Yuxarı

Sükut pozulur: Siyasət Rusiyanın, iqtisadiyyat Çinin əlindən çıxa bilər - Bir seçkiyə BAXIŞ

Sükut pozulur: Siyasət Rusiyanın, iqtisadiyyat Çinin əlindən çıxa bilər - Bir seçkiyə BAXIŞ

Sükut pozulur: Siyasət Rusiyanın, iqtisadiyyat Çinin əlindən çıxa bilər - Bir seçkiyə BAXIŞ

Sadır Japarov Qırğızıstanın yeni prezidenti seçilib.

O, son 15 ildə Qırğızıstanda hakimiyyət başına gələn dördüncü prezidentdir. Almazbek Atambayevin prezidentliyi dövründə müəyyən demokratik islahatların aparılması istisna olmaqla, Qırğızıstanın həm siyasi, həm də sosial-iqtisadi həyatında ciddi dəyişikliklər müşahidə olunmayıb. Bu, Qırğızıstanın xarici siyasətinə də aiddir. Qırğızıstan daha çox Rusiyanın siyasi təsir zonasına daxil olan ölkə hesab edilir.

Bunun da başlıca səbəbləri Qırğızıstanın Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara üzv olmasıdır.

Ən nəhayət, Qırğızıstanda Rusiyanın hərbi bazası var. Ona görə də Rusiya Qırğızıstandakı siyasi proseslərə ciddi təsir göstərmək imkanına malikdir. Lakin bu ölkədə 2005-ci ildən bəri üç dəfə baş vermiş "məxməri inqilab”ın siyasi ənənəyə çevrilməsi, hakimiyyət dəyişiklikləri Moskvada narahatlıqla qarşılanır. Bu baxımdan, Sadır Japarovun prezidentliyi dövründə Qırğızıstanın xarici siyasətində hər hansı yeniliyin baş verib-verməyəcəyi gündəmə gəlib.

Sadır Japarovun mətbuata açıqlaması Qırğızıstanın diplomatik kursunda ciddi dəyişiklik olmayacağından xəbər verir. Yeni prezident Rusiyanı Qırğızıstanın əsas müttəfiqi adlandırıb.

"Rusiya strateji tərəfdaşımızdır, müttəfiqik... Sovet İttifaqının dağılmasından sonra 30 ildir ki, strateji tərəfdaşıq. Rusiya əsas müttəfiq olaraq qalır”,-deyə Japarov bəyan edib.

O, həmçinin qeyd edib ki, Qırğızıstan AİB çərçivəsində fəaliyyətə xüsusi əhəmiyyət verir.

"AİB çərçivəsində biz iqtisadiyyatın sabit inkişafı üçün şərait yaratmaq, investisiyaları artırmaq, malların, xidmətlərin, kapitalın və əmək ehtiyatlarının tam sərbəst hərəkətinə nail olmaqda maraqlıyıq”,-Japarov belə deyib.

O, Qırğızıstanın müttəfiqləri və strateji tərəfdaşları ilə qarşılıqlı əlaqələrini gücləndirməyə davam edəcəyini də qeyd edib. Japarovun sözlərinə görə, Qırğızıstan AİB, KTMT, ŞƏT, BMT, Avropa Birliyi , MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri kimi əsas beynəlxalq strukturlarla əməkdaşlığa böyük əhəmiyyət verir. O, həmçinin, Qırğızıstanın xarici siyasətinin davamlılığına, ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində bütün beynəlxalq öhdəliklərə ciddi əməl olunmasına daim sadiq qalacağını vurğulayıb.

Bütün bunlar Qırğızıstanın xarici siyasətində, ilk növbədə isə Rusiya ilə münasibətlərdə ciddi dönüş gözlənilmədiyi qənaətini yaradır. Lakin Qırğızıstanda Çinin və Türkiyənin də maraqları var. Rusiya Qırğızıstan üzərində siyasi təsirə malikdirsə, Çin bu ölkənin iqtisadiyyatında əsas inhisarçı rol oynayır. Hətta mövcud vəziyyət Çinin Qırğızıstanı iqtisadi cəhətdən işğal etməsi kimi qiymətləndirilir. Çinin Qırğızıstandakı iqtisadi genişlənməsi güclənir, investisiyaların həcmi ildən-ilə artır. Enerji və dağ-mədən sənayesi ilk növbədə Çin firmalarının maraq dairəsinə daxildir.

Məsələn, hazırda Qırğızıstanın cənubunda Datka yarımstansiyasını inşasını Çin şirkəti həyata keçirir. Bu məqsədlə Çinin İxracat-İdxal Bankı tərəfindən 208 milyon dollar ayrılıb. Daha sonra eyni şirkət respublikanın şimalında Kemin yarımstansiyasının və Qırğızıstanın daxili enerji halqasını tamamlayacaq Datka-Kem yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlayacaq. Bu məqsədlə Çin tərəfi güzəştli kredit şəklində daha 390 milyon dollar ayırmağı nəzərdə tutub. Bişkekdən uzaq olmayan Kara-Balta şəhərində Çinli investor neft emalı zavodu inşa edir. Zavod Qazaxıstan və Rusiyadan idxal edilməsi planlaşdırılan və ildə 800 min ton neft emal etmək gücünə malik olacaq. Bu layihəyə qoyulan investisiyaların həcmi 250 milyon dollar olaraq qiymətləndirilir.

"Əgər əvvəllər Çin bölgədə çox fəal deyildisə və genişlənmə Çin mallarının axını şəklində müşahidə olundusa, indi Çin şirkətlərinin Qırğızıstandakı sürətli fəaliyyətinin şahidi oluruq. Onlar bütün sahələrə və dövlət miqyaslı layihələrə maraq göstərirlər”,-deyə politoloq Əzəmət Temirkulov bildirib. Hətta Çin Qırğızıstana verdiyi kredit borclarının əvəzində Bişkekə ərazi iddiası irəli sürür.

Lakin siyasi müşahidəçilərin rəyinə görə, Qırğızıstan üzərindəki geosiyasi rəqabətə 2021-ci ildən etibarən ABŞ da qoşula bilər. Çünki ABŞ Prezidenti Co Bayden Mərkəzi Asiyaya münasibətdə Corc Buşun siyasi kursunu davam etdirmək niyyətindədir. Bu siyasət Rusiyanı Mərkəzi Asiya bazarından sıxışdırmaqdan ibarətdir. Buşun prezidentliyi dövründə, yəni 2005-ci ildə Özbəkistandan çıxarılan ABŞ hərbi hava bazası Qırğızıstanın Manas bölgəsinə yerləşdirilmişdi. Həmin hərbi baza dörd il Qırğızıstanda fəaliyyət göstərdi. Ona görə Rusiya 2005-ci ildə Qırğızıstanda Prezident Əsgər Akayevin devrilməsi ilə nəticələnmiş "məxməri inqilab”ın təşkilində ABŞ-ı ittiham edirdi.

ABŞ qoşunları Manas aviabazasını tərk etdikdən sonra Qırğızıstan yenidən Rusiyanın geosiyasi təsir dairəsinə keçdi. Co Baydenin Ağ Evin rəhbərliyinə gəlişindən sonra Qırğızıstanda bu rəqabət bərpa oluna bilər. Lakin bu rəqabətə Rusiya ilə yanaşı, Çinin və Türkiyənin də qoşulması Qırğızıstanı Asiyanın ucqar sakit regionundan maraqlar toqquşmasının baş verdiyi bölgəyə çevirə bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları