Yuxarı

Xəzər savaş dənizinə çevrilir

Xəzər savaş dənizinə çevrilir

[caption id="attachment_401" align="alignleft" width="219"]natiq miri Natiq Miri: “Rusiyanın bu hərəkəti cavabsız qalmayacaq”[/caption]

Rusiyanın Xəzər Donanmasının gəmilərindən Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi Kremlin region dövlətlərinə güc nümayiş etdirməsi kimi qiymətləndirilir. Siyasi ekspertlərin fikrincə, Rusiyanın Xəzər dənizindən 1500 km məsafəni vurması terrorçulara deyil, daha çox Xəzər ətrafı dövlətlərə və bu bölgədə geniş sərmayələr yatırmış Qərbə yönəlik siyasi təhdiddir.

Qərb isə Rusiyanın İŞİD-ə qarşı mübarizə apardığına hələ də inanmır və Kremlin atdığı addımların Bəşər Əsəd rejiminin müdafiəsində İrana dəstək məqsədi daşıdığını bəyan edir.

“The Washington Post” qəzetinin analitiki Mark Tissen iddia edir ki, Rusiyanın əsl məqsədi Qərbin Əsəd rejiminə dəstəyini təmin etməkdir. Buna nail olmaq üçün Rusiya Suriya müxalifətini məhv etməklə Qərbi Əsəd rejimi və İŞİD arasında seçim etmək məcburiyyətində qoymaq istəyir. İkincisi, Rusiya faktiki olaraq, İŞİD-in gücləndirilməsinə çalışır.

Müxalifəti ölü vəziyyətə salmaqla bölgənin bütün sünni icmasını “Əl-Qaida” təmayüllü “Ən-Nüsrə Cəbhəsi”nə və İŞİD-ə tərəf yönəldir. Bu, müharibəni daha da radikallaşdırır və cihadçılar üçün cəlbedici edir. Bu da Bəşər Əsədə ona qarşı çıxan, tələb olunan qüvvə kimi öz rejiminin əbədiliyini  təmin etməyə kömək edir. Müəllif qeyd edir ki, Rusiyanın işğalı İranın regionda dominantlığını təmin edir. Bu, hər iki tərəf üçün əlverişlidir. Rusiya Yaxın Şərqdə daimi hərbi iştirak,  Aralıq dənizi limanında geniş miqyaslı hərbi-hava bazası yerləşdirmək, ABŞ-a və onun müttəfiqlərinə güclü siqnallar göndərmək imkanı qazandırır.

denizden zerbeİran özünün nüvə obyektlərini müdafiə etmək üçün müasir C-300 “Favorit” tipli zenit-raket kompleksləri alır, ABŞ-ın təsirinə qarşı Rusiya, İraq, Suriya və Livan “Hizbullah”ından ibarət koalisiya yaradıb. “Bu isə Amerikanın maraqlarıı üçün dəhşətli təhlükə doğurur”-deyə Mark Tissen yazır. Politoloq Natiq Miri isə hesab edir ki, Rusiya uzaq məsafədən Suriyanı  vurmaqla daha böyük qüsura yol verib: “Çünki Suriyadakı terrorçular, o cümlədən İŞİD hədəfə gəlməmək üçün kiçik qruplar şəklində faəliyyət göstərirlər. Xırda hərbi əməliyyatlar və terror aktları törətdikdən sonra gizlənir və öz yerlərinə qayıdırlar. Ona görə də uzaq mənzilli, qanadlı raketlərlə belə qrupları vurmaq absurd məsələdir. Rusiyanın Müdafiə Nazirliyi belə açıqlama verdi ki, heç bir dövlət obyekti zərər çəkməyib. Deməli, Bəşər Əsədin rəhbərlik etdiyi adminisrativ binadan fərqli olaraq, istənilən mülki obyekt hədəfə alına bilər. Burada da məqsəd terrorçuların vurulması deyil, güc nümayiş etdirmək idi. Rusiya bununla ismarıc vermək istəyirdi ki, biz istənilən obyekti uzaq məsafədən raketlə vura bilərik. Eyni zamanda, hesab edirəm ki, bu, prezident Putinin ad gününə Rusiya Müdafiə Nazirliyinin bir hədiyyəsi olaraq düşünülüb. Çünki Rusiya həmişə düşünülməmiş addım atıb.

Bu, dünya güclərini Rusiyaya qarşı qoyacaq bir addım olacaq. Digər tərəfdən, Xəzər dənizindən raketin buraxılması Azərbaycana qarşı yönəlmiş bir təhdiddir. Raketin buraxıldığı “Dağıstan” gəmisi bu yaxınlarda Azərbaycanın limanına sülhməramlı missiya ilə daxil olmuşdu.

Ancaq indi həmin gəmilərdən atəş açılırsa, bu o deməkdir ki, Rusiya Xəzər hövzəsində olan istənilən ölkəni uzaq mənzilli raketlə vura bilər. Bu həm də Xəzərin təhlükəsizliyi ilə bağlı Azərbaycanın Qərblə birgə proqramına təhlükədir”. Xəzərdən başqa bir ölkəni qanadlı raketlərlə vurularsa, Xəzər sülh dənizi statusunu itirir. Başqa bir tərəfdən, Xəzər dənizinə üçüncü ölkənin buraxılmaması ilə bağlı Həştərxanda qəbul edilmiş sənəd var. Bu sənəd də öz əhəmiyyətini itimiş oldu”. Natiq Mirinin sözlərinə görə, Rusiya qırıcı təyyarələri Türkiyənin və NATO-nun hava məkanını pozmaqla öz siyasəti ilə barışmağa məcbur etmək istəyir. Ancaq ABŞ Rusiyanı Suriyaya buraxmaqla dərin bir siyasi bataqlığa sürükləmiş oldu: “Az sonra bu hiyləni özü də anlayacaq. Xəzərdən heç bir hərbi effekti olmayan, külli miqdarda maliyyə itkisi hesabına Suriyaya atəş açmaq yalnız geosiyasi maraqlara xidmət edə bilər. Rusiya Qərbin geosiyasi maraqlarına təhlükə yaratmaqla öz istəklərinə nail olmaq istəyir. Qərb buna tezliklə adekvat cavab verəcək. Rusiya səhvə yol verdiyini anlayacaq. Məncə, Rusiyanın belə silahlardan istifadə edilməsi əvvəlcədən İranla da razılaşdırılıb. Əslində, Xəzərdən başqa bir dövlətə qarşı qanadlı raket buraxılması İranın maraqlarına uyğun olmamalı idi. İran bəyanatlar, hətta nota verməli idi. Amma Tehran sükutla qarşıladı. Çünki İran Əsəd rejiminin müdafiəsində maraqlıdır. Ancaq mənim fikrimcə, Rusiyanın bu hərəkəti Qərb dövlətləri tərəfindən cavabsız qalmayacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları