Yuxarı

Ermənistan reallığı: Xaos, anarxiya, böhran və qarşıdurma

Ermənistan reallığı: Xaos, anarxiya, böhran və qarşıdurma

Ermənistan reallığı: Xaos, anarxiya, böhran və qarşıdurma

Çünki Eçmiədzin kilsəsi də Paşinyanın hakimiyyətdən getməsini istəyir.

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə ümummilli tətillər başlayıb. Artıq İrəvan metrosunun əməkdaşları işə çıxmaqdan imtina edib.

Eyni zamanda, ölkədə kütləvi itaətsizlik aksiyaları bərpa olunub. Paşinyanın istefasına erməni kilsəsi də dəstək verir.

Xəbər verildiyi kimi, dekabrın 21-də keşiş tərəfindən Sisyandakı kilsədən qovulması Eçmiədzinin Paşinyanın devrilməsində maraqlı olduğunu göstərir. Nikol Paşinyanın Sisiandakı kilsə ziyarəti zamanı onun əlini sıxmaqdan imtina edən keşiş Parqev Zeynalyan ondan həmin ərazini tərk etməyi tələb edib. Keşişin Baş nazirin tərəfdarlarının təzyiqlərinə məruz qaldığı, bəzi məlumatlarda isə kilsədən xaric edildiyi barədə məlumat yayılıb.

Bildirilir ki, Nikol Paşinyanın tərəfdarları hadisədən sonra kilsəyə gələrək keşişlə mübahisə etməyə başlayıblar. Onlar keşişi baş nazirə hörmətsizlik etməkdə günahlandırıblar. Keşiş onlara niyyətinin başqa olduğunu bildirib.

"Mən Paşinyanın kilsəyə girişini yasaqlamamışam. Baş nazir kilsəyə girəndə mən onu görməmişəm. Həmin vaxt öz otağımda idim. Sonra isə ona sadəcə Allah qarşısında cavab verəcəyini xatırlatdım”, - deyə keşiş əlavə edib.

Qeyd edək ki, Ermənistanın ombudsmanı Arman Tatoyan Paşinyan tərəfdarlarının keşişə təzyiq göstərməsini pisləyib.

Baş verən hadisəni Cebhe.info-ya şərh edən Ərziyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlının sözlərinə görə, erməni kilsəsi Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalara fəal dəstək verir:

"Ancaq hakimiyyət dəyişikliyinə nail olmaq asan olmayacaq. Həm Eçmiədzin, həm də Kilikiya kilsəsi Paşinyanın istefasını istəyir. Zəngəzurdakı kilsədə baş vermiş insident də oradan qaynaqlanır. Paşinyan da buna görə kilsəyə qarşı əks tədbir görür. Eçmiədzin kilsəsində Paşinyanın qovulması məsələsini müzakirə ediblər. Amma Eçmiədzin kilsəsi keşiş Zeynalyanı müdafiə edir. Çünki Eçmiədzin kilsəsi də Paşinyanın hakimiyyətdən getməsini istəyir. Əslində, kilsə bu gün müxalifətlə birləşib. Hadisələrin inkişafı göstərir ki, Paşinyanın tərəfdarları çoxdur. Onun istefaya getməsini istəməyən qüvvələr sayca üstünlük təşkil edir. Paşinyan növbədənkənar seçkilər keçirməyi və yenidən hakimiyyətə gəlməyi planlaşdırır. Amma bu məsələdə kilsənin rolu önəmli olacaq.

Hesab edirəm ki, Paşinyanın hakimiyyətdə qalmasında kilsənin rolu həlledici olacaq. Amma həm yerli kilsələr, həm də Livanda yerləşən Kilikiya kilsəsi Paşinyanı istefa verməyə çağırır. Ona görə də Paşinyanın həmin keşişi kilsədən uzaqlaşdırmağa gücü çatmaz”.

Qafar Çaxmaqlı qeyd etdi ki, 16 siyasi partiya Paşinyandan hakimiyyətdən getməyi tələb etsə də, bu bütün xalqın mövqeyini əks etdirmir:

"Paşinyan da bildirir ki, həmin partiyalar və onların sosial bazası cəmiyyətin 7 faizini təşkil edir. Paşinyan da bəyan edir ki, bu bir qrupdur və xalqın fikrini əks etdirmir. Həqiqətən də ordu, güc strukturları Paşinyanın istefasını istəmir. Belə bir fikir var ki, əgər Paşinyan Azərbaycanla müharibəni dayandırmasaydı, daha böyük itkilər ola bilərdi. Nəticədə, erməni xalqı məhv olardı. Paşinyanın kapitulyasiya sənədini imzalamasını təqdir edən adamlar da var. Ona görə də qarşıdurma dərinləşəcək. Bu, uzunmüddətli xarakter alacaq. Tətillər, itaətsizlik Ermənistan cəmiyyətini xaosa sürükləyəcək. Sonda yenə anlayacaqlar ki, Ermənistanda qanuni seçkilərə ehtiyac var. Həmin seçkilərin nə vaxt baş tutatacağı isə hələ məlum deyil. Ermənistanda hazırda gərginliyin davam etməsi Azərbaycanın xeyrinədir. Bu durum Ermənistanın iqtisadiyyatını da məhv edir. Ermənistan siyasi məngənəyə düşür. Azərbaycan da yaranmış vəziyyətdən istifadə edib Dağlıq Qarabağda öz suveren hüquqlarını bərpa etməyə çalışmalıdır. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə Azərbaycan inzibati nəzarətini təmin etməlidir. Artıq Xankəndinə 12 min azərbaycanlının köçürülməsi təklifi var. Bu prosesin Şuşada, Hadrutda da həyata keçirilməsi sülh danışılarında Azərbaycanın əlini gücləndirə bilər. Paşinyanın istefa verəcəyi gözlənilındir. Ancaq seçkilərdə onun tərəfdarları ola bilsin ki, parlamentdə yenidən çoxluğu qazana bilsin. İndiki şəraitdə isə Ermənistanda xaos hökm sürür”.

Qeyd edək ki, Paşinyanın "B planı” kimi istefaya məcbur olacağı təqdirdə, növbədənkənar parlament seçkilərində "Mənim addımım” blokundan öz yerinə Milli Məclisin spikeri Ararat Mirzoyanı gətirməyi nəzərdən keçirdiyi bildirilir.

Qafar çaxmaqlı bu məlumatın həqiqətə uyğun olduğunu dedi.

Onun sözlərinə görə, müxalifətin vahid namizədi olan Vazgen Manukyan qaranlıq keçmişə malik bir insandır.

Ekspert bildridi ki, Vazgen Manukyanın başçılığı ilə keçid hökumətinin qurulması Ermənistanda yenidən siyasi xaosa yol aça bilər:

"Bizə də Ermənistanda qanuni hakimiyyətin olması lazımdır ki, Azərbaycan onunla danışıqlar apara bilsin. Erməni politoloqlardan İskəndəryan, Vartan Qukasyan öz çıxışlarında bildirirlər ki, Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolu olmayacaq. Bu siyasi qüvvələr hakimiyyətə gəlmək üçün qanunsuz üsullara əl atır. Onlar keçirdiyi mitinqlər də yaranmış vəziyyətdən çıxış yolu deyil”.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları