Yuxarı

Ölkələr ÜST-dən niyə çıxır? - "İnsanların taleyi ilə oynaya bildi"

Ölkələr ÜST-dən niyə çıxır? -

Ölkələr ÜST-dən niyə çıxır? -

Dünyada koronavirus epidemiyasının yayılmasında ikinci yeri tutan Braziliya Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər.

Braziliya prezidenti Jair Bolsonaru bununla bağlı təşkilata xəbərdarlıq edib:

"Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər. Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəcək, ya da biz bu təşkilatdan ayrılacağıq”.

Qeyd edək ki, Braziliyada 614 min nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 34 min nəfərdir.

Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp analoji addım atıb. O, mayın 19-da Ümumdünya Səhiyyə Təşkilatını Cin qarşısında hərəkət müstəqilliyinə malik olmamaqda ittiham edərək, ABŞ-ın bu beynəlxalq təşkilatdakı üzvlüyünü ləğv edəcəyilə hədələmişdi. Donald Tramp həmçinin Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılmasına reaksiya verməkdə aciz qaldığını elan etmişdi. O, BMT-yə bağlı olan ÜST-ü Çinin tərəfini saxlamaqda günahlandırıb və deyib ki, bu təşkilat koronavirusun episentri olan Çinin Uhan şəhərində baş verənlər barədə həqiqətləri bəyan etməyib. Trampın fikrincə, ÜST koronavirusla bağlı yanlış məlumatlar yayıb və ABŞ-ın Çindən gələn sərnişinlərin girişinə qadağa qoymasına qarşı çıxıb.

Mayın sonunda ABŞ prezidenti ölkəsinin ÜST- dən çıxdığını və bu təşkilatla bütün əlaqələrini kəsdiyini elan edib. Prezident Təşkilatı lazımi islahatları həyata keçirə bilməməkdə ittiham etsə də, onun qərarı ABŞ-da birmənalı qarşılanmadı. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampın ÜST-nı tərk etməyə dair qərarını pisləyərək, bunu mənasız adlandırıb. ABŞ Dövlət katibi Mayk Pompeo isə bu qərardan əvvəl koronavirusun yayılmasının öhdəsindən gələ bilmədiyi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ qurum yaradacaqlarını istisna etməmişdi:

"Vəzifələrini yerinə yetirmədiyi təqdirdə ÜST-nin yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir”.

ÜST-dən isə Donald Tramp və ABŞ rəsmilərinin Çinə qarşı iddialarının məntiqsiz və elmi əsası olmayan iddialar olduğu açıqlanıb.

Ölkələr ÜST-dən niyə çıxır? Təşkilata qarşı iddialar əsaslıdırmı?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ÜST-yə qarşı olan açıqlamalar heç də haqsız deyil:

"Çünki "COVİD-19” virusu yayılmağa başladığı zaman ÜST tərəfindən ardıcıl səhvlərə yol verildi. Hətta yanvar ayında birmənalı olaraq, təşkilat açıqladı ki, bu virus insanlardan insanlara yoluxmur. Məhz bu açıqlamanı əsas tutan ABŞ prezidenti Donald Tramp rahatlıqla ölkə ictimaiyyətinə müraciət etdi ki, narahat olmağa dəyməz və hansısa məhdudiyyətə ehtiyac yoxdur. Az sonra ÜST öz açıqlamasını təkzib edərək, virusun asanlıqla insandan insana yoluxduğunu bəyan etdi. Bundan başqa əvvəl bildirirdilər ki, virus havadan və damcı yolu ilə yoluxur, sonra isə özlərini təkzib edərək, bunun yalnız damcı yolu ilə yoluxa biləcəyini bəyan etdilər. Buna görə də virus Avropa və ABŞ-da sürətli yoluxmalara gətirib çıxardı. Arxayınlıq ABŞ-da hər hansı qabaqlayıcı tədbirlərin görülməsini əngəllədi və sürətli yoluxmalara və insan ölümlərinə gətirib çıxardı. Təbii ki, bu cür halların məsuliyyəti bilavaistə ÜST-ün üzərinə düşür”.

Bir-birinə zidd açıqlamalar verməyin ÜST kimi bu qurumun imicinə yaraşmadığını deyən politoloq qeyd etdi ki, təşkilat qlobal səviyyədə insanların taleyi ilə oynaya bildi:

"Bu da təbii ki, bir çox ölkələrdə təşkilatın fəaliyyəti ilə bağlı narazılıq yaratdı. Hazırkı durumda isə yoluxma sayının 7 milyon nəfərə yaxınlaşmasına baxmayaraq, onun peyvəndi və ya dərmanı üfüqdə belə, görünmür. Bu məsələdə də ÜST böyük zəiflik göstərir. Təşkilat hələ də bu virusun mahiyyətini aça bilməyib ki, ona qarşı peyvənd və dərmanlar hazırlansın. Azərbaycan da daxil olmaqla dünya ölkələrinin ÜST-yə 100 milyonlarla vəsait köçürməsinə baxmayaraq, təşkilatın fəaliyyətində boşluqların olduğu məlum oldu. Həmin vəsaitlər ona görə verilmişdi ki, təşkilat bütün ölkələrdə yoluxmanın qarşısını almağa kömək etsin və paralel olaraq, effektiv dərmanların siyahısını tərtib etsin. Ona görə də düşünürəm ki, həm ABŞ, həm də Braziliya rəhbərliyinin təşkilata qarşı bu cür çıxışlar etmələri və təşkilatdan çıxmaları ilə bağlı verdikləri açıqlamalar normal qəbul edilməlidir. Dünyanın ehtiyacı olduğu belə bir məqamda ÜST öz acizliyini ortaya qoydu”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları