Yuxarı

Milli Şuradan qızışdırıcı mövqe

Milli Şuradan qızışdırıcı mövqe

milli suraƏli Kərimli və dəstəsi ictimai maraqları ayaq altına atdı

Milli Şura Nardaran qəsəbəsində baş verən hadisələrdən siyasi alver predmeti kimi yararlanmağa çalışır. Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyatı faciə kimi təqdim edən Milli Şura rəhbərliyi sanki əlinə fürsət düşübmüş kimi qızışdırıcı açıqlamalar verməklə məşğuldur. Həm  Əli Kərimli, həm də digər onun siyasi yaxınları sosial şəbəkələrdə hadisələrin motivini  maksimum siyasiləşdirməyə xidmət edən statuslar yazırlar. Belə görünür ki,  Nardaranda baş verən hadisələr Milli Şura üçün göydəndüşmə olub.

Son dövrlər siyasi gündəmdən çıxmış və fəaliyyətsiz bir quruma çevrilmiş Milli Şura indi ictimai diqqəti özünə cəlb etmək üçün Nardaran olaylarından siyasi divident götürmək istəyir. Bu eyni zamanda,  AXCP sədrliyindən uzaqlaşdırılmış Əli Kərimlinin də işinə yarayır. Öz tərəfdarlarını tamamilə itirmiş Milli Şura və Əli Kərimli yeni sosial baza toplamaq üçün dindar kəsimə göz dikib. Bir zamanlar Qərbin dəstəyinə bel bağlayan Əli Kərimli bu ideyanın baş tutmadığını görəndə 2013-cü ildə Milli Şuranı təsis etməklə Rusiyaya tərəf üz döndərdi. Ancaq prezident seçkilərində Rusiyanın nə Rüstəm İbrahimbəyova, nə də Cəmil Həsənliyə dəstək verməməsi Milli Şuranın müxalifətin siyasi güc mərkəzi olması barədə deyilənlərin yalnız mənasız təbliğatdan ibarət olduğunu üzə çıxardı. Son dövrlər Milli Şuranın dindar kəsimə bağlı verilən bəyanatları və açıqlamalar bu qurumun İranpərəst qüvvələrin sırasında dəstək axtarışına çıxmasından xəbər verir.

Milli Şuranın və Əli Kərimlinin niyə belə mövqe sərgiləməsinin siyasi səbəblərini görmək çətin deyil. Ona görə də ölkədə siyasi kataklizmlərin baş verməsi onlara gündəmə gəlmək üçün bir vasitə kimi lazımdır. Oktyabrın 22-də Aşura mərasimi ilə bağlı Gəncədə dindarların Şah Abbas Məscidini zəbt etmək, İmamzadə ziyarətgahına yürüş keçirmək istəyinin qarşısı alınan zaman hadisəyə ilk siyasi reaksiya Milli Şuradan gəldi. Əli Kərimli və Gültəkin Hacıbəyli hadisələri qızışdıran mövqe sərgilədilər. Halbuki bir neçə il öncə Əli Kərimli və onun ətrafı Azərbaycan hakimiyyətini tənqid edərək demokratik müxalifətə qarşı mübarizədən çəkinməyə səsləyirdilər. Vətəndaş cəmiyyətinin sıradan çıxacağı təqdirdə onun yerini siyasi islamın tutacağına dair xəbərdarlıq edən bu adamlar indi dindar elektorata qarmaq atır, onu öz tərəfinə çəkməyə çalışır.

Bir tərəfdən siyasi mübarizədə zorakılığı, silahlı mübarizəni qəti şəkildə pisləyən, “polisə silahlı müqavimət yolverilməzdir”- deyən Əli Kərimli digər tərəfdən,  “Biz hüquq-mühafizə orqanlarının Hacı Tale və tərəfdarları haqda yaydığı məlumata niyə gözüyumulu inanmalıyıq?” fikrini ortaya atmaqla Nardaran sakinlərində və ümumi ictimai fikirdə siyasi çaxnaşma üçün fürsət axtarır. Bu mövqe əslində Hacı Talehi və ya digər dindarları müdafiə deyil, “bulanıq suda balıq tutmaqdır”.

Nardaran hadisələrinin bu həddə çatmasında Milli Şuranın bir müddət öncə apardığı təbliğat az təsir göstərməyib. Hələ noyabrın 3-də Milli Şura üzvləri  “Tale Bağırzadənin rejim tərəfindən öldürüləcəyi”  barədə sosial şəbəkələrdə açıqlamalar yayır, dindarları ondan muğayat olmağa çağırırdılar. Buna cavab olaraq  özünü Elçin İlqaroğlu kimi təqdim edən  bir radikal dindar üzərində “Əgər Hacı Tale həbs olunsa,ölkədə qan su yerinə axacaq” yazılmış plakatın şəklini paylaşıb. Dünən Nardaranda baş verənlər adını demokrat qoyan bu adamların dini radikalizmdən istifadə etməklə öz niyyətlərinə çatdığını təsdiq edir.

Nardaran hadisələrini siyasi fürsət kimi seçənlər sosial şəbəkələrdə gah  qəsəbə əhalisinin gülləbaran edilməsi, gah da Lənkərandakı “Əbülfəzl Abbas” məscidi ətrafında polislə yerli sakinlər arasında qarşıdurmanın yaşanması haqqında məlumat yayırlar. Əslində isə, bu adamların heç biri nə orada olub, nə də həmin hadisələrə şahidlik edib. Bütün bunlar sadəcə olaraq, aranı qatmaqdan başqa bir şey deyil.

Müşfiq





Həftənin ən çox oxunanları