Yuxarı

Razi Nurullayev: "Onlar buna görə də Əli Kərimliyə uduzurlar"

Razi Nurullayev:

Antiböhran koalisiyası Milli Şuranı və Əli Kərimlinin rəhbərlik etdiyi partiyanı koalisiyanın tərkibinə dəvət edib, ancaq qarşı tərəf buna sərt dillə cavab verib. Milli Şura və Əli Kərimlinin cəbhəsi antiböhran koalisiyası böhranlı, oradakıları isə siyasi buqələmunlar adlandırıb. Bununla bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a müsahibə verib:

"Zorla kimisə sevmək olmaz, zorla da kiməsə özünü sevdirmək olmaz. Düşünürəm ki, kifayət qədər vaxt olub ki, bu və ya digər birliklər, təşkilatlar Milli Şuraya, Əli Kərimliyə dəvət göndəriblər, ancaq cavabında imtina alıblar. Başa düşə bilmirəm ki, bu sevgi nədən qaynaqlanır?! Nəyə görə kimsə bir tədbiri keçirmək üçün, koalisiya formalaşdırmaq üçün Əli Kərimlinin zəmanətini almalıdır?! Bu təkliflərdən sonra hər dəfə də onlar alçaldıcı münasibətə məruz qalırlar. Bu dəfə də antiböhran koalisiyası layiq olmadıqları halda Əli Kərimlinin göstərişi ilə aşağılayıcı təhqirə məruz qaldılar. Onlar bunumu istəyirdi? Nəyə görə antiböhran koalisiyasında olanlar Əli Kərimlinin, Milli Şuranın orada olmasını istəyirlər? Onlar özləri də, xalq da bilir ki, Əli Kərimli olan yerdə intriqa var, Əli Kərimli olan yerdə heç bir zaman inteqrasiya ola bilməz və hər bir zaman orada olan siyasət də, siyasi fəaliyyət də iflasa uğrayacaq. Ancaq yenə də, onlar bunu etdilər və yəqin ki, dərs aldılar.

Normal siyasətçi özünün opponentini aşağılamaq siyasəti yürütməməlidir. Antiböhran koalisiyasnda olan insanların bir çoxu həm mənəvi, həm də siyasi cəhətdən Əli Kərimlidən daha savadlıdır. Ancaq onlar Əli Kərimli qədər siyasi intriqaları, siyasi gedişləri bilmirlər, onlar buna görə də, Əli Kərimliyə uduzurlar". Razi Nurullayev rəhbərlik etdiyi AXCP-nin antiböhran koalisiyasında təmsil olunmaması ilə bağlı da danışdı: "Əslində, bizə rəsmi və qeyri-rəsmi dəvət olmuşdu. Müavinlərimdən biri birinci tədbirdə iştirak etmişdi. Sonrakı mərhələlərdə bizə olan münasibət bizi qane etmədi. Artıq biz orada iştirak etmirik. Ancaq bu koalisiyaya münasibətimiz ümumilikdə müsbətdir.

Bizim öz baxış bucağımız var. Biz orada olsaydıq, müşahidəçi statusunda ola bilərdik və yaxud biz koalisiyaya yenilik gətirmək, onu insanlar üçün cəzbedici etmək istəyərdik. Bu alınmadı. Eyni partiyalar bir ad altında birləşir, sonra başqa bir formatda birləşirlər, onlar formaca dəyişir, məzmunca eyni qalırlar, ona görə də, heç bir nəticə olmur. Nə qədər ki, məzmunca dəyişiklik yoxdur, siyasi uğurdan söhbət belə gedə bilməz".





Həftənin ən çox oxunanları