Yuxarı

Əli Kərimlinin hakimiyyətlə işbirliyi

Əli Kərimlinin hakimiyyətlə işbirliyi

Eli KerimliƏli Kərimlinin hakimiyyətlə əlaqələri artıq ən yüksək səviyyədə belə etiraf olunmağa başlayıb. Zamanında biz bunu deyəndə inanmayanlar olurdu. Hətta ittiham da edirdilər. Elə indi də deyəndə, kimlərinsə, fanatikə çevrilmişlərin, hakimiyyəti sidq-ürəklə qəbul etməyənlərin etirazlarını eşidirik. Amma nə yazıqlar ki, reallıq budur. Bu, bizim təxəyyülümüzün məhsulu yox, əlahəzrət FAKTLARdır. İllərlə hakimiyyətin əlaltısına çevrilmiş bu adam müxalifətin fəaliyyətini iflic etməklə iqtidara xidmət edib və əvəzində mükafatlandırılıb. İndi də biz demirik ki, kimlərsə deyə “ittihamdır” və s.

Artıq bu faktlar müxalifətin iflic edilməsindəki xidmətlərinə görə, Əli Kərimliyə o imtiyazların, mükafatların verilməsində söz sahibi olanlar tərəfindən səsləndirilir. Heç kim unutmamalıdır ki, bu fikri səsləndirən adam qədər dövlətin içində, siyasi kuluarlarda müzakirə olunan məsələləri bir kimsə yaxşı bilməz. Xatırladaq edək ki, prezident İlham Əliyev gənclərlə görüşündə 1992-93-cü illərdən danışarkən Əli Kərimli barədə dediyi sözlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Əslində, bu deyilən fikir Əli Kərimli ilə bağlı bu günədək bizlərin dəfələrlə dediklərimizin rəsmi şəkildə səsləndirilməsi idi. “Dövlət katibi (Əli Kərimli) komsomolçu idi – sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”, - deyə dövlət başçısı qeyd edib.

“Yurd” sədrinin hakimiyyətlə işbirliyinin detalları

Bu da rəsmi etiraf. Ona görə də bir daha bəzi detallara varmaq və dəyərli oxucularımıza həmin detalları xatırlatmaq qərarına gəldik.

“Yurd” İctimai Birliyini təsis etdiyi vaxtdan və AXC yaranandan, yəni  – 1989-cu ildən siyasi səhnədə uğur qazana bilməyən Əli Kərimlinin Əbülfəz Elçibəy vəfat etdikdən sonra AXCP-ni ələ keçirməsi təsadüfi deyildi. Elə o zaman da, yəni 89-90-cı illərdə də adi bir qəzet yazarı statusundan sıçrayışla irəliləmək, özü də o zaman ki, meydanda yüzlərlə gənc vardı və əksəriyyəti də ondan potensiallı və cəsur idi, AXC-nin strukturlarına yerləşmək o dövrün görünməz əllərinin xidməti idi. Nəhayət ki, müxtəlif zamanlarda həmin gizli əllər Xalq Cəbhəsini Əli Kərimlinin nəzarətində saxlamaq üçün bütün səylərini işə saldılar. Sonda da Əli Kərimlinin rəhbərliyindəki AXCP keçən 15 il ərzində də heç bir uğura nail ola bilmədi. Bütün seçkilərdə məğlub olan və “Yurd” sədri eyni zamanda AXCP-nin sahib olduğu elektoratın və partiyanın tanınmış simalarının sözügedən təşkilatdan uzaqlaşdırılmasına çalışdı, gücü çatmayanda hakimiyyətin gücündən istifadə etdi. Opponentlərini, partiyada dəyişiklik tələb edən şəxsləri, müxalifətin real olaraq birləşməsini və bu hakimiyyətin dəyişməsinə doğru addım atanların hər birini müxtəlif üsullarla şantaj edərək partiyadan uzaqlaşdırdı. Gah qaragüruh olmaqda, gah da hakimiyyətə işləməkdə ittiham edərək, AXCP-nin qapılarını onların üzünə bağlaya bildi.

Elçibəyin sağlığında bunu açıq şəkildə edə bilməsə də, son 15 ildə bütün üsullarla bu missiyanı yerinə yetirdi və nail oldu. Əvəzində eynən özü kimi hakimiyyətlə gizli kanalları olan Fuad Qəhrəmanlı, Gözəl Bayramlı kimi şəxsləri qabağa çəkdi. Həmçinin AXCP-yə aidiyyatı olmayan şəxsləri (Nurəddin Məmmədli, Natiq Ədliov və s.) ətrafına topladı.

Gəncə qiyamından sonra, yəni 1993-cü ildən hakimiyyətlə gizli təmaslar quran Əli Kərimli beləliklə, ölkədə demokratiya uğrunda israrlı mübarizə aparan gəncləri yox, onun maliyyə gəlirlərini təmin edə biləcək şəxsləri AXCP rəhbərliyinə gətirdi. Partiyanın demokratikləşməsinə çalışanları, AXCP-nin əvvəlki nüfuzunu qaytarmasını istəyənləri isə şantaj edərək özünə əlavə maliyyə qaynaqları hazırlayırdı. Keçmiş müşaviri Zərifə Məhəddinovanı pornokasetlə şantaj etməsi bundan qaynaqlanırdı ki, bu şəxs imkanlı idi. Əli Kərimli də Z.Məhəddinovanın sahib olduğu imkandan yararlanmaq niyyətinə düşərək, şantaja əl atdı. Sonradan “Yurd” sədri bu barədə olan ittihamları da dolayısı ilə qəbul etdi.

Bu metod onunçün daim keçərli idi. Sonra Əli Kərimlini partiyada avtoritar rejim yaratmaqda ittiham edən keçmiş müavini, indiki AXCP sədri Razi Nurullayevi də hakimiyyətə işləməkdə ittiham etdi. Bütün bu şantajların kökü isə başqaydı. AXCP-ni davamlı olaraq alətə çevirmək və biznesə, şəxsi qazanc maraqlarına qurban vermək. Ona görə də hər kəsi davamlı şəkildə ləkələmək və böhtanla susdurmaq üsulunu tətbiq edirdi. Bu işdə Əli Kərimli tək düşünən beyin olsa da, planlarını reallaşdırmaq üçün sosial şəbəkələrin imkanlarından bəhrələnirdi.

Özünün və yaxın bir neçə nəfərlik qrupunun Facebook sosial şəbəkəsində yaratdığı saxta profillər hücum planını icra etməkdə və ləyaqətli insanları ləkələməkdə əsas silah idi. Vaxtilə onunla birgə olanların etirafına görə, təkcə Kərimlinin özünün 200-dən çox saxta profili vardı.

Səfirliklərə satılan məlumatlar

Əli Kərimli 2000-ci ildən 2015-ci ilədək hakimiyyətlə işbirliyindən və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə agentlik etməkdən Əli Kərimli milyonlar qazanıb. “Azadlıq” qəzetində hakimiyyət əleyhinə yayımlanan materialların böyük əksəriyyətində “iqtidardakı mənbədən qəzetimizə daxil olan məlumata görə...” ibarələri yer alır. Əli Kərimlinin özü də dəfələrlə Milli Şuranın azsaylı mitinqlərində və sosial şəbəkələrdəki paylaşımlarında iqtidardan məlumat aldığını etiraf edib. Çox vaxt da Əli Kərimli hakimiyyətdəki bu mənbələri anonim saxlamaq üçün məlumat axınını müəyyən vasitələrlə xarici ölkələrin Azərbaycandakı səfirliklərindən (ABŞ, Böyük Britaniya, Fransa və s.) gəldiyini gündəmə gətirir.

Dəfələrlə də partiyadan uzaqlaşdırdığı şəxslərə yönəlik “siz gedən yolları mən qayıdıram” deməklə əslində, kimin agent olduğunu özü də etiraf edirdi. Bu ibarə əlbəttə, keçmiş AXCP sədrinin hakimiyyətlə əlaqələrinin olmasından doğur. “Dil yanılar, doğru söylər” deyib atalar. Kərimlinin də bu yanlışı əslində, bilməyərəkdən edilən etiraf idi.

O etiraf ki, bu illər ərzində Kərimliyə həm ölkənin içindən, həm də xaricindən milyonlar qazandırıb. Danılmaz faktdır ki, Əli Kərimlinin sahib olduğu mülkiyyət və milyonlarla dollar hakimiyyətdəki tərəfdaşlarının AXCP-ni sıradan çıxarmaq üçün verdiyi və eyni zamanda səfirliklərə iqtidara dair əldə etdiyi məlumatları satılmasından yaranıb. AXCP-yə dövlətdən ayrılan qeyri-qanuni maliyyə yardımının və xarici ölkələrin QHT-lərindən ayrılan qrantların mənimsənilməsi də bu qəbildəndir. Kiçik bir nüansı qeyd edək ki, 2005-ci ildən faktiki olaraq heç bir yerdə işləməyən Əli Kərimlinin böyük oğlu dünyanın ən bahalı universitetində - Oksfordda təhsil alıb. Kiçik övladı da Azərbaycanın ən bahalı məktəbində - Oksfordda oxuyub.

1993-cü ildən üzü bəri hakimiyyətdəki tərəfdaşları onu zaman-zaman maddi tərəfdən zənginləşdirir və AXCP-ni siyasətdə bütünlükdə bitirmək üçün ona sədrlik yolunda irəliləmək imkanları yaradırdılar. Elçibəyin zamanında bunu açıq-aşkar ortaya qoya bilməsə də, Bəyin vəfatı onun əl-qolunu açdı. Hakimiyyətdəki yandaşlarının təlimatını yerinə yetirdi və AXCP-yə yiyələndi. Əslində, 2000-ci ildə AXCP-nin parçalanması heç də Əli Kərimlinin və tərəfdaşlarının planına uyğun deyildi. Sadəcə, bacarmadılar və əvəzində faktiki AXCP digər tərəfdə olsa da, hüquqi AXCP kimi Əli Kərimli tanındı.

Beləliklə də, AXCP Əli Kərimlinin qazanc mənbəyinə, hakimiyyətin isə müxalifətin pərən-pərən salınması üçün əsas rıçaqına çevrildi. 15 il bu məntiq və metod işlədi. Bu məntiqin və metodun  davamı kimi də heç vaxt siyasi mədəniyyət nümayiş etdirmədi və postundan geri çəkilmək istəmədi. Çünki hakimiyyətin super agentinə iqtidardan əmr verilməmişdi.

Əli Kərimlinin maliyyə problemlərini həll edən usta əl

O dövrü yaşayanlar bilir ki, AXCP 1995-2000-ci ildə maliyyə cəhətdən ağır dönəm yaşayıb. Bunu həmin dövrdə AXCP-nin strukturlarında işləyən hər kəs yaxşı xatırlayır. Amma “Yurd”la əlaqəli olanlar, AXCP-də Elçibəyi deyil, Əli Kərimlini sədr kimi görənlər üçün həyat bir başqaydı: Komfort və təminat. Onların bütün təminatı ödənilirdi. Həm pul şəklində, həm də işləmək baxımından. 2000-ci ildən, Əli Kərimlinin AXCP-yə sədr seçdirilməsindən sonra isə təşkilatın və Kərimlinin maliyyə qaynaqları hakimiyyətin hesabına hədsiz dərəcədə yüksəldi.

Nəticədə Elçibəydən sonra postu ələ keçirən Kərimli AXCP-ni kommersiya təşkilatına çevirdi. Onu da xüsusi qeyd edək ki, partiyanın maliyyə böhranı içində olduğu illərdə “Yurd” sədri bu təşkilatı sıradan çıxarmaq üçün də hakimiyyətdən külli miqdarda maliyyə vəsaiti alırdı. Amma onun pul hərisliyi bununla kifayətlənmirdi. Xarici təşkilatlarla da əlaqə qurur və əlavə vəsaitlər əldə edirdi. Hakimiyyət isə Qərbin Azərbaycana demokratik cəmiyyət quruculuğu istiqamətində yönləndirdiyi qrantların böyük hissəsinin “Yurd”un təsirində olan təşkilatlara verilməsinə göz yumur və özününkünə çatdığı üçün əksinə, “yaşıl işığ”ı söndürmürdü. Əli Kərimlinin birbaşa maliyyə mənbələrindən biri olan Azərbaycanda Demokratiyanın İnkişaf Fondunun aldığı qrantlar birbaşa ona verilirdi. Həmin pulların hesabına “Yurd” Elçibəy və silahdaşlarını təhqir etmək üçün pullu qruplar yaradırdı. Həmin qrupları idarə edənlərin bir hissəsi ölkədə, bir hissəsi isə xaricdən idarə olunurdu. “Yurd”un AXCP daxilində gözlənilməz yüksəlişi də məhz hakimiyyətin ayırdığı pullar və həmin qrantların hesabına idi. Həmin vəsaitlər birbaşa Əli Kərimlinin əlində cəmləşir və onun diktəsini icra edənlərə şəxsən verilirdi. Onlarla jurnalist adı çəkmək olar ki, onlar şəxsən həmin zamanlarda birbaşa Əli Kərimli tərəfindən maliyyələşib və onun dediklərinin icraçısı olublar.

Güc aldığı mərkəzlər və ya partiyanın qeydiyyatı

Müxalifətin uzunömürlüsü olan Əli Kərimlinin ipi hakimiyyətdəki tərəfdaşlarının əlindədir. Rəhbərlik etdiyi qrupda yaratdığı “demokratik ab-hava” da kənardan idarə olunur. Bunu açıq formada “Azadlıq” qəzetinin hakimiyyəti tənqid edən materiallarında və Əli Kərimlinin öz çıxışlarından da görmək olar. Hər iki mənbə yalnız hakimiyyətdə təmsil olunan bir neçə şəxsin üzərində tənqid yolunu tutub. Bunların da kimlər olduğu hər kəsə bəllidir. Lakin 2004-cü ildən bu günədək nə “Azadlıq”, nə də Əli Kərimli bir dəfə də olsun siyasi məhbusların qənimi hesab olunan keçmiş MTN rəhbəri, general Eldar Mahmudovu və sahibkarlar üçün bəlaya çevrilmiş general Akif Çovdarovu vurmadı. Təsadüf yox, zərurət idi! Siyasi anaxronizmin əsas nümayəndəsi olan bu şəxs məhz Mahmudov–Çovdarov tandeminin yaratdığı imkanlar daxilində digər dövlət qurumlarına sızmışdı. Mahmudovun MTN-ə rəhbərlik etdiyi dönəmdən Əli Kərimli ilə tanış etdiyi həmin şəxslərlə əlaqələr bu gün də davam edir.

Məsələn, AXCP-nin qeydiyyat məsələsində bu “əllər”in bir daha müdaxiləsinin şahidi oluruq. Partiya faktiki olaraq parçalandı və 70 faizi (böyük çoxluq) Razi Nurullayevlə birgə AXCP-nin Etimad Qurultayını keçirdi. Amma Ədliyyə Nazirliyi hər iki tərəfin statusunu eyniləşdirməklə Əli Kərimliyə yeni nəfəs vermiş oldu. AXCP ilə bağlı məsələni məhkəmə predmeti hesab etdi və bu gün məhkəmələr bu məsələyə hüquqi və adekvat münasibət göstərə bilmir. Çünki Əli Kərimlinin hakimiyyətlə bu gün də davam edən əlaqələri məhkəmənin də ədalətli qərar çıxarmasına və AXCP probleminə birdəfəlik nöqtə qoyulmasına mane olur. Bu da göstərir ki, hakimiyyətin içində olan havadarları üçün Əli Kərimli bu statusda vacibdir. Deməli, Mahmudovun “paralel şəbəkə”sinin qolları hələ də öz işindədir  və Ədliyyə Nazirliyini də, məhkəməni də qanunları pozmağa vadar edir. Nazirlik də, məhkəmə də öz funksiyasını və qanunları icra etmək əvəzinə onların tapşırıqlarının icraçısına çevrilib.

Kərimlinin Mahmudovun zərərsizləşdirilməsinə olan səssizliyinin səbəbi

Əli Kərimlinin Mahmudovun “paralel şəbəkə”sinin müxalifətdə bir hissəsi olmasına dair də bəzi deatlları bu məqamda xatırlatmaq yerinə düşər. Ukraynadakı “Maydan” inqilabından sonra Qərb hədəf taxtasına Azərbaycanı yaxınlaşdırırdı. “Soros Fondu”, “Freedom House”, amerikalı zəngin konqresmenlər, Gürcüstan, Qırğızıstan, Tunis və Ukraynadakı rəngli inqilabların spekulyatorları Azərbaycan üçün qollarını çırmalamışdılar. Paralel olaraq, nurçu şəbəkəsinin iqtidar daxilində boy atması, ölkənin milli təhlükəsizlik strukturlarındakı müəyyən şəxslərin xarici kəşfiyyatla əlaqələri Azərbaycan üçün inqilabi zəmin hazırlayırdı. Lakin Ukraynada inqilabın baş verdiyi il – 2014-cü ildə planın əsas tərəfdaşı “Gülən camaatı” (nurçular) Azərbaycan hakimiyyəti tərəfindən ağır zərbə aldı.

Meydanda təklənən Mahmudovun “paralel şəbəkəsi” isə öz missiyasında idi. Müxalifətdən isə bu iş Əli Kərimliylə koordinasiya edilirdi. Hakimiyyətin məsələni tezliklə çözməsi və şəbəkənin fəaliyyətini əngəlləməsi prosesi dayandırıldı. Şəbəkənin şantajından çəkinərək danışmayan hər kəs danışmağa başladı. Mahmudovun “paralel şəbəkəsi”nin görünən üzvləri sıradan çıxarıldıqdan sonra iş adamları, müxalifət bu şəbəkənin zərərsizləşdirilməsinə münasibət sərgilədi və ötən 10 il ərzində şəbəkənin gəstərdiyi fəaliyyətin ifşasına qoşuldu. Haqlı olaraq. Bircə Əli Kərimli danışmadı.

Baş verənləri susqunluqla qarşıladı. Bunun səbəbi isə hakimiyyət daxilində baş verənlərə laqeydlik və ya qarışmamaq deyildi. Ehtiyatlanırdı ki, Mahmudovla olan işbirliyinə görə özü də ifşa oluna bilər. Çünki Mahmudovun “paralel şəbəkəsi”nin müxalifətdəki əsas partnyorunun Əli Kərimli və ətrafı olduğunu bu şəbəkəni ifşa edənlər yaxşı bilirdi. Kərimli bu zərbəni almamaq üçün susdu. Məhz bu səbəbdən Kərimli susdu və hakimiyyət yolundakı əsas tərəfdaşının susdurulmasına susqunluqla yanaşdı. Çünki Mahmudovun “paralel şəbəkəsi”nin ölkədə at oynatdığı ötən 10 ildə ondan başqa hər kəs bu şəbəkənin əlindən cana doymuşdu, müxtəlif formada zərər görmüşdü. Bircə Əli Kərimli bu zaman ərzində son dərəcə radikallaşmış və toxunulmaz qalmışdı.

Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları