Ötən il noyabrın 10-da Paşinyanın kapitulyasiya sənədinin imzalanmasından başlanan etiraz dalğası demək olar ki, aradan qalxmaq üzrədir. Bu isə Paşinyana son aylar zəifləyən hakimiyyətini yenidən möhkəmlətmək imkanı yaradır. Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Baş nazirin postunda qalması bir sıra daxili və geosiyasi amillərlə bağlıdır. İlk növbədə, Ermənistan müxalifəti siyasi balansı öz xeyrinə dəyişə bilmədi. Həm müxalifətin yeni siyasi platforma təqdim edə bilməməsi, həm nüfuz baxımından bütün erməniləri öz ətrafında birləşdirəcək lider təqdim etməməsi alternativ güc mərkəzi yaratmağa mane oldu.
Keçirilən rəy sorğuları Paşinyanın siyasi reytinqinin müxalifət liderləri ilə müqayisədə daha yüksək olduğunu, eyni zamanda Ermənistan əhalisinin müvəqqəti hökumətin əleyhinə olduğunu göstərirdi.
Bu da dolayısı ilə Ermənistanda Vazgen Manukyanın hakimiyyətə gəlişini əngəlləyən əsas amillərdən birinə çevrildi. Nikol Paşinyanın hakimiyyətdə qalmasını təmin edən digər daxili faktor baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" blokunun parlamentdə səs çoxluğuna malik olmasıdır. Prosesin Rusiya tərəfindən müxalifətin lehinə dəyişdiriləcəyinə dair proqnozlar da özünü doğrultmadı. Hadisələrin gedişi Rusiyanın Ermənistanda baş verənlərə münasibətdə daha çox müşahidəçi mövqeyi tutduğunu göstərdi. Hökumətin proseslərdən inzibati resurslar hesabına güclü çıxması artıq Kremli mövcud situasiya ilə barışmağa vadar edib. Eyni zamanda, Paşinyanın hazırkı mərhələdə hakimiyyətdə qalması Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişin pozulmasını istəməyən Kremlin maraqlarına cavab verirdi. Erməni politoloq Yervand Bozoyanın sözlərinə görə, Rusiya hakimiyyət orqanlarının məqsədi yeni bir müharibə ehtimalını təsirsiz hala gətirmək üçün mümkün olan hər şeyi etməkdir. Ona görə də Rusiyanın Ermənistan müxalifətinə dəstəyi axıra davam etmədi.
Digər tərəfdən, müxalifət düşərgəsində Rusiyanın əsas dayağı olan Qarabağ klanının da siyasi və sosial bazası dağılıb. Klan daxilində son iki ildə müşahidə olunan parçalanma müharibədəki məğlubiyyətdən sonra daha da dərinləşib. Hərbi əməliyyatlara yardım etmək üçün Qarabağa gedən eks-prezident Robert Köçəryanı qondarma rejimin başçısı Araik Arutunyanın qovması sözügedən ziddiyyətlərin pik həddə çatdığını təsdiq edir. Bütün bunlar Paşinyanın xeyrinə işləyən amillər kimi çıxış edir. Nəhayət, Paşinyanı təslimçi sazişə imza atdığına görə xəyanətdə ittiham edən Ermənistan cəmiyyətində də son günlər müharibə əleyhinə əhval-ruhiyyənin artdığını görmək olar. Minlərlə hərbçinin cəsədlərinin Ermənistana aparılması xalq arasında müharibədən imtina barədə çağırışların meydana çıxmasına səbəb olub.
Artıq ermənilərin öz övladlarını hərbi xidmətdən gizlətməsi, əsgər ailələrinin etirazlar keçirməsi baş verir ki, bu da Paşinyanın siyasi dayaqlarını gücləndirir. Buna baxmayaraq, Ermənistan mətbuatı Paşinyanın növbdənkənar parlament seçkilərinə hazırlaşdığını və həmin məqsədlə gizli müzakirilərə başladığını yazır. Ancaq Paşinyanın qeyd edilən təşəbbüsü müxalifətin istefa tələbini yerinə yetirməyə deyil, yenidən siyasi revanş götürməyə hesablanıb. Paşinyan hələlik hakimiyyətini qoruyub saxlaya bilsə də, seçkidə onun mövqelərini sarsıdacaq zəif bəndləri az deyil.
Müxalifət nümayəndələri hesab edir ki, Paşinyanın əsas zəif cəhətləri onun bir siyasətçi kimi Azərbaycanın qarşısında çıxılmaz duruma düşməsi, bütün şərtləri qəbul etməsidir. Sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Ermənistanın güzəştə getməsi Paşinyana qarşı yönələn əsas ittihamlardan biridir. Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin görüşündən sonra Paşinyan hərbi əsirləri qaytara bilməməsi onun əsas zəif cəhətlərindən biri hesab edilir. Əslində, hərbi əsirlər dedikdə, Ermənistan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağdakı meşələrdə gizlənərək Azərbaycan ordusunun mövqelərinə hücum etmiş terrorçuları nəzərdə tutur. Lakin onlar terrorçu kimi cinayət törətdiyinə görə Azərbaycan tərəfindən həbs edilib və əsir hesab olunmurlar.
Erməni iqtisadçıları isə hesab edir ki, Paşinyan hökumətinin əsas zəif cəhəti ölkədə iqtisadi göstəricilərin böhran həddinə çatmasıdır.
"Ölkədəki iqtisadi böhran kifayət qədər dərindir, buna həm koronavirus, həm də müharibədən sonrakı vəziyyət səbəb olur”.
"Parlaq Ermənistan” fraksiyasının üzvü Arkadi Xaçatryan jurnalistlərə açıqlamasında belə deyib: "Dövlətin sosial yükü artıb. Bu səbəbdən 2021-ci il büdcəsinə yenidən baxılması, yeni layihənin tətbiqi barədə israr edirik. Ona görə də 2021-ci il büdcə layihəsinin əleyhinə səs verdik. Problemlər çoxdur və həll yolu həm ölkənin, həm də Ermənistan Respublikasının iqtisadi və sosial strategiyasını nəzərdə tutan ölkənin təhlükəsizliyi üçün yeni bir strategiyanın hazırlanmasında olmalıdır".
Bunu Ermənistanın rəsmi statistikası da sübut edir. Ermənistanın xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-noyabr aylarında 3,1 trln. dram və ya 6.4 milyard dollar təşkil edib ki, bu da illik göstərici üzrə 12.4 faiz azalma deməkdir. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan isə "Facebook" səhifəsində yazıb ki, Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər saxtadır. Ölkədə real vəziyyət daha ağırdır. Ümumi daxili məhsulda azalma təxminən 7,2 faizdir (bu anda yalnız iqtisadi fəaliyyət indeksi təqdim olunur), tikintidə azalma 11,2 faiz, ticarətdə 13,5 faiz, xidmət sektorunda 13,6 faiz, ixracatda 5.2 faiz (mövcud qiymətlərlə) və idxalda 16 faiz azalıb. Orta aylıq nominal əmək haqqı 4.2 faiz artsa da, "Mənim addımım” tərəfindən verilən mükafatı əmək haqqından çıxdığımızda və bu mükafatların əmək haqqındakı payını nəzərə alsaq, ortalama aylıq nominal əmək haqqının artmadığını görürük. Bir sözlə, rəsmi rəqəmlərə görə bu pisdir",-Baqratyan belə qeyd edib.
Görünən odur ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistana rəhbərliyə davam etmək istəyən Paşinyanın qarşısında həllini gözləyən çox sayda problmlər var.
Müşfiq Abdulla