Yuxarı

44 günün uğuru: "Təkcə Ermənistan yox, bütün dünya erməniləri məğlub oldu” - Baş redaktor

44 günün uğuru:

44 günün uğuru:

"Bu, Vətən müharibəsi idi. 44 günlük müharibə hələ çox illər müzakirə, bəzən də mübahisə mövzusu olacaq. "Nələr oldu”, "nələr olmadı”, "nələr ola bilərdi” deyə çox suallar və cavablar olacaq. Şəksizdir.

27 illik acı məğlubiyyət sümüyümüzə kimi işləmişdi. Bu məğlubiyyətin acısından şəhidlərimizin sümüyü məzarda sızlayırdı. Diriykən, ayaqlarımız üstə durduğumz halda məzar günü yaşayırdıq və bizim də sümüyümüz sızlayırdı. Şuşasız 28 il yaşamaq yaşamaq deyil ki!!!”

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov 44 gün davam edən Vətən müharibəsinin hərbi-siyasi, mənəvi-psixoloji uğurundan danışarkən deyib.

O bildirib ki, 44 gün bizim son arzumuz olmasa da, ürəyimizə "su səpdi”:

"Mənfur düşmənə gücünü, yerini göstərdik. Təkcə Ermənistanı yox, bütün dünya ermənilərini məğlub etdik! Dünyaya sübut etdik ki, bizim torpağımız kiminsə dədə-baba yurdu deyil! Bu güc, bu birlik hesabına da düşmən tapdağında inləyən torpaqlarımıza qovuşduq. Azərbaycan əsgəri tarix yazdı, Ali Baş Komandan qətiyyət göstərdi. Bu uğurda daxili durumumuzun, vətəndaş həmrəyliyinin, siyasi birliyin müstəsna xidməti var.

Dörd bir tərəfdən üstümüzə gələn basqılar dəf edildi. Çətin oldu, amma sonda böyük mənada hərbi-siyasi, mənəvi-psixoloji uğur qazandıq, torpaqlarımız azad olundu və artıq işğaldan azad olunan ərazilərimizdə dövlət quruculuğu başlayıb. Şuşada polis idarəmiz var, Hadrutda DTX-nın yerli bölməsi fəaliyyətə başladı. Eləcə də, Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda. Azərbaycan dövləti bütöv olur... Mənəvi-psixoloji üstünlük budur!”

Baş redaktor qeyd edib ki, hərbi-siyasi üstünlük Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Hadrutun, Şuşanın hərblə azadlığı, Ağdamın, Kəlbəcərin, Laçının şəhid vermədən bizə qaytarılmasıdır:

"Bu 44 gündə nəfəs dərmədən bizimlə eyni əhvalı Türkiyə də yaşadı. Dövlət, xalq, dövlət yetkililəri olaraq bütün 44 gün Türkiyə bizimlə bərabər oldu!

Düşmən qəvidir, məkrlidir, hiyləgərdir. Bu düşmənin bizim torpaqları işğal etməsi əslində 30 il deyildi. Bunun tarixi 200 ildən də yuxarıdır. Addım-addım işğal edirdi, gözə görünmədən. 1724-cü ildən başlayan bu proses ən nəhayət, "Türkmənçay” müqaviləsinin nəticəsi olaraq ermənilərin Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılması ilə başa çatdı. Daha sonra isə 1829-cu ilin "Ədirnə” sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

Demək, bizim torpaqlarımızı onlar az qala 300 il idi işğal edirdilər. Biz hələ onun bir qismini, amma düşmənin Onurğa Sütununu sındıraraq qaytardıq. Cəmi 44 günə. 54 gün, 64 gün olsaydı, illərlə bizdən çaldıqlarının hamısını geri alacaqdıq. Zəngəzuru, İrəvanı, Göyçəni..!

Və nəinki Qafqazın, bununla dünyanın düzəni dəyişəcəkdi. Ona görə qoymadılar. Kimlərinsə maraqlarını tapdayırdıq. Kimlərinsə imperiyal, iqtisadi marağını və s...

Rusiya dövrəyə girdi. Amma olsun! Biz artıq məğlub xalq deyilik!”

R.Becanov daha sonra qeyd edib ki, bizim artıq məğlub ordumuz yoxdur, millətinə qələbə bəxş edən ordumuz var:

"Bizim məğlub yox, ordusunu qələbəyə aparan Sərkərdələrimiz var. Bizim xalqına qələbə sevinci bəxş edən Komandanımız var!

Bütün dünya bunu gördü və bildi. Anladı ki, Azərbaycan dünyanın məğlub olan və bu məğlubiyyətlə barışan ölkələrindən deyil! Azərbaycan qələbəyə təşnə olduğu qədər də, o Qələbəni əldə edə bilən ölkədir!

İndi son 27 ilin ən böyük, ən gözəl tarixini yaşayırıq.

O gözəlliklərdən biri də daxili birlik, həmrəylik, siyasi anlaşmadır. Bunu qoruyarıqsa, bütün istəklərimiz gələcək. Bir göz qırpımında. Ermənistanda isə qanlı-qadalı günlər başlayıb. Bu, vətəndaş müharibəsinə qədər uzanacaq. Çünki Ermənistan faktiki kapitulyasiyaya gedib...”