Yuxarı

Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq

Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq

Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq

"ABŞ Dağlıq Qarabağdakı son hərbi əməliyyatlar fonunda Azərbaycana göstərdiyi təhlükəsizlik yardımına yenidən baxa bilər”.

ABŞ-ın yeni Dövlət katibi postuna namizəd Entoni Blinken belə açıqlama ilə çıxış edib. Blinken Ermənistanın təhlükəsizliyini qorumaq və Dağlıq Qarabağdakı humanitar böhrandan çıxması üçün İrəvana maliyyə yardımının verilməsini dəstəkləyib.

"Təhlükəsizlik sahəsində, demokratik idarəetmənin gücləndirilməsi və iqtisadi böyümənin təşviqi üçün yardım üçün vəsaiti ayrıla bilər”-deyən E.Blinken bildirib ki, eyni zamanda, ABŞ Azərbaycana verdiyi yardımları nəzərdən keçirəcək.

"Bu yaxınlarda Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar rəhbərliyimiz Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək. Əgər vəziyyət tələb edərsə, Bayden-Harris administrasiyası Azadlığı Dəstəkləmə Qanununun Azadlığı Dəstək Qanununun 907-ci maddəsinin tələblərindən azad etməyi dayandırmağa hazır olacaq”-deyə, o bildirib.

Blinken qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etmək və yeni müharibənin qarşısını almaq niyyətindədir: "Vaşinqton təkcə Əliyev, Ərdoğan və Putinin deyil, ermənilərin maraqlarını əks etdirən davamlı sülhü təşviq edəcək”.

"Prezident dedi ki, Amerika Birləşmiş Ştatları avropalı ortaqlarımızla işləyərək münaqişəyə davamlı həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün beynəlxalq humanitar yardım göstərməlidir. Bu təsdiqlənərsə, mən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin son həllinə dair axtarışlarında iştirakını gücləndirəcəyəm, Dağlıq Qarabağın təhlükəsizliyini qoruyacağam və müharibənin yenidən başlamasının qarşısını alacağam”,- Blinken belə deyib.

Qeyd edək ki, ABŞ-ın Azadlığa Dəstək Qanununun 907-ci maddəsi ABŞ-ın Azərbaycan hökumətinə hər cür birbaşa yardımını qadağan edir. Həmin 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş Azadlığı Müdafiə Aktına düzəlişin əsas müəlliflərindən biri Co Baydendir. Bu baxımdan, 907-ci düzəlişin yenidən gündəmə gəlməsi erməni diasporunun və lobbisinin təsiri altında olan Bayden administrasiyasının işğal olunmuş əraziləri hərbi əməliyyatlar yolu ilə azad etmiş Azərbaycana qarşı sanksiyalar tətbiq etmək niyyətindən xəbər verir. Əslində, ermənilərə xüsusi rəğbəti olan Co Baydenin prezident seçiləcəyi təqdirdə, Azərbaycana və Türkiyəyə qarşı münasibətdə qeyri-obyektiv mövqe sərgiləyəcəyi gözlənilən idi.

Bu isə ABŞ-ın enerji sahəsində strateji tərəfdaşı olan Azərbaycanla əlaqələrə zərbə vura bilər. Eyni zamanda, yeni administrasiyasının Türkiyəyə qarşı erməni düşmənçiliyini dəstəkləməsi prezident Baydenin Transatlantik inteqrasiyanı sürətləndirmək və NATO-nun güclənməsinə nail olmaq planlarını ciddi əngəl törədəcək. Bu isə Rusiyanı qlobal səviyyədə zəiflətmək istəyən Co Baydenin Türkiyə kimi böyük müttəqinin Moskva ilə yaxınlaşmasına səbəb olacaq.

"O addımların Azərbaycana təsiri olmayacaq”

Politoloq Natiq Miri hesab edir ki, Baydenin erməniyönlü siyasət yürüdəcəyi gözlənilən idi. Yeni administrasiya müəyyən sanksiyalaşdırıcı addımlar atsa da, bunun Azərbaycana təsiri olmayacaq:

"Blinkenin açıqlamasından öncə ABŞ-da olan erməni diasporu prezident Baydenə müraciət etmişdi. Həmin müraciətdə Azərbaycana və Türkiyəyə konkret sanksiyaların tətbiq olunması, eləcə də Azərbaycana hərbi yardımların dayandırılması təklif edilmişdi. Maraqlıdır ki, Entoni Blinkenin açıqlaması erməni diasporasının müraciəti ilə üst-üstə düşür. Onların yanaşması bir-birini təkzib etmir, əksinə tamamlayır. Blinken açıqlama verərkən erməni diasporasının maraqları və müraciəti nəzərə alınıb. Ona görə də ermənilərin maraqlarını Azərbaycana və Türkiyəyə əzdirməmək üçün Azərbaycana təzyiq etmək istəyirlər. Həmin açıqlamada birbaşa təzyiq notları hiss olunur. Bununla da ATƏT-n Minsk Qrupunda həmsədrlik institutunun bərpasına və ABŞ-ın bu prosesdə iştirakına çalışırlar. Çünki ABŞ oyundan kənarda qalmasından məmnun deyil. Belə vəziyyət ABŞ kimi hegemon dövlət üçün aşağılayıcı vəziyyət hesab edilir. Eyni zamanda, prosesə erməni diasporasının da təsiri var. Baydenin prezident seçilməsində erməni maliyyəsi də iştirak edib. Ona görə də Baydenin və onun administrasiyasının erməniyönlü siyasətini gözləyirdik. Baydenin seçki prosesinin maliyyələşməsini üzərinə götürən Soros Fondu həm də Ermənistanın Baş naziri Paşinyanın inqilabi yolla hakimiyyətə gəlməsinin maliyyə mənbəyidir. Bu mənbələr eyni olduğuna görə siyasi maraqlar da uzlaşdırılır. O ki qaldı, ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində iştirakı məsələsinə, hesab edirəm ki, bu daha çox Azərbaycan, Rusiya və Türkiyənin siyasi iradəsindən asılı olacaq. Azərbaycan ABŞ-ın və Fransanın həmsədr kimi Minsk Qrupuna qatılmasını istəməsə, nə Vaşinqtonun, nə də Parisin bundan artıq edə biləcəyi heç nə yoxdur. Ola bilsin ki, Trampın prezidentliyi dönəmində Azərbaycana edilən yardımlar dayandırıla bilər. Ancaq bu qərar Azərbaycana təsir edəcək güclü təzyiq mexanizmi deyil. Çünki Azərbaycan öz müdafiə qüdrətini ABŞ-ın maliyyə dəstəyi ilə təmin etməyib. Başqa siyasi təzyiqlərə gəlincə, ABŞ-ın bu sahədə imkanları o qədər geniş deyil. Əvvəla, Bayden özü konkret saxtakarlıqlar nəticəsində hakimiyyətə gəldiyi üçün dünyaya demokratiya dərsi verə bilməyəcək. Ona görə də Vaşinqtonun maraqları naminə Azərbaycanın öz mövqeyindən çəkilərək Amerikanı və Fransanı bu prosesə qoşması qətiyyən uyğun deyil”.

"Baydenin Ermənistanın yanında yer alması ABŞ-ın maraqlarını təmin etməyəcək”

Ekspert bildirdi ki, Dağlıq Qarabağ məsələsində Türkiyə və Rusiyanı özünə geosiyasi rəqib görən Bayden hökumətinin Ermənistanın yanında yer alması ABŞ-ın maraqlarını təmin etməyəcək. Əksinə, bu səhv taktiki gediş ABŞ-ın regiondakı geostrateji mövqelərini zəiflədə bilər.

"Rusiya sözdə ATƏT-in Minsk Qrupunun posesdə iştirakına razılıq versə də ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda və Ermənistanda fəallaşmasının əleyhinədir. Bunu Türkiyə də istəmir. Gələcəkdə Bayden administrasiyası ilə Türkiyə arasında potensial anlaşmazlıqların və problemlərin yaşanacağı proqnozlaşdırılır. Prezident Baydenin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndə təyin etdiyi Mark Kruk Türkiyə düşməni kimi tanınır. 2004-cü ildə İraqa gələn Kruk bu ölkəni federallaşdıran konstitusiyanın müəllıifi kimi tanınır. İraqın üz hissəyə parçalanması, Suriyanın işğalı və PKK koridorunun yaradılması ideyasının müəllifidir. Ona görə də düşünürəm ki, Türkiyə də ABŞ-ın Qarabağ məsələsinin həllində iştirakını istəməyəcək. Artıq Qarabağ problemində tərəf olan Rusiyanın, Türkiyənin və Azərbaycanın ortaq təsəvvürlərini formalaşdırmaq mümkündür. Gələcək perspektivdə Rusiya sülhməramlılarının fəaliyyət çərçivəsi razılaşdırılaraq konkret çərçivə əldə olunarsa, Azərbaycanın suverenliyi digər ərazilərdə də təmin edilərsə, ABŞ bu üç regional gücün qarşısında geri çəkilmək məcburiyyətində qalacaq. Çünki ABŞ-ın başqa alternativi yoxdur. Çünki Cənubi Qafqazda ən strateji ölkə Azərbaycandır.

Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hər hansı geostrateji planların həyata keçirilməsi mümkün deyil. İkincisi, Xəzər hövzəsində iştirakı və Mərkəzi Asiyaya çıxışı təmin etmək üçün ABŞ-ın Azərbaycana və Türkiyəyə ehtiyacı var. Ona görə də bu məsələlərdə Azərbaycan və Türkiyə ilə uzlaşmadan ABŞ-ın bu regionda maraqları təmin olunmayacaq. ABŞ-ın belə fəallaşmasından sonra Azərbaycan, Türkiyə və Rusiya üçlüyü çərçivəsində maraqları daha da yaxınlaşırmağa ehtiyac yaranacaq və konkret addımlar atılacaq. Əgər əvvəllər Cənubi Qafqazda əsas söz sahibi Rusiya idisə, indi bölgədə Türkiyə mövcuddur. Regionda qüvvələr balansı Azərbaycan-Türkiyə birliyinin xeyrinə doğru dəyişir. Ona görə də ABŞ bu vəziyyətlə razılaşmalıdır. Bunun alternativi Ermənistan deyil. Ermənistanda Rusiyanın hərbi bazaları mövcud olduğu halda ABŞ-ın Ermənistanı nəzarətə götürəcəyini düşünmürəm. Azərbaycan-Türkiyə-Rusiya formatı ABŞ-ı oyundan kənar saxlamağı bacarsa, bayden administrasiyası həm Bakı, həm də Ankara ilə anlaşmaq məcburiyyətində qalacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları