Yuxarı

“Söyüşdən masaya keçilməlidir”

“Söyüşdən masaya keçilməlidir”

[caption id="attachment_534" align="alignleft" width="238"]Qorxmaz Ibrahimli_1 Qorxmaz İbrahimli: “Razi bəyin təklifini müsbət qiymətləndirirəm”[/caption]

Azərbaycan Xalq Cəbhəsi Partiyası Etimad Qurultayı Təşkilat Komitəsi oktyabrın 13-də keçirdiyi mətbuat konfransında özünün yeni siyasi prioritetlərini elan etdi. Həmin ideyalar müxalifət düşərgəsində də siyasi marağa səbəb olub.

Bununla bağlı qəzetimizə açıqlama verən Azərbaycan Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin sözlərinə görə, AXCP EQTK təklifləri hakimiyyət-müxalifət münasibətlərində yeni mübarizə üsullarının reallaşmasını təmin edə bilər: “Razi bəyin Azərbaycan siyasətində kübar mübarizə metodlarını təklif etməsi sevindirici haldır. Mən də həmişə bu fikrin tərəfdarı olmuşam ki, insanların həbsi, döyülməsi üzərində qəhrəmanlıq qazanmaqla siyasi uğur əldə etmək olmaz. Bütün iqtidarların səhvləri var. Amma bu, təhqirlə, ifşa ilə deyil, normal tənqidlə yoluna qoyulmalıdır. Bu istiqamətdə mən də irəli sürülən hər bir təşəbbüsü dəstəkləyəcəm”. Qorxmaz İbrahimli hesab edir ki, həm iqtidar, həm də müxalifət dövlətçilik ənənələrinin qorunmasına birlikdə qulluq etməlidir. Məhz siyasi hədəflərin belə müəyyən edilməsi xalqın müxalifətə itmiş inamını bərpa edə bilər: “İnanıram ki, AXCP Etimad Qurultayının həyata keçirəcəyi siyasi addımlarla biz çox dəyişikliklərin şahidi ola bilərik. Hər bir halda söyüş müstəvisindən çəkilmək lazımdır,  hakimiyyətlə müxalifət arasındakı sivil yolla danışıqlar getməlidir.

Danışıqlar da təkliflər paketindən başlayır. Məlum olduğu kimi, ötən il hakimiyyət-müxalifət dialoqu başlamışdı. Danışıqlarda bir neçə müxalifət partiyasının lideri və prezidentin köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iştirak edib. Güman edirəm ki, Razi bəy də həmin masadakı müzakirələrdə iştirak edəcək. Beləliklə, söyüşdən masaya keçilməlidir.

“Mənim təklifim qəbul olunmadı deyə, milləti küçəyə çıxaracam” fikrinə son qoyulmalıdır. Bizim millətimiz böyük millətdir”. Qorxmaz İbrahimli bu baxımdan, Milli Şuranın mübarizə taktikasının yanlış olduğunu dedi.

Müşfiq





Həftənin ən çox oxunanları