Yuxarı

Lavrovdan diplomatik Qarabağ açıqlaması: Kreml bu dəfə nəyə işarə edir?

Lavrovdan diplomatik Qarabağ açıqlaması: Kreml bu dəfə nəyə işarə edir?

Lavrovdan diplomatik Qarabağ açıqlaması: Kreml bu dəfə nəyə işarə edir?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı son açıqlamlarında ziddiyyətli fikirlər yer alıb.

Lavrov erməni jurnalistin suallarına cavabında Rusiyanın neytral mövqe tutduğunu nümayiş etdirməyə çalışıb. Hətta onun fikirləri bəzi KİV-lərdə Azərbaycanın maraqları baxımından müsbət dəyərləndirilib. Lakin Lavrovun diplomatik mesajlarının təhlili Rusiyanın Qarabağa məsələsinin ətrafında hələ də manipulyasiya siyasətini davam etdirdiyini göstərir.

Qeyd edək ki, Rusiya XİN başçısı Dağlıq Qarabağın gələcək statusu ilə bağlı erməni jurnalistin sualını cavablandırarakən, bu mövzunun sanki öz aktullığını itirdiyini bəyan etməyə çalışıb. Digər tərəfdən, S.Lavrov bu məsələnin gələcəkdə ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirəyə çıxarılacağını istisna etməyib. "Bizim ümumiyyətlə, Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”,- deyən Lavrov eləcə də status məsələsinin də gündəmdə olmayacağını xüsusilə bildirib: "Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir”.

Onun sözlərinə görə, Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. "Ona görə də İrəvan və Bakının mövqeləri nəzərə alaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”,- deyə o vurğulayıb.

Lavrov həmçinin, bildirib ki, Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur. "Qarabağın müstəqilliyi Ermənistan Respublikası da daxil olmaqla heç kim tərəfindən tanınmayıb.

Bizim də belə bir fikrimiz yoxdur. Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr-ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək", - deyə Lavrov qeyd edib.

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında Sergey Lavrovun səmimi mövqe tutmadığını, Rusiyanın Dağlıq Qarabağ siyasətinin Azərnbaycanın maraqlarına cavab vermədiyini deyib:

"Diplomatların açıqlamalarında səmimiyyət gösləmək sadəlövhlük olar. İlk baxışda Rusiyanın vasitəçiliyi ilə bölgədə sülhün və sabitliyin təmin edilməsi təqdirəlayiqdir. Rusiya sülhməramlılarının fəaliyyəti münaqişə tərəfləri arasında uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına xidmət etməlidir. Lakin sülhməramlıların statusu ilə bağlı məsələyə aydınlıq gətirilməyib. Türkiyənin Prezidenti və Xarici İşlər naziri də Rusiyaya ismarıclarında sülhməramlıların statusuna aydınlıq gətirilməsinin zəruri olduğunu bildiriblər.

Bundan sonra Lavrov belə açıqlama ilə çıxış etməyə məcbur olub. Hətta Lavrov qeyd etdi ki, Rusiya sülhməramlılarının statusu məsələsinə Moskva görüşünün şərtlərində aydınlıq gətirilməli idi. Amma görünür, rəsmi Moskva danışıqların digər mərhələlərində də sülhməramlıların statusunun müəyyənləşməsi istiqamətində real addımlar atacaq. Bu halda danışıqlar davam etməlidir. İstər ötən noyabrın 10-da, istərsə də bu il yanvarın 11-də Moskvada keçirilən danışıqlar zamanı Rusiya Prezidenti bəyan etdi ki, Dağlıq Qarabağdakı erməni icmasının hansı status altında yaşayacağına aydınlıq gətirilməsi zəruridir. Lavrov da Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında birmənalı mövqedən çıxış etdi.

Yəni noyabr ayından bəri Ermənistandan Dağlıq Qarabağa 50 min nəfərdən artıq erməni köçürülüb. Onların arasında Suriyadan, Livandan, hətta Avropa ölkələrindən gəlmiş ermənilərin də olması istisna deyil. Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olduğuna görə həmin ərazidə baş verən proseslər barədə dəqiq məlumat əldə edə bilmirik. Hətta bu günlərdə məlum oldu ki, Ermənistanın "Daşnaksütyun” Partiyasının rəhbərliyi Dağlıq Qarabağa qanunsuz səfər edərək qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirib. Ancaq Dağlıq Qarabağa səfər edən hər bir xarici ölkə vətəndaşı bunu Azərbaycanla razılaşdırmalıdır. Lavrov isə öz açıqlamasında bildirdi ki, Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə daxil etməklə bağlı planları yoxdur. Nazirin bu sözləri Azərbaycanda həmin məsələyə dair narahatlıqlara son qoymalıdır. Amma Rusiya sülhmərmalılarının tərəf tutması və Ermənistandan Dağlıq Qarabağa davam edən axın perspektivdə Rusiyanın bu bölgə ilə bağlı planlarının olduğunu deməyə əsas verir. Bu da Azərbaycanın dövlət suverenliyini təhdid edir. Dağlıq Qarabağ problemi siyasi və hüquqi əsaslarla həllini tapmadıqca, Azərbaycan dövlətçiliyinin altına atılmış lağım rolunu oynayacaq”.

Ekspert bildirib ki, münaqişənin arxada qalması bizi qane etsə də, nəzərə almaq lazımdır ki, Ermənistanla sülh müqaviləsinin imzalanmayıb:

"Hətta Baş nazir Paşinyan Moskva görüşündə Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə ehtiyacın olduğunu dedi. Moskva buna reaksiya verməsə də, bu, Rusiyanın perspektivdə həmin məsələ ətrafında müzakirələri açmayacağı anlamına gəlmir. Rusiya sülhməramlılarının Azərbaycanın yurisdiksiyasına aid olan ərazilərdəki problemləri nəzarət altına alması göstərir ki, Moskva özünün bəyanatlarında səmimi deyil. Çünki Rusiya Dağlıq Qarabağda təhsil və səhiyyə siteminin bərpa olunması istiqamətində addımlar atır, mobil xəstəxanalar və məktəblər tikir. Bu məsələlər Azərbaycan dövlətinin yursdiksiyasına aiddir. Ona görə də tezliklə Azərbaycan və Türkiyə bu məsələləri gündəmə gətirməlidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmadığı halda Dağlıq Qarabağda dövlətimizin maraqlarına cavab verməyən hadisələrin təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Doğrudur, Naxçıvana dəhlizin açılmasına Moskvanın da "yaşıl işıq” yandırması Rusiyanın bölgədə iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-kommunikasiya xətlərinin bərpasında maraqlı olduğunu göstərir. Lakin düşünürəm ki, Rusiya mövqeyində səmimi deyil. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həmişə ikili standartdan çıxış edib”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları