Siyasi
düşərgədə 9 fevral parlament seçkilərinə ciddi hazırlıq
gedir. Erkən seçki media və sosial şəbəkələrdə kifayət qədər fəallığa səbəb olub. Xüsusilə də vətəndaşların fəallığı kifayət qədər hiss olunur. Qeyd edək ki,
növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 20 partiya Mərkəzi
Seçki Komissiyasına (MSK) müraciət edib. Artıq növbədənkənar parlament seçkilərində iştirak etmək üçün
sənəd vermiş 20 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınıb.
Seçkilərdə namizəd kimi iştirak etmək üçün indiyə qədər 1329 nəfər müraciət edib. Rəsmi məlumata görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1,056 min nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 1,042 min nəfər qeydiyyata alınıb. Onlardan 829 nəfəri imza vərəqələrini artıq götürüb. Bununla yanaşı, sosial şəbəkələrdə və media hər gün bir çox şəxs namizəd olacağını açıqlayır. Maraqlıdır, seçkilərdə seçici aktivliyi olacaqmı? Siyasi partiyalar bu seçkidən nə gözləyir?
Vüsal Qarayev: "İnsanların beynində yaradılan "yalnız filankəslər deputat ola bilər” baryeri uçub”
Azərbaycan
Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat
Xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, seçkilərlə bağlı aktivlik var, vətəndaşlarda müəyyən ümidlər yaranıb: "Hər zaman seçkinin istər bir siyasi partiyanın, istər cəmiyyətin siyasi aktivliyində önəmli rol oynadığını vurğulamışıq. Nəticədən asılı
olmayaraq. Məsələn, son bələdiyyə seçkilərində kifayət qədər
neqativ hallar oldu və bunlar mediada işıqlandırıldı. Bəli, bu seçki də
gözləntilərimizi doğrultmadı. Amma həm də bu
dəfə insanlar haqqsızlıqlara qarşı çıxdılar, səslərini
tələb etdilər. Bu seçkidə media da özünü göstərdi, müəyyən maneələr olsa da,
seçki prossesini işıqlandırdı, neqativləri göstərdi. Bu seçkilərdə insanlarda
"mən də namizəd ola bilərəm” deyə bir inam, həvəs yarandı. Diqqət edin, parlament seçkilərinə nə qədər ictimai-siyasi
ağırlığı olmayan sıravi vətəndaş
namizəd olur, olmaq istəyir. Bu o deməkdir ki, insanların
beynində yaradılan "yalnız filankəslər deputat ola bilər” baryeri uçub. Artıq insanlar konstitusiyada qeyd edildiyi kimi, hər bir
vətəndaşın bələdiyyə, millət vəkili olacağına
inanmağa başlayırlar. Bu çox müsbət haldır.
Eyni zamanda bu bir təcrübədir. İnsanlar
gördülər ki, baş verən qanusuzluqları gizlətmək
mümkün olmadı, media sərbəst şəkildə seçkini
işıqlandıra bildi, neqativləri göstərdi. Artıq
seçkini saxtalaşdırmaq çətinləşir. Vətəndaş seçkiyə kütləvi
şəkildə qatılsa, hər kəs öz səsinin arxasında dursa saxtalaşdırma da çətinləşəcək. Artıq oyanış hiss olunur. Evdə oturub, heç bir şey etmədən,
"saxtakarlıq olacaq seçkiyə getmə”
deməkdən bir fayda gəlməz. İllərdir bu
yanaşmadan fayda gəlməyib zatən. Seçkidə iştirak etmək, haqqını tələb etmək vacibdir. Halva-halva deməklə ağız şirin olmur. Demokratiya, şəffaflıq istəyiriksə, bunu sivil yolla əldə etməliyik. Yeganə
sivil yol isə seçkidir”.
Sərdar
Cəlaloğlu: "Görünən odur ki, seçki vaxtı da vətəndaşların aktivliyi çox aşağı səviyyədə olacaq”
Azərbaycan
Demokrat Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlu isə seçki prosesinin passiv keçdiyini
deyib: "Əslində, seçki prosesində fəallıq
yox, passivlik var. Vətəndaşlar imzatoplama
kampaniyasında demək olar ki, iştirak etmək istəmir, imtina edir. Namizədlərin
çoxluğu isə seçki bataqlığı yaratmaq üçündür. Su nə qədər bulanıq olsa, orada balıq tutmaq daha asan oldu. Ona görə
də düşünmürəm ki, ölkədə seçki fəallığı var. Mərkəzi
Seçki Komissiyası da seçkiqabağı fəallığın artması üçün heç bir iş görmür. Dövlət orqanları seçki ilə bağlı öz üzərinə
düşən işi yerini yetirmir. Vətəndaşların seçkidə ativ iştirakı ilə bağlı heç bir təşviqat işi görülmür. Ona görə də demək olmaz
ki, ölkədə seçki fəallığı var. Əksinə,
olduqca passiv proses keçir. Vətəndaşlar seçki kampaniyasında da iştirak etmək
istəmir. Görünən isə odur ki, seçki vaxtı da səsvermədə
iştirak edən vətəndaşların aktivliyi çox aşağı səviyyədə olacaq”.
İqbal
Ağazadə: "Seçkinin aktivliyi namizədlərin qeydə alınmasından sonra bəlli olacaq”
Ümid
Partiyasının sədri İqbal
Ağazadə isə deyib ki, seçkinin aktivliyi namizədlərin qeydə
alınmasından sonra bəlli olacaq.
Vilayət
Muxtar