Yuxarı

Qocaların Nazirlər Kabineti

Qocaların Nazirlər Kabineti

[caption id="attachment_1456" align="alignleft" width="300"]Eli Orucov 200710 Əli Oruclu: “Onlar mütərəqqi ideyaların və yeni dünyagörüşün tətbiqinə imkan vermirlər”[/caption] [caption id="attachment_1896" align="alignleft" width="295"]mehman muradli(1) Mehman Muradlı: “Dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir”[/caption]

Yuxarı yaş senzi nazirlərə niyə şamil olunmur?

Azərbaycanda pensiyaya çıxma həddi 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59.5 yaşdır. 2013-cü ildə Azərbaycan qadınları 59 yaşı tamam olduqda pensiyaya çıxa bilirdilər. 2014-cü ildən isə qadınlar üçün təqaüd yaşı artıb. Lakin bu, son olmadı. 2010-cu ilin yanvarından “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər qüvvəyə mindi. Həmin dəyişikliklərdən biri də odur ki, qadınların pensiyaya çıxma yaşı 2015-ci ilin 1 yanvarından 60 yaşa çatdırılıb. 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60-dır.

Nazirlər Kabinetinin tərkibi haqqında kiçik araşdırma apardıq. Məlum oldu ki, kabinetin tərkibinin yenilənməsinə ehtiyac var. Azərbaycan hakimiyyətinin uzunömürlülərindən tutmuş bir sıra nazirlərədək dövlət rəsmiləri təqaüd yaşını çoxdan keçib. Bir sıra komitə sədrləri və nazirlər isə yaxın 4 ildə təqaüd yaşını keçəcəklər. Baş nazir Artur Rəsizadə də daxil olmaqla 43 yetkilisinin 14-ü vəzifə üçün yaşlıdır. Kabinetin ən gəncinin 39 (Təhsil naziri Mikayıl Cabbarov, həmçinin Rabitə və yeksək texnologiyalar naziri Ramin Quluzadə), ən qocamanının isə 81 yaşı (Baş nazir Artur Rəsizadə) var. Kabinetin 5 üzvünün yaşı isə yaxın 4 il ərzində 63-dən yuxarı olacaq.

Təqaüd yaşını keçənlər

Baş nazir Artur Rəsizadə (81 yaş, baş nazirin müavinləri - Abid Şərifov (76 yaş),  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov (67 yaş), Elçin Əfəndiyev (72 yaş), Əli Əhmədov (63 yaş), Yaqub Eyyubov (71 yaş), Müdafiə sənayesi naziri Yavər Camalov (67 yaş), Səhiyyə naziri Oqtay Şirəliyev (66 yaş), Energetika naziri Natiq Əliyev (68 yaş), Nəqliyyat naziri Ziya Məmmədov (64 yaş), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov (78 yaş), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova (60 yaş), Milli Arxiv İdarəsinin sədri Ataxan Paşayev (78 yaş) və Daxili işlər naziri Ramil Usubov (68 yaş).

4 il sonra təqaüd yaşını keçəcək vəzifəlilər

Baş nazirin müavini İsmət Abbasov (62 yaş), Ədliyyə naziri Fikrət Məmmədov (61 yaş), Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev (60 yaş), Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov (61 yaş) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (62 yaş).

Qanunvericilik nə deyir?

65 yaşa çatan dövlət qulluqçusu 5 ildən çox olmayaraq işləməlidir. 65-70 yaş arası olan qulluqçu müəssisə rəhbərinin müəyyən razılığı əsasında, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında çalışırlar. Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə 2%-i aşmamalıdır. Lakin işçilərinin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir.

Nazirlər Kabineti 2011-ci ildə “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu qərarla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları təsdiqlənib. Meyarlara Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması və Dövlət mükafatı laureatı olması daxildir.

65 yaşa çatmış müəyyən kateqoriyalı dövlət qulluqçuları, müəllimlər və həkimlər işdən çıxarılır. Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişiklikdən sonra da dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq, dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlandı və dövlət qurumlarında 65 yaşlı işçilərin təqaüdə yola salınması prosesinə start verildi. Bu proses əsasən müəyyən nazirliklərin, dövlət komitələrinin işçilərini, müəllimlər və həkimləri əhatə edir. Lakin verilən qərarla bağlı bir məsələyə diqqət yetirmək lazımdır, söhbət ondan gedir ki, qəbul edilmiş qərar 65 yaşı olan insanların hamısını işdən azad etmək funksiyasını icra etmir. Qaydalara görə, 65 yaşı tamam olan insanların işdən azad olunmaları hamısına aid edilə bilməz. Yeni qaydada 65 yaşı tamam olan insanlar işləyə bilərlər, amma bu şərtlə ki, müvafiq icra hakimiyyəti onların işləməsi ilə bağlı hər il qərar çıxarsın.

“Müasir dövrün tələblərinə cavab vermirlər”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə açıqlamasında nazir postunun siyasi posta aid olduğunu, bunun yaşa heç bir aidiyyatının olmadığını bildirib. Ə.Orucov hesab edir ki, əgər şəxsin potensialı fiziki imkanları, iş əmsalı buna imkan verirsə və öhdəsindən gələ bilirsə, işləyə bilər: “İllər uzunu qazanılmış idarəçilik və peşə təcrübəsini də nəzərə almaq, bundan yararlanmaq lazımdır. Lakin Azərbaycandakı bəzi yüksək vəzifəli, rütbəli məmurların müasir dövrün tələblərinə cavab vermədiyindən, ümumbəşəri dəyərlərə yad olduqlarından onların postlarında qalmaları inkişafı və yeniliyi əngəlləyir. Hər vəchlə mütərəqqi ideyaların və yeni dünyagörüşün tətbiqinə imkan vermirlər. Heç vaxt da bu dünyagörüşə sahib olduqları üçün könüllü o vəzifələri tərk etməyəcəklər. Həm də ona görə ki, bəziləri üçün Azərbaycanda vəzifə, kreslo ən rentabelli, ən rahat və asan milyonlar, milyardlar qazandıran obyekt və vasitədir”.

“Bir ildən çox olmayaraq uzadıla bilər”

Hüquqşünas Mehman Muradlı “Cümhuriyət”ə bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçularının pensiya təminatını tənzimləyən maddə var. M.Muradlı qeyd edub ki, həmin maddəyə əsasən Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir:

“Müvafiq qanun deyiləndə, bu, “Vətəndaşların pensiya təminatı haqqında” Qanundur. Bu qanuna əsasən, yaşa görə pensiya hüququna bunlar malikdir: kişilər - 62 (1) yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar - 57 (1) yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.

“Dövlət qulluğu haqqında” Qanuna əsasən Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Digər tərəfdən elə həmin qanunda göstərilir ki, 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Qeyd etdiyim qanunun başqa bir müddəasına əsasən İnzibati vəzifələrin ali - üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Bu müddəanın özündə də müəyyən məhdudiyyətlər var. Belə ki, Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Daha sonra bildirmək istəyirəm ki, uzadılmada dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcənin və ya elmi adın olması, dövlət təltifi ilə təltif edilmə, attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə əsas şərt hesab edilir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları