Yuxarı

Navalnı Putini hədəfə gətirdi: "Bir qrup oliqarx Putindən yaxa qurtarmaq istəyir”

Navalnı Putini hədəfə gətirdi:

Navalnı Putini hədəfə gətirdi:

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi son günlər Rusiya-Qərb münasibətlərində yenidən gərginlik yaradıb.

Avropa İttifaqının və ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiya da bir sıra Qərb diplomatlarının adını "qara siyahı”ya salıb. Xüsusilə də Navalnının özünün yaydığı səs yazısında sui-qəsd cəhdinin Rusiya hakimiyyəti tərəfindən təşkil edildiyinə sübut kimi təqdim olunub.

Qeyd edək ki, həmin telefon danışığında A.Navalnı Putinin göstərişi ilə zəhərləndiyi bildirilir. Navalnı özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin katibi kimi təqdim edərək, FSB əməkdaşı, kimyaçı Konstantiv Kudryavtsevə zəng edib və ondan avqustun 25-də Tomsk şəhərində baş verən sui-qəsdlə bağlı suallar verib. Kudryavtsev cinayətin bir sıra detallarını açıqlayıb. Sonra Aleksey Navalnı sözügedən audioyazını "youtube” sosial şəbəkəsində yayıb. Siyasi ekspertlərin fikirncə, bu hadisə Qərbin Rusiyaya təziqləri artırması üçün ciddi arqumentə çevrilə bilər.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya və Qərb arasında "soyuq müharibə” gedir.

Putin hakimiyyəti də Qərbə bağlı olan siyasətçiləri sıradan çıxartmaq üçün sui-qəsdə belə əl atır. 2018-ci ildə Britaniyanın Solsberi şəhərində Sergey Skripal və onun qızı Yuliyanın qadağan olunmuş kimyəvi silah sayılan "Noviçok” maddəsi ilə zəhərlənməsi də bu prosesin tərkib hissəsidir. "Noviçok”dan istifadə etməklə 2020-ci ildə A.Navalnının zəhərlənməsi bu şübhəni daha da artırıb:

"Bunun müqabilində Qərb Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdirib. Qərb növbəti ildə də bu sanksiyaları davam etdirəcək. Hətta İngiltərənin müdafiə naziri Baltikyanı ölkələrə səfəri zamanı Rusiyanın Britaniya üçün də təhlükə olduğu mesajını verdi. Bu isə Qərblə Rusiya arasında suların perspektivdə də durulmayacağını göstərir. Aleksey Navalnının zəhərlənməsi Putinin imicinə ciddi təsir edib. Bu baxımdan, Qərb siyasətçiləri Putinin Avropa və ABŞ-a yaxın olan siyasətçilərə qarşı nə qədər kinli münasaibət bəslədiyini görür. Navalnının yaydığı səs yazısı Rusiya hakimiyyətinin indiyə qədər boynundan atdığı cinayəti sübuta yetirdi. Məlum oldu ki, həm Skripalların, həm də Navalnının zəhərlənməsi Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilib. Çox güman ki, bu telefon zənginin baş tutmasında Navalnıya Rusiya xüsusi xidmət orqanları da yardım edib. Çünki təkbaşına bu ciddi məsələni ictimailəşdirə bilməzdi. Görünür, Rusiya elitası daxilində ciddi fikir ayrılıqları var. Çünki bir qrup oliqarx Putindən yaxa qurtarmaq istəyir. Digər qrup onunla əməkdaşlıqda maraqlıdır. Putinin mövcud siyasətini davam etdirməsi sanksiyalara səbəb olur ki, bu da Qərbdə böyük vəsaitə malik olan iri maliyyə dairələrini narahat edir. Ona görə də xüsusi xidmət orqanları ilə bağlı olan milyarderlər Putinin dayaqlarının zəiflədilməsi istiqamətində işlərə başlayıb. Navalnı məsələsinin meydana çıxması və səs yazısının yayılması görünür, Rusiyaya qarşı növbəti sanksiyalar dalğasının anonsu kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, ABŞ-da Co Baydenin hakimiyyətə gəlişindən sonra Rusiyaya qarşı sanksiyalar daha da kəskinləşəcək. Kremldə olan şəxslərə qarşı sanksiyalar da bu səs yazısından sonra reallaşa bilər. Bu proses göstərdi ki, Rusiya və Qərb arasında münasibətlər 2021-ci ildə də gərginləşəcək. Hər hansı əməkdaşlıq atmosferinin yaranması hələlik mümkün deyil. Hətta Putin də verdiyi açıqlamada Qərbdə münasibətlərin pis olduğuna və bunun hər hansı inkişafa aparmayacağına işarə etdi. Hətta Rusiya prezidenti ölkədə sosial vəziyyətin ağırlaşdığını, bahalaşmanın olduğunu etiraf etdi. Bu da Rusiyada sosial etirazların baş qaldıracağını istisna etmir. Putinin konstitusiyaya dəyişikliklər etməsi, senator məsələsini qanuniləşdirməsi, eks-prezidentlər barədə yeni qanunun qəbuluna nail olmaqla istefası üçün zəmin yaratmaq və özünü sığortalamağa çalışır. Düşünürəm ki, Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması yalnız post-Putin dövründə mümkün ola bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları