Yuxarı

Belarus üçün kritik 17 gün: Qərb kimi tanıyacaq?

Belarus üçün kritik 17 gün: Qərb kimi tanıyacaq?

Belarus üçün kritik 17 gün: Qərb kimi tanıyacaq?

Xəbər verildiyi kimi, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya avqustun 24-də Vilnüsdə ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşüb.

Rəsmi olaraq elan edilən görüş Vaşinqtonun Belarusda seçkilərdən sonra yaranmış münaqişəli vəziyyətinin dinc yolla həllində maraqlı olduğunu əks etdirir.

Maraqlıdır, dünya Belarusun legitim lideri kimi Lukaşenkonu deyil, Svetlana Tixanovskayanı tanıyır?

"Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev "Cümhuriyət”ə açıqlamasında deyib ki, Tixanovskaya ilə danışıqların aparılması o deməkdir ki, ABŞ ona üstünlük verir:

"Avropa İttifaqı mövqeyini açıqlayaraq Belarusdakı seçkiləri tanımadıqlarını dedi. ABŞ da seçkilərin qeyri- demokratik keçirildiyini deyib. Onlar tərəfindən Lukaşenkoya da heç bir təbrik olunmayıb. Eyni zamanda ABŞ prinsipcə Tixanovskayanı namizəd və seçkidə potensial qalib gələn şəxs kimi tanıyır. Ona görə də Tixanovskaya ilə danışıqların aparılması o deməkdir ki, ABŞ ona üstünlük verir”.

Ekspert qeyd edib ki, əgər Putin Lukaşenkonun getməsinə qərar versə, onda Belarus prezidentinin başqa yolu qalmayacaq: "Düşünürəm ki, Lukaşenkonun yeganə gücü silahlı qüvvələrdir. Özü də bazar günü bunu nümayiş etdirdi. Ondan əvvəl Müdafiə naziri də bəyan etdi ki, hər hansı əmr olsa biz onu yerinə yetirəcəyik. Çünki burada söhbət dövlətin təhlükəsizliyindən gedir. Ona görə də bu vəziyyət bizə silahdan istifadəyə əsas verir. Hələ ki, Lukaşenko bu formada cəmiyyətə təzyiq edərək onları qorxutmağa çalışır. Hesab edirəm ki, bu variant işləməyəcək. Burda ən mühüm faktor Rusiya prezidenti Vladimir Putindir. Çünki Lukaşenkonun tək müttəfiqi də odur. Ancaq Putinlə də Qərb ölkələri- Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Finlandiya prezidenti danışıqlar aparır. Hələ ki, Tramp danışmayıb. Məncə, Tixanovskaya ilə sözügedən görüşdən sonra Tramp da Putinlə danışacaq. Əgər Putin Lukaşenkonun getməsinə qərar versə, onda Belarus prezidentinin başqa yolu qalmır. Hesab edirəm ki, Lukaşenkoya Moskvada sığınacaq da verəcəklər. Necə ki, Yanıkoviçi qəbul etmişdilər”.

Qeyd edək ki, Litvadan sonra amerikalı diplomatın Rusiyaya səfər edəcəyi bildirilir. Politoloq bu məsələyə də münasibət bildirib: "Rusiyanın Belarusiyada "Dəryal” tipli bazası var. Yəni bizdə Qəbələdə olduğu kimi, havadan müdafiə sistemidir. Bundan başqa Rusiyanın orada hərbi aeraportları var. Onlar daha çox Havadan Müdafiə Sistemləridir. Məncə Rusiya, ABŞ-ın və Qərbin qarşısında Belarusiyada yerləşən həmin bu sistemlərin gələcəkdə fəaliyyətinin təmin olunmasını ortaya qoyacaq. Tələb edəcək ki, Rusiyanın Belarusiyadakı təhlükəsizlik sistemləri fəaliyyətdə olsunlar və ordan çıxarılmasınlar. Necə ki, Gürcüstanda bu baş verdi. Ola bilər ki, Rusiya- Amerika münasibətləri ilə bağlı məsələlər də müzakirə olunsun. Məsələn, ABŞ-la Rusiya arasında siyasətin yumşaldılması məsələsi də müzakirə oluna bilər. Putin əlbəttə ki, bu alveri edəcək. Çünki durumu yaxşı deyil. Amma son olaraq Lavrov dedi ki, biz Belarusiyanın hər hansı bir qərarını dəstəkləyəcəyik. Lakin söhbət ondan gedir ki, xalq heç də geri çəkilmək fikrində deyil. Hesab edirəm ki, bu etiraz dalğası daha da genişlənəcək. Ən həlledici məqam isə sentyabrın 10-u olacaq. Çünki bu tarix Lukaşenkonun bundan əvvəl prezident seçildiyi gündür. Ondan sonra Lukaşenko prezident sayılmır. Çox məsələ məhz bu tarixdən sonra həll olunacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları