Yuxarı

Seçkiyə qatılan və geri çəkilən partiyalar

Seçkiyə qatılan və geri çəkilən partiyalar

toplandi“Boykot edirəm”, “iştirak etmirəm”, “geri çəkilirəm”

İki gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Seçkiqabağı siyasi fəallıq hiss olunmasa da, son zamanlar bəzi partiyaların seçkidən imtinası əsas müzakirə mövzusudur.  Qeyd edək ki, seçki prosesi ilə bağlı hakimiyyətlə müxalifət arasında ciddi fikir ayrılığı var. Müxalifət iddia edir ki, seçkilərdə rəqabət mühiti yoxdur və demokratik standartlara cavab vermir. Öz nümayəndələrini müşahidəçi qismində bura göndərməkdən imtina edən beynəlxalq təşkilatlar da addımlarının bununla əsaslandırırlar.

Xatırladaq ki, seçki komissiyaları 125 yerlik Milli Məclisə 767 namizəd qeydə alıb. Onlardan 331 nəfəri iyirmidən çox siyasi partiyanı təmsil edir və yeddi siyasi partiya isə “Azadlıq-2015” blokunun çətiri altında seçkilərə gedir. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, partiya seçkilərdə iştirak etmək üçün 5 nəfərin namizədliyini DSK-ya təqdim edib onlardan hamısının namizədliyi MSK tərəfindən təsdiqlənib. Bu seçkilərdə ümumilikdə iyirmidən çox siyasi partiya iştirak edir. NİDA Vətəndaş Hərəkatı, “125-lər” siyasi klubu da seçkilərə qatılıblar.

Digər partiyalar, seçki başlamazdan əvvəl seçkiyə qatılmayacaqlarını bəyan ediblər. O cümlədən, Azərbaycan Demokrat Partiyası da seçkini boykot edir. Bundan başqa Müasir Müsavat Partiyası da seçkilərə qatılmır. Partiyanın sədri Hafiz Hacıyevin sözlərinə görə, o, səhhəti ilə bağlı seçkilərdə iştirak edə bilməyəcək: “Mənim səhhətimdə problem var, müalicə olunuram”.

Azad Demokratlar Partiyası da seçkidə iştirak etməyən partiyalar sırasındadır. Partiya sədri Sülhəddin Əkbər bu qərarı belə əsaslandırıb: “Ölkədə seçki mühiti yoxdur. Ölkədə nə siyasi, nə ictimai, nə hüquqi vəziyyət, nə də beynəlxalq şərtlər Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir. Ona görə də, seçkidə iştirakı məqsədəuyğun hesab etmədik.

"Azadlıq-2015" seçki bloku idi və seçkidə iştirak etməyən partiyanın həmin blokda olması mümkün deyildi. Ona görə də bu blokdan kənarlaşdıq.

Mən bir neçə ay əvvəl ölkədəki siyasi vəziyyətin, xüsusən də insan haqları, demokratiya sahəsində vəziyyətin getdikcə ağırlaşdığını görürdüm. Bidirsiniz ki, həmin blokdakı partiyalar da hakimiyyətlə dialoq prosesində iştirak edirdilər. Həmin dialoqun da nəticəsizliyini görərək, öncədən xəbərdarlıq etmişdim. Bildirmişdim ki, əgər vəziyyət qısa zamanda köklü şəkildə dəyişməsə, böyük ehtimalla bizim partiya seçkilərdə iştirak etməyəcək. Yəni, blokdakı bütün dostlarımız bizim mövqeyimizlə tanış idi.

Bizim qərarın adı seçkidən imtinadır. Yəni, biz mövcud situasiyanı nəzərdən keçirib seçkidə iştirakı məqsədəuyğun hesab etmirik. Həm mövcud durumu, həm acı təcrübəni nəzərə almışıq və partiya maraqlarımızı göz önündə tuturaq bu qərara gəlmişik”. Seçkilərə qatılanlar sırasında olan Müsavat Partiyası isə oktyabrın 28-də seçkidə iştirakını dayandırdığını açıqlayıb. Partiya parlament seçkilərində iştirakdan son anda imtina edib. Bu barədə Müsavat Partiyası rəhbərliyi keçirdiyi mətbuat konfransında məlumat verib. Partiya sədri Arif Hacılı qeyd edib ki, Müsavat seçkinin müxtəlif mərhələlərində iştirakı, həmçinin boykotu  müzakirə edəcəyini bildirmişdi. O, seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb və qeyd edib ki, hakimiyyət seçki prosesini artıq cari məsələ kimi həyata keçirir. A.Hacılının sözlərinə görə, partiya Divanının oktyabrın 28-də keçirdiyi iclas zamanı bu qərara gəlinib və seçkiyə qatılan 25 partiya üzvünün də bu qərara hörmət edəcəyinə ümid edir.

Müsavatın seçkiləri boykot etməsinin səbəbi kimi:

- Siyasi məhbusların həbsdən azad edilməməsi;

- Seçki qanunvericiliyində demokratik islahatların aparılmaması;

- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olması;

- Namizədlər arasında ayrıseçkiliyə yol verilməsi;

- Bərabərhüquqlu təbliğat imkanlarının yaradılmaması;

- Müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmaması;

- ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmaması və s. göstərilib.

Daha bir seçkiyə qatılan təşkilat da boykota üstünlük verənlərin sırasına qoşulub. NİDA Vətəndaş Hərəkatı parlament seçkilərində iştirakdan imtina etdiyi haqda bəyanat yayıb.  Bəyanatda təşkilatın seçkilərin azad və ədalətli keçiriləcəyinə inanmadığı qeyd olunur və bildirilir ki, seçkilər növbəti dəfə saxtalaşdırılacaq və rejim özünə xidmət edən “parlament” formalaşdıracaq: "Seçkilərə qatılmaqda məqsədimiz mandat almaq deyil, mövcud repressiya şəraitində 21 günlük təbliğat müddətindən istifadə edib insanlarla təması gücləndirmək, NİDA-nı onlara tanıtmaq, məqsəd və məramımızı insanlara çatdırmaq, vətəndaşlarımızın dərdlərini dinləmək, xalqı dəyişikliklər naminə mübarizəyə səsləmək idi. Biz həm imzatoplama, həm də təbliğat-təşviqat dövründə on minlərlə vətəndaşımızla ünsiyyətdə olaraq bu niyyətimizi həyata keçirdik. Digər tərəfdən, hakimiyyətin seçki dövründə sərgilədiyi davranış seçkilərin ənənəvi ssenari əsasında keçiriləcəyini göstərdi. Təsadüfi deyil ki, 8 nəfərlə seçkiyə qatılan NİDA-nın yalnız 2 namizədi - 18-ci dairədən Ramin Hüseynov, 35-ci dairədən İlahə Əmiraslanova qeydə alındılar. Digər 6 namizədimiz müxtəlif bəhanələr gətirilərək qeydə alınmadılar, bəzi hallarda onlara imza verən vətəndaşlara təzyiq göstərildi, namizədlərin seçkidə iştirak hüququ açıq-aşkar pozulmuşdu. Oxşar hallar digər müxalif və müstəqil namizədlərdə də müşahidə olunub.

Eyni zamanda bütün gözləntilərə rəğmən hakimiyyət seçki prosesinə marağı daha da azaltmaq üçün namizədlərə pulsuz efir vaxtı ayırmadı".

NİDA hakimiyyətin obyektiv və ədalətli seçki rəyindən narahat olduğunu xatırladır və ATƏT-in Varşava bürosunun seçkiləri hərtərəfli müşahidəsinə süni maneələr yaratdığını qeyd edir: "İqtidar qurumun Azərbaycana seçki müşahidə missiyası göndərməməsi üçün əlindən gələn hər şeyi etdi. Bu seçkiləri beynəlxalq müşahidəçilərdən yalnız Avropa Şurası Parlament Assambleyasının nümayəndələri müşahidə edəcək ki, onların NİDA-nın nümayəndələrilə son görüşü zamanı davranışı, mətbuata verdiyi açıqlamaları hakimiyyətə sərf edən qərəzli seçki rəyi verəcəklərinə dair şübhə yeri qoymur. Məhz bu səbəbdən biz NİDA Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, AŞPA-nın nümayəndə heyətinin obyektivliyinə inanmadığımıza görə onların ikinci görüş dəvətinə imtina cavabı verdik".

"NİDA Vətəndaş Hərəkatı hakimiyyətin total saxtakarlığa hazırlaşdığına bir daha əmin olduqdan və seçkilərlə bağlı əsas hədəfi olan xalqla təması gücləndirmək missiyasını yerinə yetirdikdən sonra bəyan edir ki, hərəkatımızın namizədləri Ramin Hüseynov və İlahə Əmiraslanova namizədliklərini geri çəkirlər. Yuxarıda qeyd etdiyimiz səbəblərdən və ölkədəki mövcud ictimai-siyasi vəziyyəti, repressiv mühiti əsas gətirərək hərəkat olaraq parlament seçkilərində iştirakdan imtina edirik və nəticələri indidən bəlli olan seçkiləri tanımayacağıq. Bununla bərabər üzvlərimiz seçkilərdə müşahidəçilik edərək hakimiyyətin saxtakarlıqlarını ifşa etməyə çalışacaqlar", - deyə bəyanat bu fikirlərlə bitir.

Cavad





Həftənin ən çox oxunanları