Yuxarı

"6 -7 ayın içində nə oldu ki, Ramiz Mehdiyevi qane etmədi?" - Baş redaktor


"Məhz Ramiz Mehdiyevin rəhbərliyi altındakı ideoloji xətt medianı zəiflətdi”

Karantin rejimini pozaraq nəvəsinin toyu ilə gündəmə gələn Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev son günlər müxtəlif açıqlamalar verir.

Son açıqlamasında Azərbaycanın xarici siyasətini, mətbuatını, ziyalılarını, diasporunu tənqid edib, onların Ermənistanın dünya çapında apardığı məkrli işə qarşı məqsədyönlü fəaliyyət ortaya qoya bilmədiklərini yazıb: "Bir sıra ölkə KİV-lərinin öz səhifələrini səxavətlə iftira kampaniyası üçün tribuna qismində təqdim etdikləri, üstəlik, böhtan atılan tərəfin cavab haqqını görməzdən gəldiyi bu günlərdə dünya erməniliyi Qərbin və Rusiyanın ictimai rəyində Qarabağın erməniləşdirilməsi istiqamətindəki təbliğatı əhəmiyyətli dərəcədə gücləndirmişdir. Erməni diasporunun fəaliyyət xüsusiyyətlərini, iş prinsipini, təbliğatın yaxın və uzaq hədəflərini dərk etmədən onunla effektiv mübarizə aparmaq qeyri-mümkündür. Xarici siyasət, təbliğat və lobbiçilik məsələlərində konseptual baxış olduqca vacibdir. Bu da bizim diplomatlarımızın, politoloqlarımızın və beynəlxalq münasibətlərlə məşğul olan tədqiqatçılarımızın öhdəsinə düşən bir vəzifədir".

AMEA prezidenti hakimiyyətdə yüksək post tutduğu illərdə bunabənzər açıqlamalar səsləndirməyib, heç bir tənqidi fikir bildirməyib. Halbuki Prezident Administrasiyasının rəhbəri olduğu 24 il ərzində hazırda tənqid etdiyi bütün sahələr bilavasitə onun nəzarətində olub, mövcud vəziyyəti və problemləri də kifayət qədər bilib. Ancaq o zaman susmağa üstünlük verən R.Mehdiyevin məhz indi, qanunazidd əməllərlə gündəmə gəldikdən sonra tənqidi ritorikaya keçməsinin səbəbləri maraqlıdır.

"Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin bu tənqidləri çox məntiqsiz görünür:"Həmin məqaləni oxuyanda adamda bir sual yaranır ki, bunu kim edib? Əgər deyilən nöqsanlar mövcuddursa, deməli, bunun başlıca günahkarı elə Ramiz Mehdiyevin özüdür. Ən maraqlısı budur ki, Ramiz Mehdiyev birbaşa özünün nəzarəti altında olan sahələrin fəaliyyətini ciddi tənqid edir. Tənqid sahələri içərisində bizim çalışdığımız media cameəsi də var. Bu gün əgər medianın faəliyyəti Ramiz Mehdiyevi qane etmirsə, bunun başlıca səbəbkarı onun iş prinsipləri, yanaşma tərzi olub. Azərbaycan mediası kifayət qədər güclü olub.

Cənubi Qafqazda ən aparıcı media nümunələri bizdə yaranıb. Məhz onun rəhbərliyi altında aparılan ideoloji xətt medianı zəiflətdi. Medianın reklam bazarının öldürülməsi, bəzi jurnalistlərin sıxışdırılması onun ideoloqluğu əsasında həyata keçirilib. Reklam bazarısız media necə fəaliyyət göstərə bilərdi? Ramiz Mehdiyevin özündən soruşmaq lazımdır ki, hər dəfə özünə yaxın olan bəzi media rəhbərlərini yığıb göstərişlər verəndə bunun hansı sonluğa getdiyini təxmin etmirdi? Mehdiyevin tənqidinə başqa sahələr də tuş gəlib. O, diplomatiya, diaspor sahəsində işlərin yaxşı getmədiyini, ziyalıların fəaliyyətinin qənaətbəxş olmadığını deyir. Ziyalıların cəmiyyətdən uzaqlaşdırılması, sözünü deyənlərə təzyiqlərin hamısı da məhz onun göstərişi ilə həyata keçirilib. Diaspor sahəsində də xaricdəki soydaşlarımız səmimi şəkildə bu işlə məşğul olmaq istəyərkən, onun yaratdığı sistemin manesi ilə üzləşiblər.

O, yalnız özünü qane edən adamları şəxsi münasibətlər zəminində irəli çəkib. Bütün bunlar sübut edir ki, Ramiz Mehdiyev çox primitiv yanaşma ilə öz günahlarını kiminsə üstünə yıxmaq istəyir. 6 -7 ayın içində nə oldu ki, Ramiz Mehdiyevi qane etmədi? Problemlər əvvəldən mövcud idisə, onda Mehdiyev özü-özünü tənqid etməlidir.

Hakimiyyətin əsas piramidasında təmsil olunanda bu sahələrə dəstək vermək lazım idi, nəinki onları sıxışdırmaq və ya təqib etmək. Bu baxımdan da, iradlar olduqca məntiqsiz görünür”.





Həftənin ən çox oxunanları