Yuxarı

Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL

Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL

Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL

Donald Tramp ABŞ-ın prezidenti postunu tərk etsə də, siyasətdən getmədiyini bəyan edib.

Onun hazırkı hakimiyyətə qarşı yeni siyasi mübarizəyə başlayacağı bildirilir.

Tramp özü də Ağ Evdən ayrılarkən tərəfdarlarına "Mən siyasətdən getmirəm. Hər halda, bu və ya digər şəkildə görüşəcəyik”,-deyib.

Ancaq eks-prezident mübarizəni hansı formada davam etdirəcəyini açıqlamayıb. ABŞ-da Trampın yeni siyasi partiya yaratmaq planları heç kimə sirr deyil. Mediada yayılan məlumatlara görə, Donald Tramp Vətənpərvərlik Partiyası adlı siyasi təşkilat təsis etməyə hazırlaşır.

Bəzi siyasi müşahidəçilər Trampın bu niyyətini ABŞ-da iki partiyalı sistemin sonu kimi dəyərləndiriblər. Amma ABŞ-da Respublikaçılar və Demokratlardan başqa siyasi partiyaların olmadığını söyləmək yanlışdır. Birləşmiş Ştatlarda Libertian, Konstitusiya, Sosialist, Yaşıllar partiyaları fəsliyyət göstərir. Əgər Tramp Vətənpərvərlik Partiyasını yaradarsa, bu, ABŞ-ın ikipartiyalı adlandırılmasına baxmayaraq, əslində çoxpartiyalı olan sistemində yer alan növbəti siyasi təşkilatlardan olacaq.

Yəni Trampın yeni partiyanın sədri kimi siyasətə qayıtmasında qeyri-adi heç nə yoxdur.

Səslənən suallar daha çox onun seçkilərdə üçüncü bir partiyanın lideri hakimiyyətə qayıtmaq şansının nə qədər real olması ilə bağlıdır. Donald Trampın siyasətdə qalmasını təmin edən iki əsas amilin olduğunu müşahidə etmək olar. Bunlardan biri Trampın 2016-cı ildən etibarən formalaşmış ultramühafizəkar elektoratıdır. Prezident olduğu müddətdə D.Tramp özünə sabit elektorat toplaya bilib. Bu, özünü prezident seçkilərində də göstərdi. 80 milyondan səs toplayan Co Baydendən sonra Donald Tramp 75 milyon seçicinin etimadını qazandı. Bu isə kifayət qədər böyük göstəricidir və eks-prezident öz tərəfdarlarını itirmək istəmir.

Yəni Tramp bu elektoral bazaya söykənib hakimiyyətdə qalmağa çalışır. Burada fərqli məqamlardan biri həmin seçici kütləsinin böyük hissəsinin Respublikaçılar Partiyasından daha çox məhz Trampa yaxın olmasıdır. Qatı sağçı mövqeyi ilə seçilən Trampa səs verənlərin arasında irqçilər, rasistlər, islamafoblar xüsusi yer tutur. Neokonservatorlardan daha mühafizəkar olan bu radikallara ABŞ-da "Trampizm” cərəyanı adı verilib. Görünür, ABŞ-ın 45-ci prezidenti də məhz sayı heç də az olmayan bu sosial bazanın hesabına yeni partiya formalaşdıraraq hakimiyyətə qayıda biləcəyinə inanır. Əgər Tramp yeni partiya yarada bilsə, bu, mühafizəkar düşərgədə prezident seçkiləri öncəsi dərinləşən fikir ayrılığını daha da artıra bilər.

Belə ki, Tramp özünün keçmiş komandası və respublikaçıların bir hissəsini öz tərəfinə çəkə bilsə, bu, mühafizəkarların partiyasında bölünməyə səbəb olacaq. Ancaq son hadisələr bunun heç də asan olmayacağını göstərir. Artıq Tramp məğlub olmuş siyasətçi hesab edilir.

Ona görə də respublikaçıların əksəriyyətinin onu dəstəkləyəcəyi reallıqdan uzaq səslənir.

Hətta Trampın ən qatı tərəfdarları olan Mayk Pens, Mitç MakKonel, Mayk Pompeo kimi siyasətçilər seçkidən dərhal sonra eks-prezidentlə yollarını ayırdılar.

Yeni partiyaya radikal baxışlı müəyyən fəallar qatıla bilər. Lakin bu sırada nüfuzlu şəxslərin adları hələ çəkilmir.

Digər tərəfdən, Trampın yaradacağı yeni partiya siyasi səhnədə öz sözünü demək üçün ştatlardakı yerli özünüidarəetmə orqanlarına, 2022-ci ildə Konqresə və 2024-cü ildə prezident postuna keçiriləcək seçkilərdə qalib gəlməlidir. Bu isə çox uzun və çətin prosesdir. Nəhayət, hazırda 75 yaşlı Trampın 2024-cü ildə 79 yaşı olacaq. Ona görə də eks-prezidentin perspektivdə siyasətə uğurlu dönüşü asan olmayacaq. Yəni bugünkü sosial bazanı dörd il sabit saxlamaq mümkün deyil.

Təbii ki, Tramp bütün bunları özü də bilir. Ona görə də siyasi səhnəyə onun dəst-xəttini davam etdirən daha gənc siyasi liderin çıxmasını məqsədəuyğun hesab edir. Artıq ABŞ-ın siyasi kuluarlarında sabiq prezidenti böyük qızı İvanka Trampın Vətənpərvərlik Partiyasının başına gətiriləcəyi barədə məlumatlar yayılmağa başlayıb. İvanka Tramp hazırda ABŞ-da yüksək nüfuza malik olsa da, onun siyasətdə nə qədər bacarıqlı olduğunu yalnız iki ildən sonra, Konqresə aralıq seçkilərdə söyləmək mümkündür.

Trampı siyasətə sövq edən ikinci amil kimi onun güclü maliyyə imkanlarına malik olmasını göstərmək olar. Çox güman ki, Tramp seçkilərdə liderlik etdiyi partiyanın uğur qazanması üçün lazım olan vəsaiti əsirgəməyəcək. Əgər həmin təşkilatın rəhbərliyində özü və ya ailə üzvlərindən biri dayanarsa, bu ehtimal daha inandırıcı görünür. Lakin ABŞ cəmiyyəti bütün alternativ fikirlərə baxmayaraq, 1852-ci ildən bəri yalnız respublikaçılar və demokratlar arasında seçim edir. Bu, artıq formalaşmış sistemə çevrildiyindən onu dəyişmək Tramp üçün axına qarşı getmək olar.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları