Yuxarı

“Azərbaycan hər an terrora tuş gələ bilər”

“Azərbaycan hər an terrora tuş gələ bilər”

Arastun Orujlu“Beyrutda törədilmiş terror aktı son iki onillikdə Livanda həyata keçirilmiş ən böyük terror hücumu olmaqla yanaşı, həm də bir çox mətləblərə xeyli aydınlıq gətirdi. Əvvəla, bu aksiya göstərdi ki, terrorun hədəfi təkcə inkişaf eləmiş Qərb dünyası deyil və əslində, bunu elə son illərdə İraqda, Əfqanıstanda, Suriyada demək olar ki, gündəlik həyatın tərkib hissəsinə çevrilmiş terror aktları da sübut edir”.

Cebhe.info xəbər verir ki, bu barədə politoloq, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu məlumat verib.

“İkincisi, Qərb dövlətlərinin terrora məruz qalmasının onların yüzilliklər boyu apardığı kolonial siyasətin məntiqi nəticəsi olmasını iddia edənlərin məntiqini yumşaq desək, şübhə altına qoyur. Həmin "məntiqlə" əsrlər boyu irqçiliyə, quldarlığa, soyqırıma məruz qalmış, ən qeyri-insani işgəncələrdən keçmiş və bu gün də əsasən yoxsulluq içində yaşayan Afrika mənşəli insanlar ABŞ-dan tutmuş Braziliyayadək bütün Amerika qitəsini qan içində boğmalıdılar. Amma gördüyümüz kimi bu, baş vermir”, - deyə Ə.Oruclu qeyd edib. Politoloqun sözlərinə görə, İŞID-in Suriyada, İraqda törətdiyi vəhşiliklərini lənətləyənlər Parisdə törədilən terror aktını nəinki qınamadılar, hətta ən müxtəlif yollarla buna bəraət qazandırmağa çalışdılar: “Livanda törədilən terror aktı bunu da bir daha göstərdi ki, heç bir ölkə bu məkrli əməldən sığortalanmayıb və xüsusilə də həmin ölkədə zorakılığı, terroru alqışlayanlar, onları təsirli mübarizə vasitəsi kimi görənlər varsa. Nəhayət, bütün bunlardan çıxan nəticə olaraq anlamalıyıq ki, yaşadığımız ölkə də istənilən anda terrora tuş gələ bilər, özümüz, doğmalarımız, əzizlərimiz gözləmədiyimiz zaman və məkanda onun qurbanlarına çevrilə bilərik.

Bundan qaça bilmək üçünsə xeyli işlər görülməlidir. İnsanların həyat səviyyəsi qaldırılmalı, təhsil sistemində təxirəsalınmaz tədbirlər həyata keçirilməli, ölkənin hüquq sistemi bərpa olunmalı, sosial ədalət prinsipləri bərqərar edilməli, haqsızlığa qarşı barışmaz mübarizə aparılmalıdır. Amma bunlarla yanaşı həm də kin, nifrət, ksenofobiya, homofobiya yayan zərərli və xəstə düşüncə daşıyıcıları da həm ideoloji, həm də hüquqi müstəvidə ən amansız şəkildə hədəfə alınmalıdır. Əks halda, ölkə öz aralarında savaş aparan başıpozuq dəstələrin döyüş məkanına, insanlarımız isə onların vəhşiliklərinin qurbanlarına çevriləcək. Necə ki, vaxtilə Şərqin incisi sayılan Livan indi çevrilib”.

Mənsur





Həftənin ən çox oxunanları