Yuxarı

Nazirin nostrifikasiya oyunu

Nazirin nostrifikasiya oyunu

mikayil cabbarovNüfuzlu xarici ali məktəb diplomlarının tanınmasında korrupsiya izləri

Xaricdə təhsil alan Azərbaycan gəncləri ölkəmizdə diplomlarının tanınması məsələsində ciddi problemlə qarşılaşır. İddia edirlər ki, M.Cabbarov təhsil naziri təyin olunandan sonra “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları” haqqında Nazirlər Kabinetinin 13 may, 2003-cü il 64№-li Qərarı kobud şəkildə pozulur.  Bu Qaydalar  “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

Təhzil Nazirliyi məhkəmə qərarını belə saymır

Təhsil Nazirliyi Qaydalarda nəzərdə tutulmayan yollara baş vuraraq yaxın-uzaq xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesində süni əngəllər yaradır.  Belə ki, düzgünlüyü heç bir şübhə doğurmayan, sorğular əsasında rəsmən təsdiq olunan diplom sahibləri isə qeyri-qanuni olaraq sual-cavab edilir, onlarla sanki işə qəbul edirlərmiş kimi davranırlar.

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılmalı olduğu halda Təhsil Nazirliyinin qapılarını aylarla döyən gənclər və valideynlər var. Onların bir çoxu hərbi xidmət keçsələr də, Təhsil Nazirliyinə təqdim etdikləri diplomları hələ də nazirliyin “piştaxtaları”nda yatır. Digər mühüm problem isə Təhsil Nazirliyinin tanımaq istəmədiyi diplomlar barədə imtina sənədini bilərəkdən yubatmasıdır ki, bu da diplom sahiblərinin məhkəmə hüququnu məhdudlaşdırır. Hətta nazirlik o qədər irəli gedir ki, məhkəmə qərarlarını da tanımaq istəmir. Bununla da bağlı konkret faktlar var.

“Yaxşı təhsil almışam, diplomumu tanımırlar”

Əslində, azərbaycanlı gənclərin bir çoxu ali məktəbi xaricdə oxumağa meyllidir. Səbəbi Azərbaycanda ali təhsil almağın baha başa gəlməsi, eləcə də bizim diplomların bir çox ölkələrdə tanınmamasıdır. Gənclərin xaricdə təhsil almaq istəməsinin bir səbəbi də xarici universitetlərin ölkəmizdəki təmsilçilərinin uğurlu piarıdır. Bir çox xarici universitet tələbələrini imtahansız seçir, orta məktəb attestatında 3-dən başqa qiymət olmayan bir çox gənc bunu fürsət bilib imtahansız ödəniş etməklə istədiyi universitetdə təhsil almaq imkanına malik olur. Bu isə əlbəttə ki, sonradan ortaya bir sıra problemlər çıxarır, savadsız mütəxəssislərin bolluğu və xarici universitetdən aldığı diplomun ölkəmizdə tanınması məsələsi kimi...

Nüfuzlu xarici ali məktəblərdə təhsil alan, lakin diplomları heç bir əsas göstərilmədən Təhsil Nazirliyi tərəfindən tanınmayan məzunlar deyirlər ki, bu qanunsuzluqda məqsəd xaricdə təhsil alanlardan bürokratiya və qanunsuz ödənişlər, o cümlədən rüşvət almaqdan ibarətdir. Onların fikrincə, nazirlikdə bu işdən pul qazanan adamlar var ki, rüşvət veriləndə saxta universitetin də diplomunu tanıyırlar, verilməyəndə isə ən nüfuzlu xarici universitetlərin belə diplomunu tanımırlar. Məzunlar dövlət başçısının hökumətdə apardığı islahatlara və korrupsiyaya qarşı mübarizəsini müdafiə etdiklərini, qanunları pozan, korrupsiyaya bulanan Təhsil Nazirliyindəki məmurların da cəzalandırılacağına ümid edirlər.

Aytən Abdullayeva deyir ki, xarici ölkədə təhsil almaq fikrinə düşəndə diplomunun ölkəmizdə tanınıb-tanınmayacağı məsələsi barədə heç fikirləşməyib: “Anadolu Universitetini seçdim, çünki əksər ölkələrdə diplomu tanınan universitetdir, amma bizim ölkədə tanınmadığını öyrənəndə artıq 3-cü kursda idim. Kifayət qədər yaxşı təhsil almışam, bizim universitetləri qurtaranlardan daha üstün qabiliyyətə malikəm, amma bunu işimdə göstərə bilməyəcəm, çünki diplomumu tanımırlar”.

“Nazirliyin diplomu saxta elan etmə səlahiyyəti yoxdur”

Diplomların attestasiyası məsələsinə toxunan ekspert Səftər Nehmətli deyir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin diplomunu attestasiya etmək Azərbaycan təhsil sisteminin səviyyəsində deyil: “Eləcə də digərlərinin. Hacıtəpə universiteti var, Heydər Əliyev, Əbülfəz Elçibəy orda mühazirə oxuyub, dünyanın ilk minliyinə daxil olan universitetdir, oranı bitirəni attestasiyadan keçirmək gülüncdür. Mənim fikrimcə, hazırkı təhsil naziri Mikayıl Cabbarov təhsil sistemini dərindən bilmir, düzdür, nazirin müəyyən yenilikləri, cəhdləri var, amma təhsil sistemində elə hallar baş verir ki, düzəltmək iqtidarında olmur. Keçmiş ABU minlərlə tələbə yığmışdı ətrafına, hamısı da qanunsuz, illərlə bu universitetə “gözün üstə qaşın var” deyən olmadı, hətta Misir Mərdanov ABU-ya “Nümunəvi universitet” diplomu vermişdi”.

S.Nehmətli deyir ki, diplomun saxta və əsl olmasını isə məhkəmə müəyyən edə bilər: "Məmur diplomu saxta elan edə bilməz, buna səlahiyyəti çatmır. Ümumiyyətlə, diplomların tanınıb-tanınmaması məsələsinə nəzarət edən komissiyada  nazirlik işçisi yox, kənar orqanlardan, bu sahənin ekspertləri, biliciləri olmalıdır ki, nazirliyə tabe olmasın”.

“Bu, xaricdə ali təhsil alanların işə düzəlməsinə problem yaradır”

Digər müsahibimiz, təhsil eksperti Nadir İsrafilov də bildirdi ki, Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqdadır: “Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələ ki, kredit sisteminə üstünlük verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamil etmək olar”.

Müsahibimiz deyir ki, dünyanın ayrı-ayrı ölkələrində problemə fərqli yanaşma tətbiq edilir: “Hansısa ölkə ilkin bazaya-attestata üstünlük verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplomu alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə üstünlük verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Bu məsələdə ixtisaslara, onlara olan tələbata da diqqət yetirilir. Bildiyimə görə, bu sahədə ölkəmizdə müəyyən işlər gedir, ayrı-ayrı universitetlər məzun assosiasiyasının yaradılması ilə məşğul olurlar, xarici ölkələrdə işləyən, yaşayan məzunlarının siyahılarını toplayırlar, gələcəkdə məzunların xaricdə iş imkanının artırılması üçün xarici universitetlərin proqramlarını tətbiq edirlər”.

Ümumiyyətlə, universitetlər əsasən nüfuzlarına görə tanınırlar. Bununla belə, hər bir ölkədə bu məsələ fərqli şəkildə həyata keçırilir Əsasən, əlavə imtahan formasına, yaxud digər müəyyən prosedurlara üstünlük verilir. Hər halda universitetin reytinqi əsas şərtdir. Universitetin nüfuzu yüksək olduqda, onun məzunu da diqqətlə qarşılanır.

Elektron tanınma proseduru nazirliyə niyə sərf etmir?

Araşdırmalar zamanı və ekspertlərin təhlillərindən belə nəticə çıxır ki, əslində, Təhsil Nazirliyinin bu və ya digər ölkənin konkret ali məktəbinin diplomunun tanıyıb-tanımaması baxımından məsələyə yanaşması kökündən yanlışdır. Çünki beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı Beynəlxalq Konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. 1996-cı ilin mayında imzalanmış, həmin ilin sentyabrında Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınması üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir.

Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Qaydalara görə, nostrifikasiya prosedurundan keçmək üçün müraciət edən vətəndaşların təhsil sənədlərinə yalnız elektron formatda baxılmalıdır. Yəni tələbə sənədlərini Təhsil Nazirliyinə təqdim edir və bir ay gözləyir. Həmin sənədlər elektron qaydada yükləndikdən sonra nazirlik sənədlərin formal tələblərə cavab verib-vermədiyini müəyyənləşdirir. Düzgün formatda yüklənmiş sənədlər barədə "İcraata götürülmüşdür" qeydi yazılır. Bir ay müddətində nazirlik həmin diplomun alındığı universitetlə yazışmalı və onun qanuniliyini təstiq etməlidir.

Bu həm də o deməkdir ki, məzunla nazirlik işçisinin diplomun tanınma prosesində təması olmamalıdır ki, bu da rüşvət hallarının qarşısını almaq üçündür. Lakin nazirlik buna məhəl qoymur, öz bildiyi kimi diplomların tanınma prosedurunu aparır. Təbii ki, bunu hansı maraqlardan etdiyi aydın məsələdir.

Mövzunu konkret şikayətçilərin müraciətləri əsasında davam etdirəcəyik.

Turan





Həftənin ən çox oxunanları