Yuxarı

Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa edir?

Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa edir?

Rusiyanın Ermənistana təzyiqləri artıb, Bakı fürsətdən yararlana bilər Serzh_Sargsyan_and_Vladimir_Putin_-_EDM_September_6__2013Azərbaycan-Ermənistan cəbhə xəttində döyüşlərin intensivləşməsi yaxın zamanlarda müharibənin başlanacağına dair məlumatların yayılmasına səbəb olub. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrın 1-də Azərbaycana səfər etməsi və 4 gün sonra Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri fonunda aparılan məxfi danışıqlar 7 rayonun qaytarılacağına dair ehtimalları möhkəmləndirdi. Ancaq danışıqlar prosesi ilə paralel olaraq Ermənistanın cəbhə boyunca təxribat xarakterli döyüşlərə başlaması qeyd edilən proqnozları sual altına alır.  Qeyd edək ki, S.Lavrovun Bakıya rəsmi səfəri ilə eyni vaxtda atəşkəsin pozulmasını təhlil edən siyasi müşahidəçilər əsasən iki arqument üzərində dayanırlar. Birinci yanaşmaya görə, Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda nəzərdə tutulan görüşünün təxirə salınmasından dərhal sonra S.Lavrovun Bakıya gəlişi, buna paralel olaraq cəbhədə ermənilərin hücuma keçməsi təsadüfi deyil. Daha konkret desək, Dağlıq Qarabağ probleminə dair sülhyaratma prosesinə nəzarətin ABŞ-ın əlinə keçməsindən narahatdır və bu səbəbdən də Azərbaycana təzyiqləri artırır. Digər proqnozlara görə,  Rusiya təşəbbüsün Qərbin əlinə keçməməsi üçün hazırda münaqişənin həlli məqsədilə Azərbaycana müəyyən siyasi güzəştlər etməyə  razıdır. Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağına dair məxfi müzakirələrin getməsi fikri də buradan qaynaqlanır. Bundan narahat olan Ermənistan rəhbərliyi isə cəbhədə hücuma keçməklə güzəştə getməyəcəyinə dair daha çox Rusiyaya ismarıc verir. Lakin artıq həm atəşkəsin pozulmasının, həm də Sarkisyan-Putin görüşünün pərdəarxası məqamları üzə çıxmağa bağlayıb. Rusiya mediası erməni analitik Akop Badalyana istinadən Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycan müəyyən güzəştlər etməyə hazır olduğu yazır. Bu da səbəbsiz deyil. Bildirilir ki,  Lavrovun səfərindən bir gün sonra, yəni sentyabrın 2-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın bu ölkədəki səfiri İvan Volınkini qəbul edib. Səfir nazirdən atəşkəsə əməl etməyi xahiş edib. Hətta media “Volınkin müdafiə nazirindən hakimiyyətin siyasi güzəştə getməsinə mane olmamağı təklif edibmi?” sualını qoyur. Lakin sonrakı günlər cəbhə xəttində döyüşlərin intensivləşməsi Ermənistanın bu güzəştə razılaşmadığını təsdiq edir. Rusiya analitikləri isə Ermənistanın şantaja əl atdığını qeyd edirlər. Elə isə Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün Ermənistanın başlıca dayağı olan Rusiyanı güzəştə getməyə vadar edən səbəblər nədir? Siyasi təhlilçilərin fikrincə, Rusiya hazırda Yaxın və Orta Şərqdə İŞİD əleyhinə mübarizə koalisiyasında təşəbbüsü əlinə almaq planı üzərində düşünür. Buna nail olmaq üçün isə Rusiya Ermənistanla yanaşı Azərbaycanı və  Türkiyəni də özünün yaratmaq istədiyi hərbi blokda görmək istəyir. Təsadüfi deyil ki, Lavrovun səfəri zamanı Ermənistanın müdafiə naziri “İslam terrorçularının təhlükəsindən” bəhs edərək onlara qarşı mübarizə aparmağa hazır olduqlarını vurğulayıb. Ancaq Azərbaycan təbii ki, torpaqlarını işğal etmiş Ermənistanla bir hərbi blokda olmaq istəməz. Həmçinin Türkiyə də Ermənistan qarşısında Azərbaycan ərazilərindən çəkilmək şərtini qoyacaq. Bu baxımdan, görünür, Kreml strateji maraqlar naminə taktiki güzəştlər etmək qərarına gələ bilər. Digər tərəfdən, Gürcüstanda NATO-nun hərbi bazasının yaranması Rusiya üçün bu regionda böyük təhdidedici faktora çevrilib. Artıq NATO Azərbaycan sərhədlərinə çatıb və Rusiyanın işğalçı Ermənistanı himayə etməsi Azərbaycanla Şimali Atlantika Alyansı arasında münasibətlərin sıxlaşmasına yol aça bilər. Ona görə də Rusiya Ermənistanı geri çəkilməyə vadar etməklə regiondakı geosiyasi mövqeyini qoruyub saxlamağa can atır. Rusiyanın Ermənistana qarşı təzyiqləri həm də  son vaxtlar prezident Sarkisyanın Kremllə münasibətlərinin soyuqlaşması  ilə izah edilir. Rusiya S.Sarkisyanın Avropa Şurası Venesiya Komissiyasının dəstəyi ilə ölkədə konstitusiya islahatı keçirmək və parlamentli idarəetmə formasına keçmək cəhdindən narahatdır. Kremldə hesab edirlər ki, parlamentar sistem Rusiyanın nəzarətindən kənar siyasi qüvvələrin hakimiyyətə gəlməsinə şərait yarada bilər ki, bu da Avrasiya İttifaqında Ermənistanın iştirakını sual altında qoyur. Ona görə də Rusiya prezidenti Sarkisyanı konstitusiya islahatlarından çəkindirmək üçün ona siyasi təzyiqləri artırıb. Bu da özünü Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da büruzə verir. Ancaq politoloq Fərhad Mehdiyev qəzetimizə açıqlamasında Ermənistanın güzəştə gedəcəyi barədə fikirlərin ümidverici olmadığını dedi:”Doğrudur, Sergey Lavrovun Azərbaycana səfəri zamanı bu məsələ yenidən diqqət mərkəzinə gəldi. Ancaq danışıqların məzmunu barədə məlumatlı deyilik. Eyni zamanda, cəbhə xəttində vəziyyətin gərginləşməsi nikbin proqnozlar verməyə əsas yaratmır. Politoloq xüsusilə də indiki beynəlxalq şəraitdə münaqişənin həlli üçün əlverişli mühitin olmadığını deyir: “Ermənilər öz xoşları ilə işğal altındakı torpaqları qaytarmazlar. Əgər onlar könüllü razı olsaydılar, bu, Minsk Qrupu çərçivəsində baş tutardı. Ermənilər də buna getməzlər. Çünki Ermənistanda ictimai rəy buna hazır deyil. Minsk Qrupu çərçivəsində olmasa, o halda müharibə yoluna əl atılmalıdır. Müharibə başlasa da gərək supergüclər bu prosesə razı olsun. Ancaq Qərb buna etiraz edəcək. Ancaq Qərb etiraz etsə də nə Ermənistana kömək edən deyil, nə də Azərbaycana yardımı dayandıran deyil”. Fərhad Mehdiyevin fikrincə, Ermənistan atəşkəsi pozmaqla daha çox Rusiyanın Azərbaycanla yaxınlaşmasına müqavimətini nümayiş etdirir: “Rusiya bəyan etməlidir ki, atəşkəsi pozmaqla Azərbaycana təzyiq etmək heç bir nəticə verməyəcək. Atəşkəsi pozmaqla Azərbaycan yeni ərazilər itirən deyil və ermənilər qarşısında uğursuzluğa düçar olması inandırıcı görünmür: Ona görə hesab edirəm ki, ikinci ehtimal daha inandırıcıdır.  Ancaq ermənilər unutmamalıdır ki, Rusiya onları sevdiyi üçün ərazilərin işğal altında qalmasına şərait yaratmır. Sadəcə olaraq, mövcud status-kvo Rusiyaya ən çox əl verən situasiyadır. Çox güman ki, Sarkisyanın Moskvaya sonuncu səfərində də bu məsələyə toxunublar. Ermənilər çox gözəl bilir ki, Azərbaycan Rusiya ilə anlaşsa, Dağlıq Qarabağda hərbi əməliyyat keçirəcək və bunun olmaması üçün əllərindən gələni edir. Ona görə də Ermənistan hakimiyyəti özünü sığortalamq üçün müəyyən addımlar atır. Sarkisyanın Rusiyaya səfəri, atəşkəsin pozulması, mülki insanların öldürülməsi kimi faktlar hamısı status-kvonun qorunmasına yönəlmiş cəhdlərdir”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları