin mətbuata açıqlamasında Müsavat rəhbərliyini hakimiyyətə işləməkdə və Milli Şuraya xəyanət etməsinə cavab olaraq, qarşı tərəf də "Yurd” sədrini satqınlıqda ittiham etdi. Həmin dönəmdə bir neçə gün əvvəl postundan uzaqlaşdırılmış Tofiq Yaqubluya son xəbərdarlıq edildi ki, Əli Kərimli və Milli Şura ilə bütün əlaqələrini dayandırsın. Lakin keçmiş başqan müavini butələblərin heç birini yerinə yetirmirdi. Nəticədə Arif Hacılı onun partiyadakı işinə son qoymaq məcburiyyətində qaldı. Başqanın bu qərarının Müsavat və "Yurd” arasında olan gərginliyi bir qədər də artıracağına şübhə yoxdur.

Mənsur