Yuxarı

Qələbə formulu: İradə, qətiyyət, həmrəylik və siyasi birlik

Qələbə formulu: İradə, qətiyyət, həmrəylik və siyasi birlik

Qələbə formulu: İradə, qətiyyət, həmrəylik və siyasi birlik

Vətən müharibəsinin aktiv hərbi mərhələsi başa çatdı. 44 günlük bu müharibədə Azərbaycan tarixi yenidən yazıldı və məğlub xalqlar, məğlub dövlətlər siyahısından çıxdığımız kimi, məğlubiyyət sindromundan da azad olduq. Eynən Şuşamız, Qarabağımız kimi!

Bu qələbədə Azərbaycan ordusu, Ali Baş Komandanla bərabər, əsas yerlərdən birini də siyasi həmrəylikdən alınan Milli Birliyimiz tutur. Vətən müharibəsinin ilk simptomları görünəndən, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi Tovuz təxribatından sonra ölkədə milli birlik, siyasi həmrəyliklə bağlı etibarlı və dayanıqlı bir zaman yaşandığını hiss etdik. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatla bağlı 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda bəyanatı oldu və ümumilikdə 47 siyasi partiya dövlətin yanında olduğunu bəyan etdi.

İndi yeni bir dönəm başlayır. Bu isə diplomatiya və informasiya müharibəsidir. Bu mərhələnin də qalibi olacağımız şəksizdir. Tarixin ən böyük sınağından üzüağ və qələbəylə çıxan Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunan vətəndaş birliyinin, siyasi həmrəyliyin qorunub saxlanılması və davam etməsidir.

Qələbəyə gedən yolda xüsusi paya malik olan məsələlərdən biri də siyasi həmrəylik və milli birlikdir. Bu siyasi həmrəylik və milli birlik olmasaydı belə güclü ordumuzun uğur qazanması labüd idi, amma bunun üçün həm daxildən "oxunan nəğmələr”, həm də xaricdən başladılan basqılara qarşı mübarizə aparmaq kimi istənilməyən bir vəziyyətlə üz-üzə qala bilərdik. Bu isə hədəfin bölünməsi, ümumi iradənin parçalanması, bu fürsətdən yararlanmaq istəyənlərə meydan verilməsi demək olardı. Lakin belə olmadı. Azərbaycanın siyasi qüvvələri vahid bir cəbhədə birləşərək, Azərbaycan Ordusuna, Ali Baş Komandanın bütün çağırışlarına, təşəbbüslərinə və ən əsası isə 27 illik işğala qarşı başladılan anti-terror əməliyyatlarına birmənalı dəstək verdilər. Özünü ümummilli prosesdən kənarda saxlayan təkcə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və Milli Şura oldu.

Münasibətlər necə quruldu?

Bu münasibətlərin qurulması heç də asan başa gəlmədi. Günlər, saatlar ayrıldı. Çünki illərlə siyasi qüvvələrin münasibətləri qəsdən münaqişə müstəvisinə itələnmiş, münasibətlərdə "soyuq müharibə dövrü” yaşanmışdı. Bu soyuq münasibətlərin aradan qaldırılması, qarşılıqlı ittihamlardan qarşılıqlı etimad müstəvisinə keçid zaman istəyirdi.

Doğrudur ki, bu birliyi əldə etmək o qədər də asan deyildi. Bunun üçün hakimiyyətin səmimiyyətinə siyasi qüvvələri inandırmaq lazım idi. Bu ağır iş isə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin üzərindəydi. Yeni yaradılan və əsas üzvləri gənclərdən ibarət olan şöbə üçün bu, ağır iş sayılırdı. Şöbənin yeni yaradıldığını da nəzərə alsaq, çox az müddətdə yüksək səviyyədə bu işin öhdəsindən gəlindi. Şöbə müdiri Ədalət Vəliyevin siyasi təcrübəsi və bacarığı bu məsələdə xüsusi rol oynadı desək, yanılmarıq.

Partiyalara qarşı siyasi etika

Araşdırmalarımıza və partiyalardan əldə etdiyimiz bilgilərə görə, ötən ilin sonuna yaxın yaradılan şöbə bu ilin fevralından başlayaraq, bütün siyasi təşkilatlarla görüşlər keçirib. Onların hər biri ilə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr, diskussiyalar aparılıb. Bununla da ağır və çətin bir missiya layiqincə yerinə yetirilib və Prezidentin ali iradəsi ilə başladılan iş müvəffəqiyyət qazanıb.

Beləliklə də, bir neçə ay ərzində başlayan və uğurla davam edən proseslər Azərbaycanda siyasi münasibətlərin dünyanın demokratik ölkələrdəki kimi sivil, siyasi standartlara uyğun bir müstəvidə cərəyan etməsi ilə sonuclandı. Bu sonucda da siyasi partiyalarla hakimiyyət arasında illərlə arzusunda olduğumuz dialoq başladı və əməkdaşlıq mühiti formalaşdı.

Xüsusi qeyd edək ki, bu dialoq və əməkdaşlıq əvvəlki əlaqə və danışıqlardan fərqlənirdi. Əvvəlkilərdən fərqli olaraq, bu formatda falsifikasiya yox idi və münasibətlər şəffaf şəkildə qurulur, müzakirələr demokratik və azadfikirlilik mühitində aparılırdı. Digər bir mühüm məqam isə Prezidentin iradəsi və tapşırığına uyğun olaraq, siyasi qüvvələrə verilən dəyər, onlara münasibətdə göstərilən siyasi etika idi. Yəni hər hansı siyasi partiya ilə münasibətlər "yuxarı-aşağı” prizmasında deyil, bərabərtərəflilik müstəvisində qurulurdu. Bu dialoq və əməkdaşlıqda siyasi partiyaya üzvlərinin sayı, qeydiyyata alınma vaxtı, cəmiyyətdə təsir gücünün necə olub-olmamasına görə fərq qoyulmurdu. Bu isə münasibətlərin səmimi və aydın siyasi xətt üzrə inkişafının təməl prinsipləri sayılmalıdır.

Münasibətlərin bu prinsiplərə söykənməsi gözlənilən nəticəni verdi. Ötən illər ərzində qəsdən və bilərəkdən kimlərinsə öz maraqlarına uyğun hakimiyyətlə siyasi partiyalar, o cümlədən siyasi partiyaların özləri arasında bir proqram kimi həyata keçirilmiş qarşıdurma, aqressiya aradan qaldırıldı.

Münasibətlərin yeni müstəviyə keçməsi ilə ölkənin siyasi həyatında yeni dönəm başladı. Siyasi ritorika dəyişdi, qarşılıqlı etimad və dialoq mühiti yaradıldı. Nəticədə hətta rəsmi dövlət qeydiyyatından ümidini üzən siyasi partiyalar dövlət qeydiyyatına alındı, parlamentdə siyasi təmsilçilik dəyişdi. Parlament partiyalarının sayı 11-ə qədər yüksəldi.

Siyasi mühitdə Avropa dəyərləri

Aqressiya və qarşıdurmadan imtina edən siyasi qüvvələr arasında qarşılıqlı hörmət, etik siyasi münasibətlər inkişaf edən müstəvidə qərarlaşdı. Münasibətlər o qədər sivil məcraya yönəldi ki, hakimiyyətlə müxalifət arasında bayram təbrikləşməsi günümüzün aktuallığına çevrildi. Novruz bayramı ilə bağlı dövlət başçısının təbriki Ədalət Vəliyev vasitəsilə partiya sədrlərinə çatdırıldı. Daha sonra 28 May- Respublika Günü ilə bağlı bu proses davam etdirildi.

Azərbaycanın siyasi mühiti Avropa dəyərlərinə söykənən müstəviyə transfer etdi. Bu, özlüyündə ölkədə siyasi partiyaların fəaliyyətində canlanma yaratmaqla yanaşı, həm də dialoq mühitinin artıq geridönməz bir proses olduğunun mesajını verirdi.

Müharibə başlayanda bütünlükdə cəmiyyət ölkədəki siyasi həmrəyliyin xüsusi çəkisini hiss etdi.

Əməkdaşlığın bütövləşmiş forması

27 sentyabrdan başlayıb 10 noyabrda rəsmi olaraq bitən və Azərbaycanın Qələbəsi ilə sonuclanan torpaqlarımızın erməni işğalçılarından təmizləndiyi Vətən müharibəsində bu əməkdaşlığın daha da bütövləşmiş formasının şahidi olduq. Müharibə başlayan kimi siyasi partiyalar bir araya gəldi və 50 siyasi partiya birlikdə, bir siyasi təşkilat - Müsavat Partiyası ayrılıqda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair bəyanat imzaladı. Daha sonra Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya oktyabrın 7-də birgə bəyanat qəbul etdi. İki gün sonra-oktyabrın 12-də Ermənistanın ölkəmizin ikinci iri şəhəri olan Gəncəni ballistik raketlə atəşə tutmasına görə Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvlərinin, o cümlədən 50 siyasi partiyanın beynəlxalq təşkilatlara, BMT-yə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına və s. təşkilat və birliklərə müraciəti qəbul edildi. 2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncəni ikinci dəfə ballistik raketlə atəşə tutmasına görə ölkədə fəaliyyət göstərən 50 siyasi partiya yenidən beynəlxalq təşkilatlara müraciət etdi.

Şuşanın işğaldan azad edilməsi isə finiş nöqtəsi oldu. 50 siyasi partiya bu tarixi-siyasi və Azərbaycan xalqının məğrurluğunu özünə qaytaran mənəvi qələbə münasibətilə Ali Baş Komandanı təbrik etdi!

Yeni münasibətlər, siyasi monolitlik və siyasi rekonstruksiya

Bu, tarixi-siyasi münasibətdir. Azərbaycanda dövlət idarəçiliyində yeni münasibətlər, münasibətlərin siyasi monolitliyi və siyasi rekonstruksiyasıdır. İllərdir şəxsi mənafeləri üçün bəzilərinin hazırladığı siyasi qarşıdurma mühitinin bitməsi və yeni dövrün, yeni siyasi mühitin formalaşmasının yekunudur.

Yuxarıda dediyimiz kimi, bu rekonstruksiyanı Prezident istəyirdi. 2018-ci ilin Prezident seçkilərindən sonra İlham Əliyev islahatların başlayacağı, komlpeks islahatlar paketi ilə bağlı cəmiyyətə mesaj verdi. Az bir müddətdən sonra bu islahatların icrasına başlandı. Siyasi mühitin dəyişməsi, siyasi əlaqələrin, siyasi dialoqun başlanması da o islahatların tərkib hissəsi idi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev işini ona tapşırılmış vəzifəyə uyğun olaraq qurdu. Azərbaycan tarixində ilk dəfə siyasi qüvvələr arasında birlik və həmrəyliyə əsaslanan yeni mühit formalaşdı.

Ona görə də 44 günlük müharibə ərzində siyasi həmrəylikdə bircə dəfə də olsun, hansısa problem yaşanmadı.

İndi müharibə bitib. Azərbaycan xalqı, ordusu, Ali Baş Komandanı və siyasi birliyinin nəticəsi olaraq tarixi qələbə qazanıb. Qarabağ sorunu çözülüb.

Vətən müharibəsinə başlayanda əlimizdə nələr vardı, indi nələr var..?

Müqayisəolunmazdır. Torpaqlarımız 30 illik işğaldan qurtuldu. Məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Əldə etdiyimiz uğurların kökü ordumuzun gücündə, Ali Baş Komandanın iradəsində, siyasi-diplomatik qələbədə, düzgün informasiya siyasətimizdə, siyasi və milli həmrəyliyimizdədir. İndi biz davamlı olaraq bu yolu getməliyik. Bizim üçün ən əsas və həssas məram-məqam milli birliyimizin, siyasi həmrəyliyimizin qorunmasıdır. Cəmiyyətin bütün təbəqələri bunu arzulayır və gözləyir.

Ortada qalib Azərbaycan, rəşadətli ordu, Prezidentin iradəsi və bu iradənin icrası üçün uğurlu kadr varsa, birliyin pozulmayacağı şəksizdir.

Rəfail Becanov
"Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının baş redaktoru