Yuxarı

“Suriyada strateji qarşıdurmalar Qafqaza sıçraya bilər”

“Suriyada strateji qarşıdurmalar Qafqaza sıçraya bilər”

[caption id="attachment_1029" align="alignleft" width="367"]sulheddin ekber Sülhəddin Əkbər: “Türkiyə Suriya məsələsində nə qədər aktiv olacaqsa, bu dolayısı ilə Azərbaycana təsir edəcək”[/caption] Suriyada hərbi əməliyyatlar aparan qüvvələrin arasındakı balans sürətlə dəyişir. Dünya mediası xəbər verir ki, Rusiyanın hərbi hava qüvvələrinin Suriyadakı əməliyyatlara qoşulması ilə bağlı razılıq əldə ediləndən sonra İran hərbçiləri də bu ölkəyə daxil olmağa başlayıb. Bildirilir ki, oktyabrın 1-dən etibarən Rusiya hərbi hava qüvvələri İŞİD-i deyil, Suriya müxalifətinin mövqelərini vurmağa başlayıb. Hətta oktyabrın 1-də ABŞ-ın xarici kəşfiyyat idarəsi olan CİA-nin Suriyadakı bazası da bombalanıb. Bundan başqa Rusiya qurudan dəstək vermək adı ilə İran quru qoşunlarının xüsusi birləşmələrini Suriyaya daxil olmasına şərait yaradır. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçirlər. O, həmçinin ABŞ-ın Suriyadakı bazasının yalnız təlim uçuşları üçün nəzərdə tutulmuş hissəsini vurduqlarını əlavə edib. Rusiya rəsmisi İran hərbçilərinin qurudan təmizləmə əməliyyatları aparacağını gizlətməyib. Qeyd edək ki, son hadisələr bir çox ölkələrin planlarını tamamilə məhv edib. Türkiyənin sərhədində təhlükəsiz zona yaratmaq planı, Almaniyanın kürdlərlə işbirliyi də Rusiyanın apardığı aqressiv siyasət nəticəsində boşa çıxıb. Qərb ölkələri isə baş verənlərin sanki şokundadır. Hələlik yalnız Fransa Rusiyanı rəsmən apardığı aqressiv hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Rusiya təyyarələri ABŞ koalisiyasının hədəflədiyi terrorçuları vurur. Lavrov Rusiya aviasiyasının əsas məqsədinin prezident Bəşər Əsədi gücləndirmək olduğunu inkar edib. Lakin ABŞ rəsmiləri Rusiya təyyarələrinin Qərb tərəfindən dəstəklənən Suriya müxalifətinin mövqelərinə zərbələr endirdiyini bildirirlər. Onlar hətta ABŞ-ın müxalifət üçün yaratdığı təlim düşərgəsinin vurulduğunu bildiriblər. Ağ Evin sözçüsü Coş Ernest deyib ki, əgər Rusiya həqiqətən də "İslam Dövləti" (İŞİD) adlanan təşkilatla döyüşmək niyyətindədirsə, koalisiyaya töhfə verməlidir. Rusiyanın Müdafiə Nazirliyi beş məntəqəyə və İŞİD qruplaşmasıənın Cisr əl-Şüğur komanda postuna raket zərbələrinin endirildiyini bildirib. Moskva bəyan edir ki, bu münaqişədə Suriya hökumətinin ricası ilə iştirak edir və ölkənin böyük ərazilərini ələ keçirmiş İŞİD və “başqa terrorçu qruplaşmalara” zərbələr endirir. ABŞ rəsmiləri bunun tam əksini iddia edirlər. Onlar deyirlər ki, Rusiya prezident Əsədə qarşı döyüşənləri təqib edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində bu iddiaları rədd edib və Nyu-Yorkda etdiyi çıxışda Rusiya təyyarələrinin yalnız "əl-Qaidə"yə bağlı "ən-Nüsra Cəbhəsi"nin mövqelərini bombardman etdiyini söyləyib... “Rusiya terrora məruz qalacaq”   Rusiyanın Suriyada həyata keçirdiyi hava reydləri dünya mediasının gündəmindədir. Ukrayna böhranı səbəbindən dünyanın böyük gücləri tərəfindən təcrid edilmə siyasəti ilə qarşılaşan Rusiya durumdan çıxış yolunu Suriyaya hərbi müdaxilədə gördü. “İŞİD” hədəflərini bombalamaqla Kreml onun Qərb dövlətləri tərəfindən yenidən müttəfiq ölkə qəbul ediləcəyinə inanır. 43 ölkədən parlamentarilərin iştirak etdiyi IV Beynəlxalq parlamentlər forumunda da başlıca məqsəd Rusiya ilə Qərb arasındakı gərginliyin yumuşaldılması idı. Politoloq Sergey Markov isə Suriyadakı hərbi əməliyyatların Rusiya üçün bəzi təhlükələr yarada biləcəyini də istisna etmir: “Rusiyada çoxlu terror təşkilatları və onların tərəfdarları var. Ona görə hər an terror hücumlarına məruz qala bilərik. Ancaq unutmamalıyıq ki, terrorçular onlarla vuruşanlara deyil, zəif olanlara hücum edirlər. Bu şəkildə məqsədlərinə nail olmaq istəyirlər. Ona görə məncə rus təyyarələrinin hava hücumu terror təhlükəsini bir az azaldır”. Dumanın MDB ölkələri ilə əlaqələr komitəsinin sədri Leonid Slutski isə Suriyanın Rusiya üçün ikincə Əfqanıstan olmayacağına inanır: “Bizim Suriyadakı böhranda ilişib qalmaq fikrimiz yoxdur. Biz bu münaqişədə sadəcə hava qüvvələrimzilə iştirak edəcəyik. Ora quru qoşunlarımızı göndərməyəcəyik. İnanıram ki, bizim hava güvvələrimizin Suriya ordusuna beynəlxalq terrora qarşı mübarizədə ciddi faydası olacaq və terrorcular məhv ediləcək”. Rusiya mətbuatı Rus təyyarələrinin Suriyaya Azərbaycan, İran və İrak üzərindən uçduğunu iddia edib. Rusiyanın “Kommersant” nəşri yazır ki, hərbi təyyarə və helikopterlər Suriyadakı bazaya “Mərkəz-2015” hərbi təlimlərinin keçirildiyi vaxt göndərilib. 4 qırıcı – “İl-76” hərbi-nəqliyyat təyyarəsinin müşahidəsi ilə Azərbaycan, İran və İraq hava məkanını keçməklə, Latakiyaya uçub. Rusiya Müdafiə Nazirliyi isə bu məsələ ilə bağlı ümumiyyətlə Suriyadakı hava əməliyyatlarında istirak edən hərbi texnika, hərbçilərin sayı ilə əlaqədar hələ ki, rəsmi bir açıqlama verməyib. Rusiyanın nüfuzlu “Komsomolskaya Pravda” qəzeti əməliyyatların sonrakı gedişatı ilə bağlı bir sıra proqnoz verib:  “İŞİD sıralarında fərqli məlumatlara görə, 3-5 min arası MDB ölkələrindən gələn döyüşçü var. İŞİD-in uğuru davam edərsə, cihadçıların Rusiyaya qayıtma ehtimalı güclənir. Rusiya ilk növbədə bunun qarşısını almağa çalışır. Putin bunu Nyu Yorkda müsahibəsində dedi. Yəni Rusiya sadəcə Suriya üçün deyil, öz milli təhlükəsizliyi üçün önləyici əməliyyata başlayıb.  ABŞ bacarmadı,   İŞİD artıq qlobal problemə çevrilib... Rusiyanın qazancı nə olacaq?   Rusiyanın Suriyada tək başına müvəffəqiyyət əldə etməsi qeyri-mümkündür. Kəşfiyyat məlumatlarına görə, bu gün İŞİD sıralarında 70-80 min, bəzi məlumatlara görə isə 120 min döyüşçü var. 50 Rusiya təyyarəsi belə böyük bir təşkilatı yox edə bilməz. Digər ölkələrlə birlikdə böyük hərbi ittifaq qurulması lazımdır. ABŞ-Rusiya əlaqələri necə olacaq?   Ortaq düşmən İŞİD-ə qarşı Rusiyanın başlatdığı savaş Qərblə münasibətləri yumşalda bilər. Tərəflər səylərini birləşdirib İŞİD-i yox edərsə, bu, Rusiya ilə Qərbin ortaq zəfəri olar və iqtisadi sanksiyalar aradan qalxa bilər”.   “A” planı - mümkün qədər Əsəd rejimini qorumaq   Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri, politoloq Sülhəddin Əkbər bildirdi ki, Rusiyanın Suriyadakı hərbi bazası onun xaricdə olan yeganə hərbi bazasıdır. Onun fikrincə, bu baza ona “Aralıq” dənizində və ya Yaxın Şərqdə hərbi iştiraka imkan verir: “Bu bazanın və onunla bərabər Suriyanın itirilməsi Rusiyanın aktiv şəkildə “Aralıq” dənizi və eyni zamanda Yaxın Şərqdən çıxması deməkdir. Ona görə də Rusiyanın bu günkü hərəkətlərini analiz etmk üçün bunun  nəzərə almaq lazımdır. İkincisi də onu nəzərə almaz lazımdır ki, geopolitik və geostrateji qarşıdurma indi Rusiyanın həyat sferası hesab etdiyi MDB məkanında baş verib. Mən əvvəlcə Gürcüstan müharibəsini, daha sonra isə Ukrayna böhranının nəzərdə tuturam. Rusiya Ukraynadakı hərəkətini konservləşdirib, aktiv hərəkətini Suriyaya keçirib. Yəni qarşıdurmanın mümkün qədər öz sərhədlərindən uzaqlaşdırılmasına çalışır. Ona görə də Rusiya orada hava bazası qurmağa, hərbi güc yığmağa və aktiv hərbi əməliyyatlara başladı. Konkrt məqsədlərə gəldikdə Rusiya burada çoxvariantlı hərəkət edir. Rusiyanın “A” planında mümkün qədər Əsəd rejimini qorumaq nəzərdə tutulur. Bilirsiniz ki, Əsədin nəzarətində Suriya ərazisinin 14-15 faizi qalıb. Rusiya mümkün qədər bu ərazini genişləndirmək və Əsədin legitimliyini mümkün qədər şübhə altından çıxarmaq istəyir. Ona görə də, Rusiya yalnız İŞİD-ə qarşı hərbi əməliyyatlar apardığını desə də, sonradan elan eməli oldu ki, digər terrorçu qruplaşmalara qarşı da mübarizə aparır. Bundan sonra Azad Suriya ordusunu və şam ordusunu da vurmağa başladı. Yəni burada məqsəd Əasəd rejiminin legitimliyini bərpa etmək, onun nəzarətində olan sahələri genişləndirməkdir”.   Tükəndirmə strategiyası   Onun fikrincə burada digər bir strateji məqsəd münaqişəni mümkün qədər dərinləşdirmək və mürəkkəbləşdirməklə ABŞ-ın işini çətinə salmaqdır: “Buna tükəndirmə strategiyası deyilir. ABŞ NATO-nun, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi tükəndirmə strategiyasını onun özünə qarşı tətbiq etmək istəyir. Əgər bu – “A” planı baş tutmasa, yəni Əsədin Suriya üzərində legitimliyini bərpa etmək mümkün olmasa o zaman “B” planına keçiləcək. “B” planı nədən ibarətdir? Onu da nəzərinizə çatdırım ki, Burada Rusiya tək hərəkət etmir. O, İraqla, İran və xüsusən də Hizbullahla birgə hərəkət edir. Ola bilsin ki, proseslər irəlilədikcə onların birgə quru əməliyyatlarının şahidi olacağıq. “B” planında kiçik bir musəvi dövləti qurmaq məqsədi güdülür və bu da 4 vilayəti, “Aralıq” dənizi sahilini və eyni zamanda Livanla sərhədi əhatə edir. Burada da məqsəd Livanla, Hizbullahla əlaqələri qoruyub saxlamaq, eyni zamanda da “Aralıq” dənizi sahilini qorymaqdır. Bununla da Rusiya həm də öz bazalarını qorumuş olacaq. Yox əgər, Rusiya bu planı da yerinə yetirə bilməsə, geri çəkilməli olsa, o zaman “C” planına keçəcək. Burada da məqsəd ondan ibarətdir ki, Əsəd sonrası Suriyanın qurulmasında Rusiya da masa arxasında otura bilsin. Hakimiyyət dəyişərsə öz maraqlarını, xüsusən də bazalarını qorumağa çalışır. Ona görə də qarşıdakı dövrdə Suriyada və Suriya ətrafında vəziyyətin kəskinləşəcəyini müşahidə edəcəyik, strateji qarşıdurmaların digər bölgələrə də sıçramasının şahidi olacağıq”.   “Strateji qarşıdurma Qafqaza sıçraya bilər”   Onun fikrincə, bu da ilk növbədə Qafgqaz və Mərkəzi Asiya ola bilər: “Azərbaycan da bu perspektivi nəzərə almalı və bu perspektivdən çıxış etməlidir. Bu strateji bir qarşıdurmadır və burada Rusiyanın uzun müddət hələ Avropa Birliyi və NATO-nu kənara qoysaq təkcə ABŞ-la qarşıdurma şansı yoxdur. Onu demək kifayətdir ki, Rusiya büdcəsi cəmi 205 milyard dollardır. Təkcə Pentaqonun büdcəsi isə bundan demək olar ki, 3 dəfə çoxdur. Ona görə də Azərbaycan bunu nəzərə almalıdır. Təbii ki, bu konfliktin dərinləşməsinin Azərbaycana bir neçə istiqamətdə təsiri olacaq: 1. Suriya, İran və Rusiyanın müttəfiqi olduğu  kimi Azərbaycan da qarşı tərəfdə yer alan Türkiyənin strateji müttəfiqidir. Onu nəzərə almaq lazımdır ki, Türkiyə Suriya məsələsində nə qədər aktiv olacaqsa, bu dolayısı ilə Azərbayacana təsir edəcək. 2.Burada konfliktin Qafqaza və Mərkəzi Asiyaya sıçraması məsələsi var. 3. Rusiyanın Azərbaycanın hava məkanın istifadə edir, quru məkanımızdan da istifadə etməyə çalışsa eyni zamanda Azərbaycana təzyiqlərini artıracaq. Ona görə ki, Azərbaycan yaranmış 2 cəbhədə Rusiyanın yanında yer alsın. Bilirsiniz ki, bir tərəfdə Azərbaycanın da müttəfiqi olan Türkiyənin qoşulduğu 65 dövlətdən ibarət koalisiya var. Hansı ki bunun liderliyini ABŞ edir. Eyni zamanda Rusiya, Suriya, İran, İraq koalisiyası. Azərbaycan bu məsələdə çox ehtiyatlı davranmalıdır və strateji qarşıdurmada qalibin hansı tərəf olduğunu nəzərə almalıdır. İlk növbədə bu məsələdə Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə birgə hərəkət etməsi, Türkiyənin yanında yer alması lazımdır. O zaman Rusiyanın basqılarını bu və ya başqa dərəcədə neytrallaşdılra biləcək gücün dəstəyini ala bilmə şansını saxlaya bilər”.   Cavad





Həftənin ən çox oxunanları