Yuxarı

Əli Kərimlinin məhbus taleləri üzərində qurduğu "piar"

Əli Kərimlinin məhbus taleləri üzərində qurduğu

Ənənəvi müxalifətin dezinformasiya şəbəkəsi zaman-zaman müxtəlif fəndlərdən istifadə edib. Bəzən ictimai rəyi azdırmaq, bəzən cəmiyyətdə müəyyən narazılıq yaratmaq üçün müxtəlif yalan xəbərlər dövriyyəyə buraxılır. Bir neçə gün öncə "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid özünün Facebook səhifəsində AXC hakimiyyəti zamanı Gədəbəyin icra başçısı olmuş, bu yaxınlarda həbs olunmuş Saleh Rüstəmovun təcridxanada öldüyünə dair məlumat yaymışdı. Bu xəbər yalan çıxınca, "Yurd”un dezinformasiya maşını bu dəfə başqa məlumat yaydı. Guya həbsdə olan həmin məhbusa işgəncə verilirmiş. Qənimət Zahidin heç bir əsası olmayan bu cür yalan məlumatları kimin diktəsi ilə yaydığı da məlumdur. "Yurd” sədri Əli Kərimlinin əlinə oynayan bu məlumatlar xüsusi tapşırıqla və məqsədlə tirajlanır.

Ancaq artıq ənənəvi müxalifət cəbhəsindən atılan bu cür addımlara öz daxillərindən də etiraz gəlir. Etirazların hədəfi isə birbaşa Qənimət Zahid olsa da, dolayısı yolla həm də bu işi gördürən Əli Kərimlidir. Ümumiyyətlə, hər hansı bir şəxs haqqında dəqiq bilmədən, öz siyasi maraqların üçün yalandan ölüm xəbəri yaymaq heç bir siyasi əqidəyə, əxlaqa, ədəb qaydalarına sığmır. İlk olaraq bu həmin insanın ailəsinə qarşı cinayətdir. Görünən odur ki, həbsdə olan birinin ölüm xəbərinin yayılmasının ailə üzvlərinə verdiyi stress, yaşatdığı həyəcan Əli Kərimli dəstəsinin marağında deyil. Onlar ancaq gələn tapşırıqların icrası ilə məşğul olurlar. Nəzərə alsaq ki, haqqında yalan xəbər yayılan insanların ailələri də bu məlumatları oxuyur, o zaman insanlarda narahatlıq yaradan bu cür yoxlanılmamış, yalan məlumatların yayılması nə dərəcədə doğrudur? 

Təbii ki, bizim üçün bu sualın cavabı aydındır. Bu adamlar qarışıqlıq salmaq, cəmiyyətdə ajiotaj yaratmaq məqsədi güdürlər. Lakin bu tip xəbərlər öz əleyhlərinə işləyir. Çünki cəmiyyət bu tip yanaşmanı - insanların taleyindən, həyatından siyasi maraqlar naminə istifadə etməyi qəbul etmir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında bu tip yalan məlumatların yayılmasını pislədiyini deyib: 

"Bu məsələdə məsuliyyət daşıyan tərəfin kim olduğu aydındır. Əslində yaxşı olardı ki, siyasi həbslər olmasın. Bu zaman heç kim ondan siyasi maraqları üçün istifadə etməzdi, belə yanlış informasiyalar ötürməzdi. Lakin həbslər olsa belə, bu tip yanlış, şişirdilmiş informasiyaların yayılması doğru deyil. Bunu məqsədli şəkildə edirlər.

Kiminsə yalan informasiya yaymasını dəstəkləmirəm. Amma qeyd etdiyim kimi, bütün bunlar onların cəmiyyətə, siyasi fəallara, onu dəstəkləməyənlərə, real müxalifətə olan aqressiyasıdır.Birmənalı olaraq bu cür yanaşmaları pisləyirik”.

Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli isə hesab edir ki, hüquqi prosedurları asanlaşdırmaqla bu cür problemlərin qarşısını almaq olar: 

"Həbs olunanlarla əlaqədar yalan xəbərlərin yayılmaması üçün Daxili İşlər Nazirliyi rəsmi açıqlama verməlidir. Məhbuslara vəkilləri və yaxınları ilə görüş imkanları yaradılmalıdır. Yuxarıda qeyd etdiyim məsələlər həll edilməyənə qədər bu cür məlumatlar olacaq. Mən həbsdə olanda mənimlə bağlı bir dəfə səhv məlumat getmişdi. Bir hüquq müdafiəçisi tərəfindən bildirilmişdi ki, guya mən silahla tutulmuşam. Bu cür məsələlərin olmaması üçün gərək istintaq vəkillər və ailələrə hər zaman ittiham olunan kəslərlə görüşmək, ünsiyyət qurmaq imkanları yaratmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları