Yuxarı

Əli Kərimlinin populizm və demoqogiya siyasəti

Əli Kərimlinin populizm və demoqogiya siyasəti

[caption id="attachment_3325" align="alignleft" width="290"]Elcin Mirzebeyli Elçin Mirzəbəyli: “Anti-böhran proqramı hazırlamaq üçün intellekt lazımdır, o da “Yurd” sədrində yoxdur”[/caption]

Azərbaycanda iqtisadi-sosial böhran baş verir. 2015-ci ilin son günlərində Mərkəzi Bankın kəskin devalvasiya qərarı manatın məzənnəsini tarixi ərzində dollara münasibətdə ən ağır dəyər itkisinə məruz qoydu. Bu da ölkənin ərzaq bazarında silsilə bahalaşma trendini yaratdı. Vəziyyətdən çıxış yoluna malik olmayan hökumət müxalifət və ziyalılara müraciət edərək, demokratik düşərgədən ağıllı təkliflər gözlədiklərini bildirdi.

Müxalifətdən çağırışlara cavab gəldi. AXCP, ADP, KXCP, Müsavat, AMİP və digər bəzi siyasi qurumlar anti-böhran proqramlarını ictimaiyyət və hökumətə təqdim etdilər. Lakin Əli Kərimlinin rəhbərlik etdiyi birlik və Milli Şuradan hər hansı bir təşəbbüs göstərilmədi. Devalvasiya və iqtidarla səthi mübarizəni son zamanlarda sosial şəbəkələr üzərindən (“Feysbuk”, “Tvitter” və s.) aparan Əli Kərimli bu dəfə də şakərinə sadiq qaldı. “Facebook”dan hakimiyyətə göstərişlər verən və ünvanladığı suallara cavab gözləyən keçmiş AXCP sədri bununla işini bitmiş hesab etdi. Yanvarın 24-də müxalifət partiyalarının (AXCP, AXP, ADR Hərəkatı, “Ağ Blok”, KXCP, ADP və s.) toplantısına da qatılmayan Əli Kərimli virtual fəaliyyətini ölkədə hökm sürən böhrana münasibətə yox, I Avropa Oyunları kimi bitmiş məsələlərə və “Azadlıq” qəzetinin köşə yazarlarının qaldırdığı problemlərə ayırdı. Birlik sədri anti-böhran proqramı təqdim etmədi. Əksinə, Qazaxıstanda parlamentin buraxılmasını hakimiyyətə nümunə göstərərək, öz reaksiyasızlığını ortaya qoydu.

Nazarbayevə dəyişən münasibət

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Əli Kərimli və yaxın ətrafı üçün sıradan bir diktator kimi qəbul edilirdi. Dəfələrlə açıqlamalarında və sosial şəbəkədəki fəaliyyətində Nazarbayevi ölkəsində demokratik mühiti boğmaqda ittiham edən Əli Kərimli üçün qazaxların lideri bu gün Qazaxıstana demokratiyanın gəlməsinin “qırmızı lenti”ni kəsən Abram Linkoln səviyyəsində siyasi şəxsiyyətdir. Halbuki parlamenti buraxılan Qazaxıstanın müxalifəti yenə də yoxdur. Növbədənkənar seçkilər keçiriləcəksə, prosesdən qalib çıxanların əksəriyyətini yenə də hakim “Nur Otan” Partiyasının başqa üzvləri və Nazarbayev rejiminin sadiq qulluqçuları olan digər müstəqil siyasətçilər təşkil edəcək. Beləliklə, tərkibi dəyişən parlament öz mahiyyətini rejimin güclənməsi üçün saxlayacaq.

Yəni “Yurd” sədrinin Nazarbayevə münasibətdə 180 dərəcəlik dəyişməsi birmənalı deyil və bu ilk də deyil. Əli Kərimli vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) pafoslu çıxışları ilə təbliğatını aparan Cəmil Həsənli və Gültəkin Hacıbəylinin də mövqe dəyişdikdən sonra əyinlərindən “rejimə xidmət edən qulluqçu” libasını çıxardı. Hər iki keçmiş, hakimiyyətə yaxınlığı ilə tanınan deputatı “Əli aşiqi”nə çevirən sabiq AXCP sədri üçün ölkədə hansı proseslərin cərəyan etməsi yox, o prosesləri öz şəxsi maraqlarının təminatına yönəltmək cəhdlərinin uğrulu olub-olmaması maraqlandırır. Bu nöqteyi-nəzərdən Əli Kərimlinin anti-böhran proqramına malik olmaması təəccüblü deyil.

İranın “Azərbaycandakı ayətullahı”

“Yurd” sədrinin Siyəzəndən başlayan etiraz aksiyalarına münasibəti də xüsusi maraq kəsb edirdi. Nardaranda dini müstəvidə başlayan iğtişaşlara Fuad Qəhrəmanlının (Allah qapısını açsın-red.) dililə təxribatçı mövqe ortaya qoyan Əli Kərimli Siyəzəndən başlayan iqtisadi-sosial etirazlara münasibətsiz qaldı. Bu, onun və Milli Şuranın Azərbaycan müxalifətinin radikal-dini qanadını təşkil etmələrinin növbəti dəfə təsdiqi idi. Təsadüfi deyil ki, son zamanlarda sosial şəbəkələr vasitəsilə öz dairəsi çərçivəsində İranla Azərbaycanı müqayisə tendensiyası yaradan Əli Kərimli, Güney Azərbaycandakı 35 milyondan çox soydaşımızı basqılar altında saxlayıb, bütün hüquqlarından məhrum edən molla rejiminin əməllərini “demokratiyanın təntənəsi” kimi təqdim edir. “Yurd” sədri bundan əvvəl  də İran ayətullahlarının ünvanına kifayət qədər müsbət fikirlər səsləndirib, Azərbaycanı təhqir etmiş ayətullah Şirazi kimi şəxslərin müdafiəsinə qalxıb. Oxşar tendensiyalar içərisində kifayət qədər belə faktlar var. O da təsadüfi deyil ki, Əli Kərimli “Feysbuk” statuslarından birində “Azərbaycanda hansı situasiya yaranacaqsa, ona adaptasiya olacağıq”,- deyə bildirdi. Bu onun göstəricisidir ki, Əli Kərimli üçün ölkədə demokratik və dinc qaydalarla mübarizə marafonuna yox, dini mühafizəkarların yaratmaq istədikləri xaos mühitinə uyğunlaşmaq daha məqsədəuyğundur. Çünki bu insan üçün milli dəyərlər, ideoloji məsələlər arxa plandadır. Yalnız özünün şəxsi maraqlarını gerçəkləşdirmək üçün bütün vasitələrə əl atır.

“Proqram hazırlamaq intellekt işidir, Əli Kərimlidə isə bu yoxdur”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Cümhuriyət”ə açıqlamasında Əli Kərimlinin anti-böhran proqramı hazırlamaq üçün intellektə sahib olmadığını bildirib. E.Mirzəbəyli keçmiş AXCP sədrinin baş verənlərə reaksiyasız qalmasının onun kifayət qədər biliyə sahib olmaması ilə əlaqələndirib: “Anti-böhran proqramı hazırlamaq üçün intellekt lazımdır, ritorika və populizmə ehtiyac yoxdur. Əli Kərimlinin siyasəti də yalnız populizm və ritorika üzərində qurulub.

Bu günə qədər bu adam cəmiyyətin xeyrinə olan heç bir optimal təkliflə çıxış etməyib. Ancaq dedi-qodu xarakterli, boğazdan yuxarı fikirlər səsləndirib. Əgər ortada dini faktorlara əsaslanan proseslər baş versəydi və edəcəyi təklif bu bu proseslərə təkan verəcəkdisə, o zaman müəyyən proqramla çıxış edərdi. İndiki halda isə öz səsini ucaltmağa ehtiyac duymur”.

Əfqan





Həftənin ən çox oxunanları