Yuxarı

Dünyanı təşvişə salan 2023-cü il planı

Dünyanı təşvişə salan 2023-cü il planı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşünün səmərəli keçdiyini desə də, tərəflər PKK-ya münasibət məsələsində hələ ortaq mövqeyə gələ bilmir. Rəsmi Ankaranın "PYD terror təşkilatı ilə hərbi əməkdaşlığa son qoyun" tələbinə ABŞ müsbət cavab verməyib. Ona görə də Türkiyə rəhbərliyi Amerikanın rəyini nəzərə almadan bir daha Menbiçdə PKK-ya qarşı hərbi əməliyyatlara başlayacağını bəyan edib. Ərdoğan hakimiyyətinin belə bir addım atması sözsüz ki, ABŞ-la münasibətlərdəki gərginliyi bir qədər də artıra bilər. 

Qeyd edək ki, ABŞ-ın Menbiçdə səkkiz hərbi bazası yerləşir. Ona görə də Vaşinqton PKK-ya qarşı hərbi əməliyyatların İŞİD-ə qarşı mübarizəni zəiflədəcəyini iddia edir. Bir sıra siyasi müşahidəçilərin fikrincə, Birləşmiş Ştatların hərbi bazaların təhlükəsizliyi ilə bağlı Türkiyə ilə anlaşma əldə etməsi o qədər də çətin deyil. Yəni Türkiyə hərbi bazaların təhlükəsizliyinə zəmanət verəcəyi təqdirdə, ABŞ Menbiç əməliyyatına razılıq verə bilər. 

ABŞ-ı narahat edən əsas məqam Menbiçin cənubunda və Deyr əz-Zor bölgəsində neft və qaz yataqlarına nəzarəti itirmək ehtimalı ilə bağlıdır. Belə ki, PYD/YPG terror təşkilatı ABŞ-ın Suriyanın şimal-şərqinə nəzarəti əlində saxlamaq baxımından ən yaxın tərəfdaşı sayılır. Türkiyənin bu qruplaşmanın mövcudluğuna son qoyması ABŞ-ın mühüm təsir vasitələrindən birini itirməsi deməkdir. Bu da öz növbəsində, neft və təbii qaz yataqları ilə zəngin bölgədə Rusiyanın, Türkiyənin və İranın mövqeyini gücləndirə bilər. Rəsmi Ankara isə ABŞ-ın enerji maraqlarına mane olmaq istəmədiyinə Vaşinqtonu inandırmağa çalışır. Ərdoğan iqtidarı bildirir ki, Türkiyə üçün ən vacib məsələ dövlət sərhədlərinin təhlükəsizliyidir. Tillersonun Ankaraya səfəri ərəfəsində ABŞ-ın Menbiçdə Türkiyəyə öz sərhədlərindən cənuba doğru 17 km ərazini terrorçulardan təmizləməyə icazə verəcəyinə dair informasiyalar yayılmışdı. Lakin son məlumatlar bu istiqamətdə hələ ciddi irəliləyiş əldə olunmadığını göstərir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın bu mövqeyinə daha sərt cavab verib. Dövlət başçısı bildirib ki, hərbi əməliyyatlarının yolunu kəsən ABŞ əsgərlərinə "Osmanlı şapalağı" dəyə bilər. Türkiyədə xalq arasında belə bir tarixi inam yaranıb ki, açıq ovucla vurulan bu şillə adamı öldürə bilir. Lakin Ərdoğanın şapalaq hədəsi dərhal ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert tərəfindən cavablandırılıb. 

Ancaq ekspertlərin fikrincə, Ərdoğanın "Osmanlı tokatı” (Osmanlı şapalağı) ifadəsini işlətməsi təsadüfi deyil və sadəcə, bir hədələmə mənasını ifadə etmir. Əslində, Ərdoğanın bu mesajının arxasında Osmanlı imperiyasının Birinci Dünya Müharibəsindən sonra itirdiyi əraziləri geri qaytarmaq siyasəti dayanır. Hakim Ədalət və İnkişaf Partiyasının neoosmançılıq ideologiyasına və "Yeni Türkiyə” modelinə əsaslanan bu regional siyasət Osmanlı imperiyasına vaxtilə daxil olmuş bölgələrdə Türkiyənin geosiyasi nüfuzunu bərpa etmək məqsədi daşıyır. Prezident Ərdoğanın hakimiyyətdə qalması bu baxımdan ABŞ başda olmaqla Qərbin Yaxın Şərqdəki geostrateji maraqlarına problem yaradır. Ərdoğanın bu siyasəti müstəqil kürd dövlətinin yaradılması yolunda ən ciddi maneə sayılır. Ona görə də Qərb AKP liderinin hakimiyyətdən getməsində maraqlıdır. Türkiyə prezidenti 2023-cü ilə qədər qeyd edilən məqsədə nail olmağa çalışır. Əgər R.T.Ərdoğan 2019-cu ildə yenidən prezident seçilərsə, 2023-cü ildə, yəni Türkiyə Cümhiriyyətinin qurulmasının və hazırkı dövlət sərhədlərinin müəyyənləşdiyi Lozanna müqaviləsinin 100-cü ildönümündə Osmanlı sərhədlərinin bir hissəsini yenidən bərpa edə bilər. Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da məhz bu amili nəzərə alaraq, qarşıdan gələn seçkilərdə Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləmək qərarına gəlib. Çünki 100 ildən sonra Lozanna müqaviləsinin qüvvədən düşməsi Türkiyəyə bir sıra əraziləri geri qaytarmaq şansı yaratmış olar. Ərdoğanın da ABŞ əsgərinə "Osmanlı şapalağı” vuracağı barədə ifadəsi məhz həmin anlama gəlir. 

"Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Osmanlı imperiyasının tarixi ərazilərinin bərpa ediləcəyinə dair yaylan məlumatlar şayiə xarrakterlidir. Lakin 2023-cü il Türkiyənin dövlət siyasətində tarixi və strateji əhəmiyyətinə görə mühüm mərhələ sayılır. Ona görə də rəsmi Ankara qeyd edilən dövrə qədər siyasi və iqtisadi sahələrdə ciddi dönüş yaratmağı qarşısına məqsəd qoyub:

"Lozan müqaviləsində Osmanlı imperiyasına aid ərazilərin, o cümlədən, Mosulun və Kərkükün 100 ildən sonra geri qaytarılmasına dair hər hansı razılaşma yoxdur. Bu barədə deyilənlər şayiədir. Amma beynəlxalq hüquqda belə bir qayda var ki, beynəlxalq müqavilələr yüz il müddətinə bağlanılır. 2023-cü ilin qabardılmasına gəldikdə isə bu tarix Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir. Bununla əlaqədar ola bilsin ki, Osmanlı torpaqlarının geri qayıdacağına dair əfsanəvi məlumatlar yayılmağa başlayıb. Belə şayiələr var ki, Lozan müqaviləsnin müddəti 2023-cü ildə başa çatdıqdan sonra Türkiyə itirilmiş təbii sərvətlərini, yəni neft, qaz yataqlarını yenidən əldə etmək imkanı qazanacaq. Amma bunlar gerçəkliyə uyğun olmayan xəbərlərdir. Sadəcə olaraq, bu, Türkiyə Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar yaranmış ajiotajın nəticəsidir. Bir amili nəzərə almaq lazımdır ki, söhbət yalnız türk dünyasının deyil, bütövlükdə İslam aləminin əsas dövlətlərindən birinin qurulmasının 100-cü ili tamam olur. Türkiyə Yaxın Şərqdə siyasəti və ümumiyyətlə, ənənəsi olan bir ölkədir. Bu mənada 100 illiyi yaxınlaşan bir ölkənin hədəfləri və məqsədləri də böyüyür, bu istiqamətdə də addımlar atılır. Bunun yalnız AKP iqtidarının siyasəti olduğunu düşünmürəm. Türkiyədə hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, 2023-cü il həmişə vacib məqam kimi qeyd ediləcək. Çünki bu, həm də bir hesabat məsələsidir. 1923-cü ildə qazi Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdiyi zaman yoxdan bir dir dövlət yaratdı. Həmin dövrdə Antanta İttifaqına qarşı aparılan hərbi savaşlar, dünyanın 20-yə yaxın dövləti ilə qarşı-qarşıya gəlmək ölüm-qalım məsələsi idi. Bütün bu mücadilənin fonunda Türkiyə Cümhuriyyəti meydana çıxdı. Türkiyə 2023-cü ilə qədər sürətli iqtisadi inkişafa nail olmağa, iqtisadi nöqteyi-nəzərdən maksimum Qərbdən asılılığına son qoymağa çalışır. Artıq buna müəyyən qədər nail olunub. Türkiyə Yaxın Şərqdə ən fəal və dinamik siyasət yürüdən ölkədir. Eyni zamanda, Türkiyənin Rusiya ilə münasibətlər fonunda post-sovet məkanında fəal xarici siyasət yürütməsi, istər İran, İraq kimi qonşu ölkələrlə münasibətlər baxımından fəal diplomatiya yürütməyə başlayıb”. 

"Türkiyə bu məqsədə xeyli yaxınlaşıb”

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bu yaxınlarda deyib ki, ölkəsi İranın şimalından Aralıq dənizi sahilinə qədər 1175 km-lik kürd dəhlizinin yaradılmasına imkan verməyəcək. Artıq rəsmi Ankara bu istiqamətdə başladığı hərbi və xarici siyasət fəaliyyətini 2023-cü ilə qədər tamamlamaq iddiasındadır. Bu proses müsbət nəticə verərsə, Ərdoğan iqtidarının Türkiyə Cümhuriyyətinin bir əsrlik ilk dönümünün tamam olduğu bir tarixdə Osmanlı imperiyasının bir sıra ərazilərini geri qaytara biləcəyinə dair rəylər yaranıb. Vüqar Zifəroğlu hesab edir ki, Türkiyə  bu məqsədə xeyli yaxınlaşıb. Ancaq Yaxın Şərqdə marağı olan geosiyasi güc mərkəzlərinin, xüsusilə də Qərbin ciddi müqaviməti ilə qarşılaşacaq: 

”Fərat qalxanı” əməliyyatının da ən birinci məqsədi Aralıq dənizinə çıxış əldə etməyə çalışan kürd terrorçularının Suriyanın və İraqın şimalı boyunca dəhlizin yaradılmasının qarşısını almaq idi. Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 2000 kv km-dən çox ərazini terrorçulardan azad etməklə bu təhlükənin qarşısını aldı. Afrin əməliyyatının keçirilməsinin məqsədi isə azad edilmiş ərazilərə təhlükə yaradan separatçı qruplaşmaları zərərsizləşdirmək idi. Afrində həyata keçirilən əməliyyatın ikinci hissəsi çox uğurla baş tutdu. Üçüncü mərhələ kimi isə Menbiçin azad olunması nəzərdə tutulur. Burada hədəf Suriyanın bütün şimalının və İraqın şimalına doğru digər ərazilərin terrorçulardan təmizlənməsindən ibarətdir. Təbii ki, Türkiyə Qərb dövlətlərinin bu prosesə qarşı ciddi müqaviməti olacaq. Çünki Qərb ciddi geostrateji əhəmiyyətə malik bir ərazinin Türkiyənin nəzarəti altına keçməsini istəmir. Amma Türkiyə də hədəflərinə doğru inamla irəliləməyi bacarır. Bu tam mümkün olmasa da Türkiyə bir çox əraziləri azad edə biləcək. Türkiyə 1970-ci illərdən terrorçuluqdan əziyyət çəkir. Bu amildən separatizm məqsədilə Türkiyənin əleyhinə istifadə olunur. Hazırda bu separatizmin kökünü kəsmək üçün Türkiyənin əlinə imkan düşüb. Ən azı Türkiyə separatizmə ciddi zərbə vuracaq və ölkənin həm sərhədlərində, həm də daxilində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün ciddi şərait yarada bilər”. 

Müşfiq Abdulla