Yuxarı

Güney bu gün: "Azərbaycan qızılını fars bölgələrinə daşıyırlar”

Güney bu gün:

Güney bu gün: "Azərbaycan qızılını fars bölgələrinə daşıyırlar”

İranda Güney Azərbaycan türklərinə təzyiqlər davam edir.

Milli kimlik və ana dili uğrunda mübarizə aparan siyasi fəallar həbsə atılır, onlara işgəncə verilir, bəzən də müəmmalı ölümlərlə aradan götürülür. Bu azmış kimi mərkəzi hakimiyyət Güney Azərbaycan şəhərlərinin, kəndlərinin iqtisadi dirçəlişini istəmir, bu bölgələrə dövlət büdcəsində az vəsait ayrılır. İran kütləvi informasiya vasitələri açıq-aşkar Güney Azərbaycanda istehsal olunmuş məhsullara qarşı anti-reklam kampaniyası aparırlar.

Bu günlərdə İran dövlət televiziyasında Azərbaycan məhsulu olan "Liqvan” pendirinə qarşı qara piar aparıb. Fars aparıcı bu məhsulun sanitariya normalarına cavab vermədiyini bildirib. Fars bölgələrində istehsal olunan "Mihən” pendirini tərifləyib.

"Cümhuriyət”ə açıqlamasında Türkiyədə yaşayan güneyli milli fəal Məhsa Mehdili İran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətindən danışıb:

"İran mərkəzi hakimiyyətinin siyasətinin ana xətti fars şəhərləri ilə nisbətdə Güney Azərbaycan şəhərlərinə daha az vəsait ayırmaq etmək olub. Çalışıblar ki, maddi dəstək və inkişaf proqramlarını fars bölgələrinə yönləndirsinlər. Məsələn, Urmiya, Ərdəbil, Zəncan, Təbriz kimi Güney Azərbaycan şəhərlərinə az vəasit ayrılır. Dövlət büdcəsindən fars şəhərlərinə bizim şəhərlərdən 30-40 dəfə daha artıq vəsait ayrılır. İsfahan, Şiraz, Məşhəd gündən-günə abadlaşır, bizim bölgələr isə geri qalır. Çünki bizim bölgələrə yatırım qoyulmur. İran hakimiyyətinin çıxardığı statistik göstəricilər də sübut edir ki, Azərbaycan şəhərlərində xüsusi şirkətlərin qurulması çətinləşdirilir. Onlara bir sıra problemlər yaradıldığı üçün yatırımçılar fars bölgələrinə meyl edirlər. Çünki fars şəhərlərinə cəlb olunmaları üçün orada onlara güzəştlər də edilir. Təki onlar öz yatırımlarını Azərbaycan şəhərlərinə etməsinlər. Bununla bərabər təzyiqlərə baxmayaraq, Azərbaycan şəhərlərinə yatırım edib iş quranlar da var. Onlar imkanları daxilində önəmli işlər görüb və bəzi Azərbaycan markaları istehsal ediblər. Amma Məşhədlə, Tehranla müqayisədə dövlət tərəfindən eyni dəstəyi görmədikləri üçün müəyyən qədər onlardan geri qalıblar. Yəni o fars şəhərlərinə sərmayə qoyanlara dövlət daha çox dəstək ayırır. Hələlik sonuncu addım da olaraq "Liqvan” pendirini sıradan çıxarmağa çalışdılar və dövlət televiziyasında xalqı "Mihən” pendiri almağa səslədilər. Bir məhsulun reklamı normaldır. Amma bir məhsulu pisləyib, digərini tərifləmək doğru deyil. "Liqvan” pendiri sadəcə, bir brend deyil, eyni zamanda Azərbaycanı tanıdan yerli məhsulumuzdur və uzun müddətdir ki, xalq sevə-sevə bundan istifadə edir. İndi fars rejimi Azərbaycan bazarına girmək və onu ələ almaq üçün "Liqvan”ı pisləyib "Mihən”i tərifləyirlər”.

Məhsa Mehdili deyib ki, bu cür hallar əvvəllər də olub. Amma hakimiyyət həmişə azərbaycanlıların sərt etirazı ilə üzləşib:

"Hətta "Mihən” markası Azərbaycanda boykot edilib. Burdan da önəmli nüansların olduğu görünür. Əvvəl fars rejimi Azərbaycan türkünün mədəniyyətini, hürriyyətini, milli kimliyini əlindən almağa, sıradan çıxarmağa bağlayırdısa, indi bunlardan başqa vasitələrə də əl uzadıblar. İndi Azərbaycan türkünü assimiliyasiya etdirmək üçün onun iqtisadiyyatını da çökdürməyə və sıradan çıxarmağa çalışırlar. Milli fəallarımız da bunu dərk edir. Bundan qabaq da fərqli təzyiqlər olub. Azərbaycanın qızıl mədənləri var. Çox qiymətli sərvətləri olan mədənləri var. Azərbaycandan onları daşıyıb fars şəhərlərində qurulan fabriklərdə emal edirlər. Hətta Güney Azərbaycan ərazisində bir fabrik qurmaq istəmirlər ki, öz ərazimizdən gələn xeyir, öz inkişafımıza sərf olunsun. Millət artıq oyanıb və onun çöküşünü istəyənin İran hakimiyyəti olduğunu anlayır. Bu çox önəmlidi”.

Əli Bədir





Həftənin ən çox oxunanları