Yuxarı

Paşinyan dalana dirənib: Hakimiyyəti bölüşməyə məcbur qalır

Paşinyan dalana dirənib: Hakimiyyəti bölüşməyə məcbur qalır

Paşinyan dalana dirənib: Hakimiyyəti bölüşməyə məcbur qalır

Ermənistanda yaxın vaxtlarda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Yerli medianın yazdığına görə, baş nazir Nikol Paşinyan konstitusiyaya əlavə və dəyişikliklər etmək üçün referendum keçirmək niyyətindədir. Bu düzəlişlər parlamentə özünü buraxmaq hüququ verəcək və beləliklə, Paşinyanın liderlik etdiyi hakim "Mənim addımım” fraksiyası növbədənkənar seçkilərə getməyə qərara verəcək.

Qeyd edilən məlumat Ermənistanda hansı siyasi qüvvənin qələbə qazanmaq şansının çox olması barədə müzakirələrə yol açıb. Çünki seçkilər Ermənistanda siyasi qüvvələr nisbətini dəyişə bilər. Ancaq Paşinyan iqtidarı hələ öz siyasi üstünlüyünü qoruyub saxlaya bilir.

Müxalifətin Nikol Paşinyanı istefaya göndərmək və Vazgen Manukyanı müvəqqəti baş nazir gətirmək planı isə baş tutmadı. Ermənistan polisinin rəis müavini Ara Fidalyan isə V.Manukyanın ifadə vermək üçün istintaqa çağırılacağını bildirib. Manukyan hakimiyyəti güc yolu ilə qəsb etməkdə ittiham edilir. Buna səbəb onun Ararat vilayətinə səfəri zamanı işlətdiyi ifadələr olub.

"Biz konstitusiya yolu ilə gedirik və Nikol Paşinyanı qovmalıyıq. Əgər nəticə vermirsə, üsyana getməliyik. Ancaq bu, zorakı olmayan bir şəkildə baş verməlidir”.

Manukyanın bu sözləri Paşinyanı dinc yolla devirə bilməyən Ermənistan müxalifətinin lazım gələrsə, zorakılığa əl atmağa hazır olduğunu göstərir. Bu həm də Ermənistanda hakimiyyətə alternativ siyasi güc mərkəzinin olmadığını təsdiq edir. Lakin hökumət də xalqın etimadını doğrultmur. Ona görə də ölkədəki real siyasi konfiqurasiya yalnız seçkilərdən sonra formalaşa bilər.

Konfliktoloq Əvəz Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda Ermənistanda parlamentdə səslərin üçdə ikisini qazanıb təkbaşına hökumət qura biləcək siyasi qüvvə mövcud deyil:

"Seçkilər keçirilərsə, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, Vətən Partiyasının sədri Artur Vanetsyanın siyasi qüvvə kimi parlamentdə yer alması daha realdır. Vazgen Manukyan hansısa revanşı mümkün deyil. Bundan başqa, Qagik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyasının və Edmon Marukyanın liderlik etdiyi Parlaq Ermənistan Partiyasının da mandat qazanmaq imkanı yüksəkdir. Çiçəklənən Ermənistan Partiyası indiyə qədər parlamentdə ikinci ən böyük fraksiya idi. Seçkilərdən sonra ikinci olmasa da xeyli deputat yerinə sahib ola bilər. Oliqarxlar və iş adamları bu partiyanı dəstəkləyir. Qarabağ klanının nümayəndələrinin də Ermənistan Respublika Partiyası vasitəsilə parlamentə düşmək ehtimalı yüksəkdir.

Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” bloku da 20-30 faiz səs toplayacaq. Mənə elə gəlir ki, bundan sonra Ermənistanda koalision hökumət olacaq. Eks-prezident Levon Ter-Petrosyanın da siyasi çəkisi seçkilərə təsir göstərək. Onun rəhbərlik etdiyi Milli Komnqres Partiyasının da parlamentə düşmək şansı var. Yəni bundan sonra Ermənistan koalision hökumətlə idarə olunacaq. Ermənistanda prezident üsul-idarəsini bərpa edəcəklərinə inanmıram. Çünki prezidentli respublikada güclü liderə ehtiyac var. Ermənistanda isə güclü lider yoxdur. Yəni aprel, may, iyun aylarında seçkilər keçirilsə, ölkəni böhrandan çıxara biləcəklər”.

Ekspert bildirdi ki, Ermənistanda koalision hökumət qurulacağı təqdirdə, Paşinyan baş nazir ola da bilər, olmaya da bilər. Lakin onun siyasi hegemonluğuna son qoyulacaq.

"Paşinyan hazırda parlamentdə 75 faiz səs çoxluğuna malikdir. Ancaq koalision hökumət olarsa, Paşinyan 30 faiz mandat qazana biləcək. Digər partiyalar hər biri 10-15 faiz yerə sahib olarsa, onun partiyası önəmli rol oynamır. Amma razılaşıb baş nazir vəzifəsinə onun namizədliyini təsdiq edə bilərlər”. Əvəz Həsənov qeyd etdi ki, Ermənistanda müvəqqəti hökumətin yaradılması ideyası artıq gündəmdən çıxıb.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları