Yuxarı

“Rejim bizi öz əlimizlə vurmaq istəyir”

“Rejim bizi öz əlimizlə vurmaq istəyir”

[caption id="attachment_2880" align="alignleft" width="348"]sayman aruz Sayman Aruz: “Yaxın günlərdə Güneydə daha güclü aksiyalar keçiriləcək”[/caption]

Noyabrın 9-dan  İranın Azərbaycan türkləri yaşayan bütün əyalətlərində fars irqi ayrı-seçkiliyinə qarşı baş qaldırmış etiraz aksiyaları xarici ölkələrdə də davam edir. Vaşinqtonda, Türkiyədə, Avropa ölkələrində yaşayan azərbaycanlılar İran rejiminin onlara qarşı yol verdiyi təhqirlərə son qoyulmasını tələb edir. Noyabrın 15-də isə böyük iyirmiliyin (G-20) Antalyada keçirilmiş zirvə toplantısında  fars irqçiliyinə etiraz yürüşü keçirməklə bütün dünyanın aparıcı ölkələrinin diqqətini bu problemə yönəltmək mümkün olub.

Aksiyaya Anadolu türkləri, Güney və Quzey Azərbaycan türkləri  qatılıb. Etirazçılar İran televiziyasının yaydığı təhqiramiz proqramı şiddətlə qınayıb və İranda türklərə qarşı həyata keçirilən irqçilik siyasətinin dayandırılmasını tələb ediblər.

Xatırladaq ki, İranın dövlət televiziyasında yayımlanan “Fitilə” verilişində azərbaycanlı uşağın təhqir edən fikirlər Güney Azərbaycan türklərinin narazılığına səbəb olub və ölkədə kütləvi etirazlar baş qaldırıb.  Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər  isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.

İran rəsmiləri “Fitilə” verilişinin bağlanması və telekanalın Azərbaycan xalqından üzr istəməsi ilə ölkədə sabitliyin bərpa olunduğunu desə də, milli fəalların həbsinin davam etməsi vəziyyətin gərgin olaraq qalmasından xəbər verir.  Noyabrın 12-də  Təbrizdə yoxa çıxan tanınmış azərbaycanlı fəal Rəsul Rəzəvinin hazırda ETTELAAT-ın Təbriz idarəsinin təcridxanasında saxlanıldığı məlum olub.

Hazırda ölkədə siyasi nəzarəti bərpa etməyə çalışan rəsmi Tehran üçün bu hadisələr gözlənilməz siyasi sürpriz olub.  Ona görə də İran hakimiyyəti Cənubi Azərbaycanda milli oyanışın  baş qaldırmasını xarici qüvvələrin fəaliyyəti ilə əlaqələndirməyə çalışır. Son vaxtlar nüvə proqramına dair Qərblə razılaşma əldə edən İran rejimi siyasi dayaqlarını  gücləndirmək imkanı qazanmışdı. İrana qarşı sanksiyaların götürüləcəyinə dair ümidlər həm ölkə daxilində, həm də beynəlxalq ictimai rəydə İran hakimiyyətinə dəstəyin artması ilə müşahidə olunurdu. Ancaq yaranmış vəziyyət sanksiyaların qaldırılması ilə  İranda milli və insan hüquqlarının arxa plana keçəcəyi barədə düşüncələrin yanlış olduğunu göstərdi.  Hətta İranın nüvə proqramına dair Vyana razılaşmasının əldə edilməsindən sonra da ABŞ hökuməti insan haqları problemi ilə bağlı tətbiq edilən sanksiyaların öz həllini tapacağına dair qüvvədə qalacağını bəyan etmişdi. Hazırda İranda yaşayan qeyri-fars millətlərin hüquqlarının pozulması ciddi problem olaraq qaldığından bu, zaman-zaman qabarır. İranda sayca ən böyük toplum Güney Azərbaycan türkləri olduğundan onların öz hüquqlarını tələb etməsi və ya etiraz aksiyaları diqqəti daha çox cəlb edir.

Azərbaycan dövləti İranın təhlükəli və güclü olması amilini nəzərə alaraq bu prosesdə daha çox “başqa dövlətlərin daxili işlərinə qarışmama” prinsipini əsas tutur. Yəni rəsmi Bakı İranda hətta nə vaxtsa milli qarşıdurmaya çevriləcəyi istisna edilməyən bu münaqişəni Azərbaycan dövlətinin daxilinə daşımaq istəmir. Eyni zamanda, Azərbaycanda yaşayan iranlı siyasi mühacirlərin əksəriyyəti Avropa və Amerika ölkələrinə köçmək məcburiyyətində qalıb. Onların bir qismi isə Azərbaycanda qaçqın kimi  deydiyyata düşsə də, mühacir statusundan faydalana bilmir.

Bunun əksinə olaraq İran KİV-ləri Azərbaycanda guya milli azlıqlar probleminin olması barədə təbliğatdan bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Eyni zamanda, İran Azərbaycanda  radikal şiəlik və İslam inqilabının  ixracı ideyasını siyasi və ideoloji silah kimi yaymaqda maraqlıdır. Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməyən İran digər tərəfdən Ermənistanla strateji əməkdaşlıq edir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin  ANS-ə açıqlamasında Cənubi Azərbaycanda vəziyyətin gərginləşməsini separatizm adlandırması isə növbəti narazılığa səbəb olub: “Təəssüflər olsun ki, son proqramda azərbaycanlılara toxunan bir yumordan istifadə olunub. Proqramda istifadə olunan sözlər etiraza səbəb olub. Mən özüm də farsdilli olaraq bu proqramdan razı deyiləm və bu hadisədən narahatlıq keçirdim. Orda istifadə olunan sözlər uşaqlar üçün münasib deyil. Təkcə İran azərbaycanlıları deyil, fars xalqı da bunu tənqid edir. Həqiqət bundan ibarətdir ki, bu, bilərəkdən baş verməyib. Proqramın aparıcısı da azərbaycanlıdır və proqramın sonunda üzrxahlıq edib. İran televiziya proqramları şəbəkəsi azərbaycanlılardan üzr istəyib və proqram dayandırılıb. Sadəcə, müəyyən yanlışlıq olub və bu hər yerdə ola bilər.”

Onun sözlərinə görə, bu hər bir ölkədə baş verə biləcək hadisədir. “Bəzi millətçi və separatçı qruplar xarici ölkələrdən dəstək alaraq bundan istifadə etdilər. İranı ittiham etdilər və ittiham edərək ölkənin daxili işinə qarışdılar. Bu, İranın daxili işidir və heç bir ölkəyə bunun dəxli yoxdur. Biz sevinirik ki, Azərbaycanın dövlət rəsmiləri düzgün və ədalətli mövqe nümayiş etdirdi. İki ölkənin əlaqələrinə mənfi təsir edəcək hadisələrin təkrarlanmamasına ümid edirik.”

Səfirin fikirlərinə münasibət bilidirən Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz  “Cümhuriyet”ə açıqlamasında Möhsün Pakayinin yalan danışdığını deyib. Onun sözlərinə görə, İran hakimiyyəti Güney Azərbaycan türklərinə qarşı həmişə belə təhqiramiz davranışlara yol verib: “20-dən çox şəhərdə yüz minlərlə Azərbaycan türkü küçələrə çıxaraq öz etirazlarını bildiriblər. Belə çıxır ki, onlar separatizmlə məşğul olublar? Əksinə, Azərbaycan xalqı həmişə separatçılığa qarşı mübarizə aparıb. Şimalda erməni separatçılığına, cənubda isə fars separatçılığına qarşı. İran rejimi bizi öz evimizdə, öz torpaqlarımızda əsir götürüb, bütün siyasi, iqtisadi, ictimai imkanlarımızdan məhrum  ediblər, xalqı milli mənsubiyyətimizdən uzaq salmağa, vətənsiz, kimliksiz vətən yaratmağa çalışırlar.  Halbuki, bizim xalq onların bizə sırımağa çalışdığı mədəniyyətə assimilyasiya olmayacaq. Güney Azərbaycan torpaqları bizim vətənimizin ayrılmaz bir hissəsidir. Necə ki, Qarabağ da Azərbaycanın ayrılmaz bir hissəsidir. Əminəm ki, bu xalqın haqq mübarizəsi bir gün öz sözünü deyəcək”.

Sayman Aruz onu da vurğuladı ki, “Fitilə” verilişinin azərbaycanlılara məxsus olması barədə deyilənlər də əsassızdır.  Azərbaycanlı uşaq haqqında təhqiramiz ifadələr işlədən aparıcı da İranda yaşayan farsdilli etnik qruplardan birinin nümayəndəsi olub: “O verilişdə iştirak edən üç nəfərin heç biri türk deyil.  Həmin şəxslərin harada anadan olduğu, kimliyi bəllidir. Sadəcə olaraq,  İran rejimi özümüzü öz əlimizlə vurmaq istəyir”.

Onu da qeyd edək ki, bəzi analitiklər Cənubi Azərbaycanda cərəyan edən hadisələri adi etiraz aksiyası deyil, İranda milli-azadlıq hərəkatının yetişməsi kimi şərh edir. Sayman Aruz hesab edir ki, İranda yaşayan türklərin belə kütləvi şəkildə küçələrə axışması təsadüfi deyil: “İranda 45 milyon azərbaycanlı, 7 milyon etnik türk var. 52 milyon türkün yaşadığı bir ölkədə onun nə dili, nə mədəniyyəti tanınmırsa,  deməli burada bir yara var. Küçəyə çıxanlar ingilislər, ya başqa millətlər deyildi ki, türklər idi. Onların hüquqları bərpa edilsə, xalq etiraz etməz. Deməli, bu problem var ki, həm xalq etiraz edir, həm də xarici qüvvələri maraqlandırır. Günahı başqasının üstünə almaqla bu yaranı sağaltmaq olmaz.

Yaxın günlərdə daha güclü aksiyalar keçiriləcək. Çünki xalqın vəziyyəti getdikcə ağırlaşır. İqtisadiyyatımızı oğurlayıb aparırlar, bütün mis, qızıl  mədənlərimizi, duzumuza qədər farslar mənimsədilər.

Ona görə də xalq etiraz etməkdə haqlıdır. Öz hüquqları uğrunda mübarizə aparan xalqa beynəlxalq ictimaiyyətin dəstək verməsi də təbii haldır”.

Müşfiq





Həftənin ən çox oxunanları