Yuxarı

Regionda yeni model: "Beşlik" dünyaya və ölkələrə nə vəd edir? - BİZİM TƏHLİL

Regionda yeni model:

Regionda yeni model: "Beşlik" dünyaya və ölkələrə nə vəd edir? - BİZİM TƏHLİL

Azərbaycan və Türkiyə prezidentləri Cənubi Qafqazın geosiyasi və geoiqtisadi konfiqurasiyasını dəyişdirəcək əməkdaşlıq modeli təklif edib.

İlkin olaraq "beşlik” formatı kimi irəli sürülən bu layihə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranı əhatə edir. Ermənistanın bu formata qoşulması arzuolunan olsa da, bunun reaallaşması rəsmi İrəvanın mövqeyindən asılı olacaq.

Bakıda birgə açıqlama verən dövlət başçıları da bildirib ki, Ermənistan ilk növbədə, iqtisadi inkişafa nail olmaq və böhran çıxamaq üçün münaqişəni dayandırmalı, Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir.

Türkiyə-Ermənistan sərhədlərinin açılması da bu məsələdən asılı olacaq. Prezident Ərdoğan da türklərin ermənilərə kin bəsləmədiyini, bu münaqişənin Ermənistan tərəfindən başladıldığını deyib. Əgər Ermənistan öz mövqeyindən geri çəkilməsə, sərhədlər yenə bağlı qalacaq. Blokada şəraitinin davam etməsi, hətta münaqişədən sonra belə, Ermənistanın regional və transmilli layihələrdən kənarda saxlaması deməkdir.

Əslində, Türkiyə prezidenti Ermənistanla münasibətlər barədə konkret mesajlar verdi və qeyd edilən şərtlər çərçivəsində sərhədləri açmağa hazır olduğunu söylədi. Bu isə nəinki Türkiyənin, hətta digər xarici investisiyaların Ermənistan bazarına daxil olması, iqtisadi çöküş yaşayan yoxsul bir ölkənin inkişaf yoluna qədəm qoyması deməkdir. Çünki Cənubi Qafqaz nəqliyyat və kommunikasiya qovşaqlarının yerləşdiyi tranzit məkana çevrilib. Avropadan Çinə qədər bütün ölkələr bu dəhlizə maraq göstərir. Ona görə də Ermənistanın bu prosesdə iştirakdan imtina etməsi ölkənin süqutuna gətirib çıxara bilər.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında neft və qaz kəmərlərinin daşınması və alqı-satqısı üzrə çoxsaylı əməkdaşlıq formatı mövcuddur. Bundan başqa, hər üç ölkə Avropadan-Mərkəzi Asiyaya yükdaşımaları təmin edə biləcək quru və dəmir yolu şəbəkəsi yaradıb. Şərq-Qərb nəqliyyat və kommunikasiya dəhlizinin tərkib hissəsi olan bu formatın bazasında yeni layihələrin də yaradılması istisna olunmur.

Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat və enerji dəhlizi fəaliyyət göstərir. Gələcəkdə bu dəhlizi şaxələndirilərək Yalama-Bakı dəmir yolu xəttini Mincivan stansiyasına, oradan isə Ermənistanın cənubundakı dəhlizdən keçməklə Naxçıvan Muxtar Respublikasının və İranın Culfa stansiyalarını birləşdirən xəttə qoşmaq mümkündür.

Həmin marşrut həm də Şərq-Qərb nəqliyyat dəhlizinin ikinci hissəsidir. Belə ki, Türkiyədən gələn yük və sərnişin daşıma marşrutları Naxçıvana, sonra isə Ermənistanın cənubunda ayrılmış 5 kilometrlik təhlükəsizlik dəlizindən keçməklə Zəngilan rayonu ərazisindən Azərbaycana daxil ola biləcək.

Türkiyənin Qars dəmir yolu stansiyası ilə Azərbaycanı və Mərkəzi Asiyanı birləşdirən yükdaşımalar Culfa stansiyasına, oradan isə Mehri dəhlizindən keçməklə Mincivan və Horadiz stansiyaları vasitəsilə Bakıya çatdırılacaq. Azərbaycandan və Mərkəzi Asiyadan gələn yüklər də Bakının Ələt limanı vasitəsilə əks istiqamətdə hərəkət edəcək. Hətta Çin də bu marşrutdan istifadə etmək imkanı əldə edə bilər. Türkiyə və İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri aparacağını nəzərə alsaq, həmin ölkələr qeyd edilən marşutlar üzrə yükdaşımaları Zəngilan rayonu ərazisinə oradan isə quru və dəmir yolu maşrutları ilə Cəbrayıl, Füzuli, Şuşa, Ağdam, Xocalı, Xankəndi və digər istiqamətlərdə daşımaq imkanı qazanacaq.

Ona görə də hazırda Azərbaycanın digər əraziləri ilə Naxçıvanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizi uğrunda gelosiyasi və geoiqtisadi rəqabətin artması müşahidə olunur. Bu prosesdə hələlik əsas oyunçu kimi Rusiya, Türkiyə, İranın çıxış etdiyini görmək mümkündür. Gələcəkdə sözügedən rəqabətə Avropa ölkələrinin, Çinin və ABŞ-ın da qoşulacağı istisna edilmir.

Ancaq sözügedən formatın reallaşmasına mane olan səbəblər hələ tamamilə aradan qalxmayıb. Yəni Cənubi Qafqazda münaqişələr qalmaqdadır. Azərbaycanın öz ərazilərinin böyük hissəsini işğaldan azad etməsinə baxmayaraq, Ermənistanda Dağlıq Qarabağa iddialar aradan qalxmayıb. Azərbaycana və Türkiyəyə düşmənçilik çağırışları artmağa başlayıb. Mühafizəkar Ermənistan cəmiyyəti kapitulyasiya sənədini imzaladığına görə Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Eləcə də Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələri həll olunmayıb. Gürcüstanın düşmən ölkə ilə bir format çərçivəsində əməkdaşlıq etməsi indiki şəraitdə reaal hesab edilmir. NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında Gürcüstanın NATO-ya qəbulunu nəzərdə tutan Milli Fəaliyyət Planı qəbul edilib. ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin fəaliyyətə başladıqdan sonra bu sənədə dəstək verərsə, Gürcüstanın NATO-ya üzv olacağı gözlənilir. Bu isə Rusiya-Gürcüstan münasibətlərindəki gərginliyi artıra bilər.

Ona görə də "beşlik” və ya "altılıq” formatının təşkili üçün ciddi müzakirələr lazım gələcək. Ancaq Rusiya tərəfindən əks-variantın seçiləcəyi də istisna olunmur. Yəni Rusiya bölgədə yeni yaradılan format vasitəsilə mövqelərini möhkəmlətmək üçün Qarabağ problemində olduğu kimi Gürcüstana müəyyən güzəştlər edə bilər.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin razılaşdırdığı format regionun ticari-iqtisadi cəhətdən inkişaf etdirilməsi məqsədi daşıyır.

Ekspertin sözlərinə görə, dünyada mövcud olan iki əsas kommunikasiya sistemləri Cənubi Qafqazdan keçir:

"Bu layihələrin hər ikisinin təşəbbüskarı Azərbaycan dövləti olub. Söhbət Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizlərindən gedir. "Beşlik” və "altılıq” formatı da bu sistemlərin inteqrasiyasını nəzərdə tutur. Bu təklifin həyata keçirilməsi regionun iqtisadi baxımdan çiçəklənməsi demək olacaq. Hesab edirəm ki, belə bir iqtisadi əməkdaşlığın mövcudluğu regionun sülh və təhlükəsizlik sisteminin möhkəmlənməsinə gətirib çıxaracaq. Üfüqdə görünməkdə olan belə bir əməkdaşlıq formatı mümkün olarsa, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də birdəfəlik son qoyulacaq. Cənubi Qafqazın digər problemi də, yəni Abxaziya və Cənubi Osetiya münaqişələri də gələcək perspektivdə həll oluna bilər.

Bu bilavasitə Rusiyanın siyasi iradəsindən asılı olan məsələdir. Əgər bu əməkdaşlıq formatı mümkün olacaqsa, bütün münaqişələr öz həllini tapacaq. Çünki bu məsələdə Rusiyanın geosiyasi maraqlaı da nəzərə alınıb. Diqqət yetirsək görərik ki, Cənubi Qafqaz son zamanlar Qərblə Rusiya arsında ciddi rəqabət mövzusuna çevrilmişdi. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması istiqamətində addımlar atılırdı. Gürcüstanın NATO-ya inteqrasiyasının gücləndirilməsi və gələcək perspektivdə bu alyansa tam hüquqlu üzvlüyü, paralel olaraq Ermənistanda Qərbyönümlü Paşinyanın hakimiyyətə gətirilməsi Rusiya üçün ciddi bir dərsdir. Əgər Dağlıq Qarabağ problemi həll olunmasa idi və Rusiya bu məsələyə ciddi yanaşmasa idi Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycan da Moskvadan üz döndərə bilərdi. Bu da Rusiyanın nəinki Cənubi Qafqazı, hətta gələcək perspektivdə Şimali Qafqaza nəzarəti itirməsinə gətirib çıxara bilərdi. Çünki Qafqaz bütöv rgiondur. Ona görə də Rusiya həm Cənubi, həm də Şimali Qafqazda varlığını saxlamaq istıyirsə, mütləq mənada bölgədə təsir imkanlarını qorumalıdır. Rusiya da bunu təkbaşına edəcək gücdə deyil. Bu amili və dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq, NATO-nun ən güclü müttəfiqlərindən biri olan Türkiyəni Cənubi Qafqaza daxil etməklə və belə bir formatın yaranmasına razılıq verməklə, gələcəkdə ABŞ-ın və Şimali Atlantika Alyansının Cənubi Qafqazdakı mövcudluğunun qarşısını almaq istəyir. Bu əməkdaşlıq formatında regionun bütün ölkələrinin maraqları nəzərə alınıb. Məhz bu baxımdan, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İrana səfəri zamanı çox güman ki, bu məsələ rəsmi Tehranla hərtərəfli müzakirə olunub. Rusiyanın da geoisyasi maraqları təmin olunduğu təqdirdə, Gürcüstana və Azərbaycana hansısa münaqişələr vasitəsilə təzyiq göstərməyə ehtiyac qalmayacaq. Çünki söhbət bu regionun çiçəkləndirilməsindən gedirsə, ilk növbədə iqtisadi əməkdaşlığı və bundan doğan təhlükəsizliyi təmin etmək mümkün olacaq. Nəticədə bütün münaqişələrin, həllini tapacağını düşünürəm”.

Lakin Natiq Mirinin fikrincə, Gürcüstanın yaxın illərdə NATO-ya daxil olması real görünmür:

"Çünki NATO Gürcüstan amilinə görə Rusiya ilə qarşıdurmada maraqlı deyil. NATO özünün Rusiya qarşısında bəzi boşluqlarını, zəifliklərini həll etmədən Gürcüstanı və Ukraynanı bərabərhüquqlu üzv kimi sıralarına qəbul etməyəcək. Yaxın 5-10 ildə bu mümkün görünmür. Ancaq regional formatı çox yaxın zaman çərçivəsində formalaşdırmaq mümkündür. Bu da Gürcüstanın həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verəcək. Eyni zamanda bu qlobal deyil, regional əməkdaşlıq qurumudur. Bu da regiona digər güclərin müdaxiləsinin qarşısını alacaq. Əgər Gürcüstan və ya Ermənistan bu formatdan kənarda qalarsa, həmin ölkə tamamilə çökə bilər. Çünki bu, region ölkələri üçün həm də təhlükəsizlik məsələsidir”.

Qeyd edək ki, Ermənistanın hakim "Mənim addımım” parlamentinin deputatı Andranik Köçəryan məğlubiyyətlə barışmağa və Azərbaycanla diplomatik əlaqələr yaratmağa çağıran çıxış edib. Lakin müxalifətin Baş nazirliyə namizədi Vazgen Manukyan onu bu mövqeyinə görə mənəviyyatsız və satqın adlandırıb. Bu isə Ermənistan cəmiyyətinin psixoloji cəhətdən barışığa hələ hazır olmadığından xəbər verir.

Natiq Miri hesab edir ki, Ermənistan cəmiyyətinin əksəriyyəti müxalifəti dəstəkləmir:

"Ona görə də Manukyanın fikirləri ciddi qəbul olunmamalıdır. Ermənistan əhalisinin 35-40 faizi hələ də Paşinyanın hakimiyyətdə qalmasını istəyir. Çünki onlar Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasını və Qərbə inteqrasiyanı arzu edir. Bunu istəyənlərin sayı əvvəllər 80 faizdən artıq idi. Reytinqin düşməsi Qarabağ müharibəsindəki məğlubiyyətlə bağlıdır. Ona görə də Manukyan kimi ikiüzlü siyasətçilərin bu məsələdə nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Hətta Manukyan hakimiyyətə gəlsə belə, riyakar siyasətçilər bir müdddətdən sonra öz mövqelərini dəyişəcəklər. Artıq Ermənistan ictimaiyyəti də belə bir fikrə meyillidir. Çünki ermənilərin başqa yolu yoxdur. Revanşist qüvvələrin Paşinyanı devirə bilməməsi də müxalifətin sosial bazasının 3-5 mindən artıq olmadığını göstərir. Bu da Ermənistan əhalisinin Rusiyanın təsir dairəsinə qayıtmaq istəməməsi ilə bağlıdır. Ona görə də Manukyan kimilərinin və "Qarabağ klanı”nın bu məsələdə mövqeyinin heç bir önəmi yoxdur”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları