Yuxarı

Rusiya üçün "əcəl zəngi”: Bayden hansı "nöqtədən” vuracaq?

Rusiya üçün

Rusiya üçün

ABŞ-ın yeni Prezidenti Cozef Bayden komandasına anti-Rusiya meyilli şəxsləri toplamaqda davam edir.

Xəbər verildiyi kimi, Baydenin Viktoriya Nulandı dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edəcəyi bildirilir. Bu barədə ABŞ-ın Demokrat Partiyasının yaydığı açıqlamada məlumat verilib. Viktoriya Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına kimi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Məlum olduğu kimi, o, Rusiyaya nifrət edir və "narıncı inqilab”ların əsas müəllifidir.

Maraqlıdır, bu komandanın fəaliyyətə başlamasından sonra Rusiyanı nələr gözləyir?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, bu təyinatlar ciddi mesajdır:

"Viktoriya Nulandın da dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə gətirilməsi onu göstərir ki, ABŞ-ın bu siyasəti ardıcıl və birmənalı xarakter almaqdadır. Amerika strategiyasında Rusiya məsələsi xüsusi yer tutur. Rusiyanın sürətlə silahlanmaya can atması bölgədə gərginlik mənbələrindən biridir. Bayden də özünün seçkiqabağı kampaniyasında Rusiyaya qarşı sərt olacağını və onun "qabığını sındıracağını” bildirib. Çünki Rusiya qabığından çıxıb artıq. Beləliklə, Bayden qüvvələr nisbətində tarazlıq yaradacağını bəyan edib. Hesab edirəm ki, Baydenin anti-rus siyasəti heç kimdə şübhə doğurmur. Viktoriya Nulandın da dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə gətirilməsi onu göstərir ki, ABŞ-ın bu siyasəti ardıcıl və birmənalı xarakter almaqdadır. Zənnimcə, anti-rus meyl, Amerikanın yeni Adminstrasiyasının xarici siyasət xəttində aparıcı yer tutacaq. Bu da bölgədə ciddi gərginliklərə səbəb ola bilər”.

Rəngli inqilablar ssenarisi işə düşür

Politoloq Elşən Manafov isə hesab edir ki, ABŞ Rusiyanın təsir və nüfuz dairəsində olan ölkələrdə rəngli inqilablar təşkil edəcək:

"Əslində Bayden prezident seçilməzdən əvvəl də Rusiyanı ABŞ-ın bir nömrəli düşməni elan etmişdi. Bu da onu göstərir ki, Bayden hakimiyyətə gələndən sonra iki dövlət arasında gərginlik yüksələn xətlə davam edəcək. İlk növbədə bu Rusiyanın təsir və nüfuz dairəsində olan MDB ölkələrində ABŞ-ın yenidən geosiyasi və rəngli inqilabları həyata keçirmək istəyində öz əksini tapmalı idi. Digər tərəfdən Birləşmiş Ştatlar Ukraynaya NATO çərçivəsində olan dəstəyin verilməsi ilə bağlı səylərini gücləndirəcək və çalışacaq ki, Ukraynanın Donbas və Luqansk üzərində suverenliyi bərpa olunsun. Moldovanın Rumuniyaya birləşdirilməsi istiqamətində Amerikanın öz səylərini gücləndirəcəyi də istisna edilmir. Bu mənada Rumıniyanın prezidentinin çıxışları da göstərir ki, Moldovanın Rumıniya ilə birləşməsindən sonra bu ərazilər perspektivdə NATO tərkibinə girəcək. Belarusda seçkilərdən sonra oranın legitim prezidenti kimi Sevtlana Tixanovskayanı tanıyan ABŞ, bu istiqamətdə Rusiya- Belarus ittifaqının da qarşısını almaq istiqamətində səylərini gücləndirəcək. Beləliklə çalışacaq ki, Belarusu Rusiyanın tərkibindən qoparsın. Bundan əlavə Cənubi Qafqazda da Rusiyanın öz maraqlarını qoruduğunu, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirdiyini nəzərə alsaq, bu da Baydeni qane etmir. Çünki ABŞ Fransa ilə birlikdə həmsədr dövlətlər olaraq Dağlıq Qarabağla bağlı proseslərdən kənarlaşdırılıb. Təbii ki, ABŞ bu mənada revanş götürməyə və Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışacaq”.

"Ağ Ev "Şimal axını”nın qarşısını almağa çalışacaq”

Politoloq qeyd edib ki, Mərkəzi Asiya dövlətlərində də ABŞ özünün əvvəlki mövqeyini gücləndirməyə çalışacaq:

"Məsələn, Qızğızıstanda Birləşmiş Ştatlar tərəfindən belə bir addımın atılması həm Rusiyaya təzyiq anlamında qəbul olunmalı, həm də Çinin sərhədləri yaxınlığında ABŞ bazalarının yaradılması rəsmi Pekini narahat etməlidir. Bayden Trampdan fərqli olaraq Çinə qarşı iqtisadi müharibə aparmayacağını bildirmişdi. Bu mənada onun prezident seçilməsinə sevinən dövlətlərdən biri də Çin idi. İran da Baydenin prezidentliyinə sevinən dövlətlərdəndir. Çünki Bayden İranla da münasibətləri normallaşdırmaq istiqamətlərində razılıqlara gedilə biləcəyini açıqlamışdı. Eyni zamanda bütün bunlar Birləşmiş Ştatların Avropa İttifaqı ilə münasibətlərində ABŞ xeyrinə olan nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda Birləşmiş Ştatlar Almaniya və digər Avropa dövlətlərin təzyiq göstərməklə "Şimal axını” layihəsinin qarşısını almağa çalışacaq. Rusiyaya qarşı təzyiqlərin daha da güclənəcəyi və NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı addımlar atılacaq”.

"Türkiyə vasitəsi ilə milli münasibətlərin qabardılmasına səy göstəriləcək”

Ekspert hesab edir ki, ABŞ Rusiyanı daxildən də parçalamaq üçün türkdilli xalqların milli- etnik problemlərini də qabartmağa çalışacaq:

"Bütün bunlar Rusiyaya necə təsir edəcək? Rusiya prezidenti öz çıxışında büdcə gəlirlərində qeyri-neft sektorunun payının artdığını bildirib. Rusiyanın zəngin ehtiyatları var. Eyni zamanda dünya meşə ehtiyatlarının 20 faizi Rusiyanın payına düşür. Rusiyanın xeyrinə işləməyən faktorlar isə ölkədə əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır. ABŞ Rusiyada Türkiyə vasitəsi ilə milli münasibətlərin qabardılmasına səy göstərəcək. Xüsusən türkdilli xalqlarının öz dilində yaşamaq hüququnun verilməsi və ya Federasiya tərkibində zamanında Tatarıstanın malik olduğu statusların bərpa edilməsi ilə bağlı bəyanatlar verilə bilər. Yəni Rusiyanın daxilində detenator rolu oynaya biləcək etnik milli problemlərin də qabardılması ABŞ-ın planlarına daxildir. Başqa məsələdir ki, Putin elitası bütün bu təzyiqlərin qarşısında durmaq üçün nə etməlidir? Bu suala Rusiya Baydenin verdiyi qərarlardan sonra cavab verəcək. Lakin biz Rusiyanın türkdilli respublikalarla münasibətlərində gərginliyin yaşandığını görürük. Rusiyada sosial- iqtisadi durum ağır olduğu üçün Navalnı kimi müxalifətçilər həbs olunur. Rusiyanın iqtisadi deyil, hərbi anlamda NATO və Birləşmiş Ştatlara qarşı duruş gətirmək imkanları var. Amma bunun nə qədər çəkəcəyi bilinmir”.

Əli Bədir





Həftənin ən çox oxunanları