Yuxarı

Hansı şeir daha yaxşıdır - sərbəst şeir və ya heca vəzni?

Hansı şeir daha yaxşıdır - sərbəst şeir və ya heca vəzni?

Sərbəst şeirin "xəstəliyə" çevrildiyi bir vaxtda, bu şeir növünün əleyhinə danışanlar da az deyil… Ümumilikdə ədəbiyyatın inkişafını sərbəst şeirlə bağlamaq olarmı? Əslində, muasir ədəbi mühitin indiki vəziyyəti heç də ürəkaçan deyil. Məhz bu prizmadan baxaraq, bugünkü ədəbiyyatın “axsayan ayağı” sayılan sərbəst vəzn və heca vəzninin müqayisəsi mövzusuna toxunduq. Hər yazar bir başqa mövqedən çıxış edir.

Sualımız belədir:

-Muasir ədəbiyyatda sərbəst şeirin heca şeirini üstələməsinin yaxşı və ya pis tərəfləri... Gənc yazarlar sərbəst şeir yazmaqlar nəyə və yaxud da hara çıxış tapmaq istəyirlər?

Ferid HuseynFƏRİD  HÜSEYN - Heca vəznində yazılan şeir artıq öz imkanlarını başa vurmaq üzrədir. Hecada yeni fikir demək çox çətindir. Sərbəst şeirdəsə bu daha rahat və təbii alınır. Buna görə də sərbəst şeirdə yazan istedadları anlayıram. Sərbəst şeir dünyaya çıxmaq, tərcümə olunmaq üçün də daha uyarlıdır.

aqsin evrenAQŞİN  EVRƏN - Mənim üçün şeir “sərbəst və heca” kimi kateqoriyalara yox, “şeir və şeir olmayan” kimi kateqoriyalara bölünür. Ümumiyyətlə, məzmun bəşəri olan yerdə şeirin kosmetikasından, bədən ölçüsündən danışmaq lüzumsuzdur. Nə qədər hecada yazan tanıyıram, hamısı Ramiz Rövşəni, Salam Sarvanı, hətta Aşıq Ələsgəri yamsılayır. Axı bir adam necə XXI əsrdə Aşıq Ələsgər kimi ağrıya bilər? Şeiri oxuyan kimi hiss edirsən ki, bu adamların içi yoxdur, daxili sarsıntı, ağrı keçirməyiblər, sadəcə, küyə düşüb şeir yazıblar. Azərbaycan poeziyasında sərbəstin hakimiyyəti zəruridir. Çünki insanlar azadlığa, sərbəstliyə can atır. Sərbəstin Azərbaycan ədəbiyyatına belə sürətlə ayaq açmasının mənfi tərəfləri də oldu: indi cümlələri alt-alta sıralayan hər kəs şeir yazdığını düşünür. Bu isə oxucu keyfiyyətini və kəmiyyətini aşağı salır.

Bundan sonra heca şeiri ilə nəinki Azərbaycan ədəbiyyatında, heç “Ulduz” jurnalında da qalmaq olmaz.

leyla namazovaLEYLA NAMAZOVA - Əvvəla, sərbəst şeir yazmaq da bir istedaddır. Bəli. Istedad. Hər insan sərbəst şeir yaza bilməz. Əgər sənin ürəyin, qəlbin, hisslərin yoxdursa, söz ehtiyatin yoxdursa, nəinki şeir, nəinki sərbəst şeir, hətta sərbəst cümlə də düzüb-qoşub yaza bilmərsən. Hal-hazırda gənc yazarlar sərbəst şeirə üstünlük verirlər. Ən çox sərbəst şeir yazırlar, nəinki heca şeiri. Niyə? Sual bundadı. Bəlkə sərbəst şeir daha çox yaddaşlarda qalır. Daha çox oxunur. Bəlkə yazarlara daha rahatdi öz fikirlərini sərbəst şəkildə ifadə etmək. Heca şeiri onlar üçün çox çətin və bəlkə də uzaq bir yoldu. Özüm də şeir yazıram. Mənim şeirlərim özümə məxsusdu, sərbəst ruhdadı. Heca ilə yazmıram. Bacararam bəlkə də, amma istəmirəm. Sınamamışam. Gənc yazarlar sərbəst ruhda şeir yazir, bunun nəyi pisdi ki. Əgər qafiyə pozulmursa, nədən yazmasınlar. Nədən hissləri ilə bölüşməsinlər?! Onlar sadəcə, ədəbiyyata bu cür şeirlərlə gəlmək istəyirlər. Gələndə də, artiq çalışırlar bu mühitdə qalsinlar. Mənim bir tanışım var şeir yazir. Şairdi. O həmişə deyirdi mən şeir yaziram, sərbəst şeirlər yaziram baxmadan, yoxlamadan, redaktə etmədən facebookda paylaşiram. Amma onun şeirləri oxunur, bəyənilir, çünki səmimi qəlbdən yazir. Ürəyindən gələn cümlələrdi, sözlərdi. Mən bunun pis tərəfini görmürəm. Əksinə yaxşı tərəfini onda görürəm ki, cavanlar yazmaq istəyir. Sərbəst də olsa yazırlar. Kimsə ürəyini boşaldır, kim isə bu şeirləri ilə gündəmdə qalmaq istəyir. Əsla pis baxmıram buna. Nə qədər həvəs var, ürək var, yazsınlar, yaratsınlar. Özünüz dediniz ki, bu dəb halini alib artiq. Dəb də dəyişir, bəlkə bir necə müddətdən sonra heca ilə yazılacaq şeirlər, bəlkə də sərbəst şeirlərə tələbat artacaq. Nə bilmək olar. Ümumiyyətlə, şeir zəif olmalıdı. Ən zəif şeirin də oxucuları var. Gənc yazarlar sərbəst şeir yazmaqla ürəklərə çıxış tapmaq istəyirlər. Ürəklərin qapısını açib bu sərbəst yazılmış şeir sətirlərini pıçıldamaq istəyirlər. Hansı ürək bundan imtina edər?! Ancaq daş və şeirdən anlayışı olmayan qəlb...

ruslan NadirogluRUSLAN  NADİROĞLU - Əslində, bəzən elə düşünürük ki, şeir sadəcə heca olmalıdır. Məncə heca şeirində ifadə etməkdə çətinlik çəkdiyimiz fikirlər olur, biz bu fikirləri sıxıb hecaya sığdırmağa çalışırıq, nəticədə isə yarı yarımçıq fikirlər meydana çıxır. Hərçənd ki, mən heca şeirinə üstünlük verirəm. Sərbəst şeirə gəldikdə isə, şəxsən qəti şəkildə əleyhinə deyiləm, çünki insan daxili aləmində tüğyan edən duyğularını sərbəst şəkildə vərəqlərə tökə bilir . Amma sərbəstliyin özünün də bir çərçivəsi var . Qaydasız döyüşün də qaydaları olduğu kimi... Yaxşı bir deyim var; - "Artıq içiləndə su da ziyandır!"

gulnare-sadiqGÜLNARƏ SADİQ - Bu gün müasir ədəbiyyatda sərbəst şeirlə çıxış edənlər say çoxluğu təşkil edir. Lakin eyni zamanda, Azərbaycan ədəbiyyatının  əsrlərə söykənən heca vəznli nümunələri də məharətlə yazılır. İstər ideya və məzmun, istərsə də sənətkarlıq baxımından daim inkişafda olan ədəbiyyatımız bu gün də öz uğurlu inkişaf yolundadır. Düşünürəm ki, sərbəst şeirlər nə qədər yazılsa da, eyni zamanda, heca vəznində qələmə alınanlar qədər Azərbaycan oxucusunu qane etmir. Təbii ki, burda bir çox istisnalar mövcuddur. Sərbəst şeirlərin yazılması o cəhətdən yaxşıdır ki, bu cür şeirlər asanlıqla xarici dillərə tərcümə olunur. Lakin heca vəznində əsil ədəbiyyat nümunəsi yaratmaq isə hər şairin işi deyil. Azərbaycan oxucusu öz klassik janrını daha çox yaşadacaq.Sərbəst şeirlərin başqa dillərə tərcüməsi heca vəznlilərə nisbətən asandır və bu gün Avropada və dünyanın başqa yerlərində daha çox sərbəst şeirlər üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatına məxsus janrları var ki, onlar dünya ədəbiyyatına klassiklərimizi çıxarıblar. Bununla yanaşı, yeni ədəbi nəsil dünya ədəbiyyatına məhz onların qəbul etdikləri janrda da çıxmaq imkanlarını təsdiqləmək baxımından modernizmə də üstünlük verir. Bundan çəkinməyə ciddi ehtiyac yoxdur. Əsas odur ki, ədəbi hadisə olsun qələmə alınanlar...

tural-cosgun2TURAL COŞĞUN - Bilirsiniz, məncə, müasir ədəbiyyatımızda sərbəst şeirin heca şeirini üstələməsinin yaxşı tərəfləri pis tərəflərindən çoxdur. Çünkü sərbəst vəzn səpgili vəzn olsa da, bu vəzndə heca vəznin də yazmaqdan həm çətindir, həm də asan. Bildiyimiz kimi, ədəbiyyatda vəzn özü elə ölçü deməkdir. Sərbəst şeirə isə el arasında səpgili şeir də deyirlər. Məncə hər bir yazar, ələxsus da gənc yazar şeirində fikrini söyləyərkən qaydalara, tələblərə riayət etməlidir. Əgər yazar bunlara fikir verməzsə, onun şeiri heç bir qayda gözləmədən, tələbsiz alınar. Belədə isə musair oxuculara maraqsız olar onu oxumaq. Heca vəznində yalnız hecaları əsas götürmək lazımdır. Burada bildiyimiz kimi, şeirin birinci misrasında neçə heca varsa qalan misralarda da yalnız onu gözləmək lazımdır. Buna əvvəllər barmaq vəzni də deyiblər. Buna görə də heca vəzni Azərbaycan dili üçün ən oynaq, ən yüngül, ahəngdar şeir ölçüsüdür. Burada yazar yalnız hecaları gözləməlidir. Bu isə oxucuya yalnız şeirin hecalara necə bölündüyünü çatdıra bilər.

Əntiqə Səməndər