Yuxarı

İran iki nöqtədən vurulur: Bir prezident qurban getdi

İran iki nöqtədən vurulur: Bir prezident qurban getdi

İran iki nöqtədən vurulur: Bir prezident qurban getdi

İraq Prezidenti Bəhram Salehin istefa verməsi ölkədə hakimiyyət böhranına səbəb ola bilər. 

Baş nazir Adil Əbdül Mehdinin ardınca Prezidentin də öz vəzifəsini tərk etməsi ölkənin idarəetmə sistemində ciddi boşluq yaradıb. İndi bütün məsuliyyət parlamentin üzərindədir. İraq Nümayəndələr Şurası həm yeni baş naziri, həm də növbəti prezidenti seçməlidir. Əks təqdirdə, İraqda oktyabrın 1-dən bəri davam edən siyasi qarşıdurmanın dərinləşəcəyi gözlənilir. Ancaq mövcud vəziyyətin təhlili İraqda sabitliyin tezliklə bərpa olunacağını şübhə yaradır. Bu da etirazçılarla İraq hökuməti arasında fikir ayrılığının davam etməsi ilə bağlıdır. 

Sosial tələblərlə başlayan aksiyalar hazırda sırf siyasi xarakter alıb və İranın İraqın daxili işlərinə müdaxiləsinə qarşı yönəlib. "İran, rədd ol!” şüarları ilə keçirilən nümayişlərdə faktiki olaraq, İrana bağlı silahlı qüvvələrlə yerli əhali arasında toqquşmalar gedir. Bu səbəbdən də etirazçılara Bəsrə əyalətinin qubernatoru Əsəd əl-İdaninin İrana bağlı şəxs olmasını əsas gətirərək namizədliyinə etiraz edib. Bəhram Saleh də məhz Əsəd əl-İdaninin namizədliyinə etiraz etdiyi üçün istefa verdiyini bəyan edib. 

Aksiyaların güclənməsinə baxmayaraq, İran İraqdan çıxmamaq üçün müqaviməti davam etdirir. Çünki İraq rəsmi Tehran üçün Suriya, Livan və "Hizbullah”la birbaşa quru əlaqəsi yaratmaq üçün geosiyasi körpü rolu oynayır. Eyni zamanda, həmsərhəd ölkə kimi İraq ABŞ-dan və İsraildən müdafiə olunmaq üçün bufer zona rolunu oynayır. Yəni düşməni yaxın xaricdə qarşılamaq üçün İraq İran rejimi üçün geostrateji əhəmiyyətə malikdir. Ən mühüm səbəblərdən biri isə islam dünyasının mühüm ideoloji mərkəzləri olan Kərbəla və Nəcəf şəhərlərinin İraqda yerləşməsidir. İran həmin şəhərlər üzərində nəzarəti ələ almaqla şiə aləmində siyasi və ideoloji üstünlüyünü tam təmin etməyə çalışır. Bura İran-ABŞ qarşıdurması, Tehran rejimininin Şimali İraqda müstəqil "Kürdüstan” dövləti layihəsinə qarşı mübarizəsi, sünni icmasının İranı qəbul etməməsi kimi amilləri əlavə etdikdə, sitasiya xeyli gərgin görünür. Ona görə də İraqda baş verən qarşıdurmaların artacağı ehtimal olunur. 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İraqda baş verən hadisələri təhlil edərkən xarici və daxili amillərin təsirini nəzərə almaq lazımdır:

"Xarici amilin iki tərəfi var. Bunlardan biri İran, digəri ABŞ-dır. Ərəblər ABŞ-ın mövqeyindən çıxış edir. Daxili amil isə İraqın şimalındakı kürd siyasilərinin təzyiqləridir. Bundan başqa, dini liderlərin təzyiqləri, o cümlədən Ayətullah Sistaninin müdaxiləsi də proseslərə mühüm təsir göstərir. Belə bir situasiyada İraqda siyasi vəziyyət bulanıq görünür. Yeni hökumət başçısının müstəqil, heç bir siyasi qüvvəyə balı olamayan şəxs olmasını tələb edirlər. Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Əsəd əl-İdani bu şərtlərə cavab vermədi. Hökumətin ölkədə sabitliyin təmin olunmasına çalışsa da nəticəyə nail ola bilmir. Deməli, İraqda baş verən hadisələrin əsasında bu ölkənin şimalındakı qüvvələr dayanır. Bu qüvvələr İranın təsiri altında olan siyasi dairələrin İraqda hakimiyyətdə olmasını istəmir. Eləcə də, İraqda İranın hərbi bazasının və hərbi nüfuzunun olmasına qarşı çıxırlar. Eyni zamanda, məsələnin digər tərəfi İraqda sünni təqirətinə mənsub əhalinin yaşadığı ərazilərdə neft yataqları uğrunda mübarizənin davam etməsidir. İraqda baş verən hadisələrin arxasında neft uğrunda mübarizənin dayandığı da istisna edilmir. Prezidentin istefasından sonra İraqda hadisələrin mümkün inkişafı ilə bağlı proqnozlar belədir-parlament buraxıla bilər və növbədənkənar seçkilər keçirilə bilər. Ölkəıdə narazılıq yalnız sosial məsələlərlə bağlı deyil. 2018-ci ilin payızında İraqın şimalındakı qurum öz məqsədinə nail ola bilmədi. Ona görə də Şimali İraq Muxtariyyəti ölkədə əsas söz sahibi olduqlarını göstərməyə çalışır. İraqda qarışıqlığın yaranması həmin separatçı qüvvələrin maraqlarına cavab verir. İraqın mərkəzi və cənub hissələrində sabitliyin pozulması onlara şimal ərazilərdə öz istədikləri sistemi tətbiq etmək imkanı yaradır. Bu baxımdan, İraqda yaxın zamanlarda hadisələrin səngiyəcəyi və hökumətin yaranmış vəziyyətdən çıxış yolu tapacağı inandırcı görünmür. İraqın İranla birbaşa sərhəddi var. Ona görə də İranın asanlıqla İraqda çıxacağını söyləmək çətindir. İraqda PKK-nın terrorçu dəstələri var. Onların da tezliklə İraqı tərk edəcəyi real deyil. Bu mövqelər və baxışlar arasında ortaq məxrəcin tapılması mümkün görünmür. Bu səbəbdən də yəqin ki, yaxın aylarda İraqda vəziyyət gərgin olaraq qalacaq. Hətta yeni parlament və prezident seçkiləri keçirilsə belə, tərəflərdən birinin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə, yeni etiraz dalğası başlaya bilər”.

Sədrəddin Soltanın sözlərinə görə, İran İraqda üstün mövqeyə malik olsa da, rəsmi Tehrana bağlı olmayan siyasətçini hakimiyyətə gətirmək mümkündür. 

"Ayətullah Əli Sistaninin hadisələrə müdaxiləsi İranın İraqdakı nüfuzunun yüksək olmadığını göstərdi. Yəni İraqda Sistaniyə bağlı və ya Amerikayönlü şiələrdən hökumət başçısı seçmək mümkündür. Amma yeni baş nazir İran tərəfini qane etməyəcək. Bu baxımdan, əsas İranı İraqsılaşdırmaqdır. Belə ki, İranı İraqdan öz sərhədlərinin daxilinə sıxışdırmaqdlır. Əks təqdirdə, İraqda hadisələr gərginləşəcək. Çünki İran İraqdan ABŞ-a qarşı təsir vasitəsi kimi istifadə edir. ABŞ-ın dünyada ən böyük səfirliyi Bağdaddadır. Ona görə İranın İraqdan tezliklə çıxacağı inandırıcı görünmür. Əgər İran və ABŞ arasında anlaşma yaranarsa, İraqda sabitlik təmin oluna bilər”.

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları