Yuxarı

Kremlin şübhəli Qarabağ siyasəti: Putinin məqsədi nədir?

Kremlin şübhəli Qarabağ siyasəti: Putinin məqsədi nədir?

Kremlin şübhəli Qarabağ siyasəti: Putinin məqsədi nədir?

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib.

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən dövlət başçısı deyib ki, sülhməramlı qüvvələrin orada funksiyası var və noyabrın 10-da bu funksiya təsbit edilib.

"Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq.

Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik", - dövlət başçısı bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin səlahiyyətlərini aşmasına dair kütləvi informasiya vasitələrində dəfələrlə məlumatlar verilib. Rusiya hərbçiləri noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulmamış fəaliyyətlə məşğul olur. Yəni Rusiya hərbi kontingenti özünü sülhməramlı kimi təqdim etsə də ermənilərin maraqlarına cavab verən hərəkətlər edir. Bu da Azərbaycanın narazılığına səbəb olub. Prezident İlham Əliyevin çıxışı bu baxımdan, rəsmi Moskvaya xəbərdarlıq mesajı kimi başa düşülə bilər.

Politoloq Natiq Miri hesab edir ki, Rusiya sülhməramlı qüvvələrinin səlahiyyətini icazəsiz artırmaqla Azərbaycana və Ermənistana təzyiq göstərməyə çaılışır. Kreml bununla həm də Dağlıq Qarabağ məsələsində özünün əsas geosiyasi rəqibinə çevrilmiş Türkiyəyə mesaj verir. Yəni Rusiya bölgənin təkbaşına hakimi olmağa çalışır. Ona görə də Azərbaycan bu prosesin qarşısının alınmasında Türkiyə ilə birlikdə fəal hərəkətə keçməlidir.

"Rusiya Qarabağda əvvəlcədən müəyyənləşdirilmiş siyasət üzrə işlər görür. Bu işlər Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda və Ermənistanda geosiyasi maraqlarını həyata keçirməkdən ibarətdir. Ancaq Rusiya Dağlıq Qarabağ probleminin tam həllində maraqlı deyil. Sentyabrın 27-də hərbi əməliyyatlar başladıqdan sonra Türkiyə rəhbərliyi bu münaqişənin kökündən həll olunmasını istəyirdi. Əslində, Rusiya bu problemi həll olunmamış saxlamaqla həm Azərbaycana, həm Ermənistana, həm də Dağlıq Qarabağda yaşayan ermənilərə təsir imkanlarını davam ertdirməyə çalışır. Bu gün Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti Rusiyaya etibar etmir. Əgər Ermənistan əhalisi Rusiyaya etimad göstərsə idi, Paşinyan oynadığı bütün bu oyunların fonunda və müharibədəki məğlubiyyətin müqabilində çoxdan devrilməli idi. Lakin Paşinyan hakimiyyətdə qalırsa, buna görə erməni cəmiyyətindəki anti-Rusiya ovqatına borcludur. Çünki ermənilər Rusiyanın Ermənistandan bir alət kimi istifadə etdiyini bilir. Onlar Rusiyanın özünün strateji müttəfiqlərini də necə satdığını yaxşı bilir. Ona görə də Rusiya özünün geosiyasi maraqları tələb etdikdə Ermənistanı da rahatlıqla satır. Bu səbəbdən, Ermənistanda bu ölkənin Rusiyanın vassalı kimi inkişaf edə bilməyəcəyini anlayıblar. Paşinyana erməni ictimai rəyində siyasi dəstəyin verilməsi də bununla bağlıdır. Ola bilsin ki, növbəti seçkilərdə ermənilər Paşinyanı Baş nazir postuna seçməyəcək. Ancaq Rusiyayönlü birini də hakimiyyətə gətirmək istəməyəcək. Çünki Rusiyanın dəstəklədiyi Qarabağ klanının Ermənistan cəmiyyəti üçün hansı problemlər yaşatdıqlarını çox gözəl bilirlər. Bu səbəbdən Rusiya erməni ictimai rəyini oğurlamaq üçün Qarabağda özünü xilaskar kimi təqdim etməyə çalışır. Rusiya atəşkəsə nəzarət misssiyasından kənarda bir sıra humanitar fəaliyyətlə məşğul olmaqla erməni cəmiyyətinə özünü xilaskar kimi təqdim edir. Ona görə də Rusiyaya Qarabağda yaşayan ermənilər çox vacibdir. Azərbaycanın daxilində münaqişənin olması Kremlin geosiyasi mövqelərini gücləndirir. Bu geosiyasi rəqabəti Rusiya Türkiyə ilə Qarabağda deyil, Suriyada, Liviyada, Ukraynada, Aralıq dənizinin şərq hissəsində də yürüdür. Son zamanlar, Rusiya-Türkiyə danışıqlarının yenidən intensivləşməsi də bununla bağlıdır. Türkiyə və Rusiya Xarici İşlər nazirlərinin Soçidə keçirilən görüşündə də razılaşmanın əldə olunmadığı müşahidə olunur. Suriyada gərginlik artmağa başlayıb. Rusiya YPG terrorçularını Türkiyənin tələb etdiyi ərazilərdən çıxartmaq barədə vədinə əməl etmir. Türkiyə də öz sərhədləri yaxınlığında PKK terrorçularını zərəsizləşdirmək məcburiyyətindədir. Türkiyənin müttəfiqi olan Suriya Milli Ordusu hücuma keçərək Ayn əl-İsa ətrafında üç kəndi terrorçulardan təmizlədi. Bundan dərhal sonra Əsəd rejimi və Rusiya hərəkətə keçdi. Hətta Rusiya bölgəyə qırıcı təyyarələr, döyüş helikopterləri və zirehli texnika gətirdi. Hətta Rusiya Ayn əl-İsa şəhərini Əsəd rejiminin nəzarətinə keçirmək üçün Suriya hökuməti ilə PKK arasında danışıqlarda vasitəçiliyə başladı. Rusiya bunu ona görə edir ki, Türkiyənin Suriyada güclənməsini istəmir. Bu baxımdan, Qarabağ məsələsi dedikdə digər proseslər də düşünülməlidir. Dağlıq Qarabağda da Rusiya və Türkiyə qarşı-qarşıyadır. Doğrudur, iki ölkə prezidentləri son məqamda bir sıra fikir ayrılığını kənara qoyub razılığa gəlməyi bacarır. Lakin eyni proses Qarabağda gedir.

Rusiya Türkiyənin qarşısında güclü olmaq üçün Qarabağ kartından istifadə etməyə çalışır. Artıq Türkiyə qoşunları da Azərbaycana gəlir. Bu da Türkiyənin gələcəkdə Azərbaycanda Rusiyaya güzəştə getmək istəmədiyini göstərir. Azərbaycan Prezidentinin açıqlamasını həm də bu kontestdə dəyərləndirmək lazımdır. Çünki Prezident çıxış etdiyi gün Türkiyənin hərbi təyyarələri Azərbaycana böyük yüklər daşıyırdı. Bu açıqlama yanvarın 11-də Moskvada Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünün planlaşdırıldığı ərəfədə baş verdi. Ona görə də Dağlıq Qarabağ Azərbaycan-Rusiya-Türkiyə münasibətlərində ciddi mübarizə alətinə çevrilib. Bu prosesi udmaq üçün həm sahədə, həm də masada güclü olmaq lazımdır. Bu səbəbdən Rusiya Ermənistanın terrorçu yaraqlılarını Qarabağdan çıxartmaq istəmir. Onları Azərbaycan əsgərlərinin üzərinə qaldırmaqla Azərbaycana və Türkiyəyə göstərmək istəyir ki, bu bölgənin sahibi Rusiyadır. Belə bir imtiyazı Rusiyadan almaq üçün Azərbaycan və Türkiyə sahədə güclü olmalıdır ki, masada da öz mövqeyini diktə etsin. Prosesi Azərbaycan özü yaratmalıdır. Bu fikrə Türkiyənin də dəstək verəcəyi şübhəsizdir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları