Yuxarı

Politoloq: “Vaxtilə İranla Rusiya Azərbaycanı bölüb"

Politoloq: “Vaxtilə İranla Rusiya Azərbaycanı bölüb

fikret sadiqov

Son zamanlar regionda Rusiya İran hərbi siyasi ittifaqının güclənməsi müşahidə olunur. Bu da Yaxın və Orta Şərqdə, o cümlədən Cənubi Qafqazda, Rusiya və İran İttifaqı ilə Qərb  arasında geostrateji ziddiyyətlərin artmasına səbəb olur. Bu qarşıdurma fonunda son vaxtlar Azərbaycanın da adı tez-tez çəkilir. Rusiyanın bölgədə güc nümayiş etdirməsi Azərbaycanın Qərblə münasibətlərinin pisləşdiyi bir vaxta təsadüf edir.

Kreml Yaxın və Orta Şərqə çıxış əldə etmək üçün Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə cəhd edir. Hətta bu bölgənin ona aid olduğunu nümayiş etdirmək üçün Xəzər dənizindən Suriyaya raket atmaqdan belə çəkinmir. Rusiyanın hərbi-siyasi dayaqlarının güclənməsi Qərblə münasibətləri kifayət qədər soyuq olan Azərbaycanı özünün orbitinə çəkməyə münbit şərait yaradır. Parlament seçisindən sonra Azərbaycanla Qərb arasında bu soyuqluğun daha artması ehtimalı rəsmi Bakını Rusiyaya bir qədər də yaxınlaşdıra bilər.

Eyni zamanda, regionun şiə icması üzərində strateji üstünlüyünü artırmağa çalışan İranın, bu məqsədlə əsgəri gücə əl atması Azərbaycanda dini müstəvidə sabitliyə ciddi təhdid yaradır. İran hazırda Yaxın və Orta Şərqdəki şiələri silahlandırmaqla özünün geosiyasi təsir dairəsini genişləndirmək xətti götürüb. Bu proses yalnız Suriyanı deyil, Livan, “Hizbullah” terror təşkilatı, İraq və Cənubi Qafqazı da əhatə edir. Yəni İranın Rusiya ilə birgə hərbi ittifaqı ona şiələrin geniş yaşadığı və Qərblə diplomatik gərginlik yaşayan Azərbaycanda fəallığını artırmağa imkan verir.

Politoloq Fikrət Sadıqov “Cumhuriyət” qəzetinə mövcud durumu şərh edərkən deyib ki, Rusiya ilə Qərb arasında açıq şəkildə qarşıdurma gedir: “Bu prosesdə təbii ki, hər iki qütb öz maraqlarını müdafiə etmək üçün bütün vasitələrdən istifadə edir. Yaxın Şərqdə baş verən hadisələri nəzər alsaq, görərik ki, hər iki qütb öz gücünü nümayiş etdirmək istəyir və əhatə dairəsini genişləndirmək fikrindədir. Faktiki olaraq sanki soyuq müharibənin üçüncü mərhələsi başlayır. Əlbəttə, bu konteksdə Azərbaycan çox ehtiyatla davranmalıdır, Qərblə münasibətlərdən imtina etməməliyik. Düşünürəm ki, etmirik də. Çünki diqqətlə iştirak ediləsi layihələr, siyasi münasibətlər planlayır. Azərbaycan bir sıra Avropa qurumlarına üzvdür. Eyni zamanda onu da başa düşürük ki, şimal qonşumuzla müəyyən normal münasibət yaranmalıdır. Onu da anlayırıq ki, Dağlıq Qarabağ məsələsinin həlli bir çox hallarda Moskvadan asılıdır. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Faktiki olaraq Ermənistan Moskvadan qorunan bir dövlətdir. Buna görə biz Rusiya ilə münasibətləri genişləndirməklə yanaşı, dərinləşdirmək də lazımdır. Azərbaycanın ərazi bütövlüyü məsələsini qabarıq şəkildə gündəmə gətirməliyik. Bu metoddan istifadə edib diplomatik addımlarımızı atmalıyıq”.

Politoloqun fikirlərinə görə, İranla Rusiyanın mövqeyi heç vaxt üst-üstə düşməyib: “Vaxtilə onlar Azərbaycanı bölüb, yalnız bu mərhələdə onların geosiyasi maraqları üst-üstə düşüb. Suriya ilə bağlı münasibətlərdə onların arasında heç bir ziddiyyət yoxdur. Hər iki dövlət bu regionda müəyyən bir oyunçuya çevrilir. Bilirik ki, həm İran, həm də Rusiya Azərbaycana qonşu dövlətdir. İranda kifayət qədər soydaşlarımız yaşayır. Azərbaycan bu vəziyyətdən istifadə etmə siyasətində bir sıra nüansları nəzərə almalıdır. Mövcud durumda ancaq öz maraqlarımıza cavab verən addımlar atmalıyıq. Çünki əsas dövlət maraqlarıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları