Daha çox satqınlıqda ittiham olunan Paşinyana qarşı bir də ölüm təhdidləri yağmaqda davam edir. Mətbuatda zaman- zaman Paşinyanın Rusiyadan təhlükəsizlik qarantı alması barədə fikirlər də yayılmaqdadır.
Lakin görünən odur ki, Ermənistanda Paşinyanın reytinqi müxalifətdən, xüsusən də Qarabağ klanının üzvlərindən çoxdur. Paşinyana qarşı növbəti ölüm təhdidi Birləşmiş Ermənistan Partiyasının rəhbəri, birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş Vahan Badasyandan gəlib.
Badasyan "Yerablur" hərbi məzarlığında jurnalistlərə müsahibəsində Paşinyanın satqın və düşmən olduğunu üçün məhv aradan götürülməli olduğunu deyib.
"Fiziki məhvinə qədər müxtəlif yollara baş vurulmalıdır”-deyə, Badasyan bildirib.
O qeyd edib ki, silahların köməyi ilə düşmən aradan götürülməlidir:
"Mən qəsdən bu açıqlamanı verirəm. Qoy Milli Təhlükəsizlik Xidməti məni həbs etsin. Onu fiziki cəhətdən yox etmək lazımdır. Bu gündən etibarən bunu hazırlayacam”.
Vahan Badasyan bu məqsədlə hərbi şura yaratmaq niyyətində olduğunu bildirib.
Maraqlıdır, Paşinyanın ölümü kimə sərf edə bilər?
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, Paşinyanın ölümü və ya hakimiyyətdən gedişi indiki halda nə Rusiyaya, nə Ermənistana, nə də Qərbə sərf edir:
"Paşinyanın ölümü nə Rusiyaya, nə Ermənistana, nə də Qərbə sərf etmir. Əgər o öldürülərsə, Ermənistan qarışacaq. Baxmayaraq ki, iki il öncə Paşinyan hakimiyyətə gələndə Rusiya ona təzyiq edirdi, amma hazırda Ermənistan Baş nazirinin ölümü Kremlə sərf etmir. Rusiyanın Paşinyana öncəki nifrəti həm də Putinin dostu olan Koçaryanı həbs etdirməsindən də irəli gəlirdi. Amma indi Paşinyanın ölümü və ya hakimiyyətdən gedişi Rusiyanın maraqlarına cavab vermir. Çünki Paşinyanın hakimiyyətdən gedişi Ermənistanda xaos yaradacaq ki, bu da Moskvanın maraqları xaricindədir. Eyni zamanda Ermənistanda baş verə biləcək xaos Qərbin də maraqlarına cavab vermir. Əgər Paşinyan onu ölümlə hədələyənləri təcili həbs edib cinayət məsuliyyətinə cəlb etməsə belə təhdidlərin sayı arta bilər. Müxalifət 28 yanvarda İrəvanın mərkəzində mitinq keçirmək istədi, lakin heç min nəfərə yaxın adam yığılmayıb. Bu arada Paşinyanın reytinqi də artıb. Erməni Baş nazirin parlamentdəki son çıxışı da bunu göstərdi. Müxalifət isə getdikcə öz tərəfdarlarını da itirir. Paşinyan təklif etdi ki, gəlin erkən seçkilərə gedək. Lakin müxalifət bilir ki, səs qazana bilməyəcək, ona görə də qorxur. Paşinyan da deyir ki, əgər siz seçki istəmirsizsə, mən heç dünəndən istəmirəm.
Ona görə də Paşinyana qarşı bu cür hədələr tez-tez olacaq. Əgər Paşinyan bu hədələrin qarşısını vaxtında almasa, həmin şüarların sayı da çoxala bilər. Hesab edirəm ki, Paşinyanı ölümlə təhdid edənləri yaxın günlərdə həbs edəcəklər”.
Ekspert hesab edir ki, Paşinyan bundan sonra Qərblə münasibətlərində ehtiyatlı davranmalıdır, əks təqdirdə Rusiyanın təzyiqi ilə üzləşə bilər:
"Müxalifət Paşinyana qarşı keçirdiyi kampaniyalarla, ölüm təhdidləri ilə də heç bir divident qazana bilmir. Çünki divident qazana bilsəydilər meydanlara adam toplanardı. Müharibədə məğlub olandan sonra meydanlara cəmi beş min nəfər adam yığa bildilər. Beş min nəfərlə hakimiyyəti yıxmaq olmaz. Paşinyan müharibədə məğlub olsa da ermənilərin bir qismi hələ də ona inanır. Çünki Paşinyana alternativ yoxdur. Xalq Köçəryana və Sarkisyana inanmır. Yəni Qarabağ klanı zəifdir və keçmiş korrupsioner hakimiyyətin nümayəndələridirlər. Paşinyan da bu amildən istifadə edib öz hakimiyyətini gücləndirir.
Parlamentdəki çıxışları da bundan xəbər verir. Ona görə də hesab etmək olar ki, bu il ərzində Paşinyanın üzərindən hakimiyyətdən uzaqlaşdırılmaq təhlükəsi sovuşdu. Müharibədən sonra Paşinyanın Rusiyadan asılılığı artdı. Qərbin Paşinyana təsir imkanları yoxdur. Əsas təsir alətləri Rusiyanın əlindədir. Rusiya da əvvəllər Paşinyanı devirmək istəyərdi, amma indi istəmir. Çünki 10 Noyabr və 11 Yanvar bəyanatlarını Rusiyanın vasitəçiliyi ilə Paşinyan imzalayıb. Rusiya istıyir ki, həmin bəndləri Paşinyan yerinə yetirsin. Bu Rusiya üçün çox vacibdir. Əgər Paşinyanın iki il öncə Rusiyadan asılılığı zəif idisə, indi tamamən Moskvadan asılı vəziyyətə düşüb. Rusiya üçün də belə adam lazımdır. Əlbəttə, Rusiya istəyərdi ki, Putinin dostu Koçaryan hakimiyyətdə olsun. Amma Koçaryanın da reytinqi yoxdur. Qərbin Paşinyanla münasibətləri davam edəcək. Amma Paşinyan Qərblə münasibətlərində artıq ehtiyatlı davranacaq. Çünki daha da Qərbə yaxınlaşsa, Rusiyanın təzyiqi ilə üzləşə bilər”.
Əli Bədir