Yuxarı

Əli Kərimlinin qaçış planı

Əli Kərimlinin qaçış planı

AXCP-ni geri qaytarmaq səyləri nəticə verməyən “Yurd” sədri Əli Kərimli ölkədən getməyə hazırlaşır. Gələn məlumatlara görə, Əli Kərimlinin bu qərarı verməsinə səbəb AXCP-nin hüquqi təmsilçiliyi barədə Ədliyyə Nazirliyi qarşısında qaldırdığı iddianın təmin olunmamasıdır. Martın 30-da məhkəmənin əleyhinə qərar çıxarmasından sonra qruplaşmanın rəhbərlikdə təmsil olunan heyəti ilə görüşən “Yurd” sədri təşkilatını xaricdən idarə etmək qərarı verib.

Cəmil Həsənlini Milli Şura rəhbərliyindən uzaqlaşdırmaq cəhdləri də bu planlarına daxildir. Bildirilir ki, professoru Milli Şuradan uzaqlaşdıran Əli Kərimli qurum üzvlərini öz qruplaşmasına birləşdirmək istəyir.

Danışıqlar aparılır

“Yurd” sədri Azərbaycandan qaçış planını həyata keçirmək haqqında da düşünür. Bildirilir ki, Əli Kərimli qrupunun rəhbər heyətində təmsil olunan adamları vasitəsilə hakimiyyətdəki bir sıra şəxslərlə təmaslara başlayaraq, pasport məsələsini həll etməyə çalışır. Qarşı tərəfdən bu müraciətə hansı cavabın verildiyi deyilməsə də, məsələnin müzakirə edildiyi bildirilir. Əli Kərimli hələ bir neçə ay əvvəl mətbuata müsahibəsində pasport məsələsinin həll olunmasından sonra Azərbaycandan gedəcəyini açıqlamışdı. Lakin birdəfəlik getmək iddialarının əksinə olaraq, “Yurd” sədri bu gedişini beynəlxalq qurumların tədbirlərində iştirak etməklə izolyasiya etmişdi. Lakin indiki halda pasportu əlindən alınan Əli Kərimlinin ölkədən çıxması qeyri-mümkündür. Azərbaycan məhkəmələrindən istədiyi cavabı ala bilməyən Əli Kərimli bu iddiasını Avropa məhkəməsi qarşısında qaldırmışdı. Məsələnin keçən ilin noyabr ayında həll olunacağı gözlənilsə də, Avropa tərəfi gözlənilmədən bunun üzərindən səthi keçdi. Heç “Yurd” sədrinin özü də bu barədə danışmadı. Avropa məhkəməsinin sükutu fonunda Əli Kərimlinin də sakit dayanması başqa ehtimalı gündəmə gətirdi: “Yurd sədri məsələni hakimiyyətlə həll etməyə başlayıb”.

Fuad Qəhrəmanlını niyə “xərclədi”?

Gələn məlumatlara görə, hakimiyyətdən pasport verilməsilə bağlı təminat alan Əli Kərimli bununla bağlı Avropa Məhkəməsi qarşısında qaldırdığı iddiadan da geri çəkilib. 18 oktyabr qurultayından (AXCP-nin Etimad Qurultayının keçirilməsi və Kərimlinin de-fakto ve de-jure AXCP-ni itirməsi) sonra siyasətdə passiv mövqeyə çəkilən Əli Kərimli fəaliyyətini sosial şəbəkələrlə məhdudlaşdırdı. Daha çox ictimai-sosial problemlərə şərhlər verən “Yurd” sədri bir dəfə də olsun hakimiyyətə qarşı sərt fikirlərlə gündəmə gəlmədi. Müavini Fuad Qəhrəmanlının Nardaranla bağlı təxribatçı çıxışından sonra isə sərt simasını tamamilə itirdi. Bildirilir ki, Əli Kərimli Fuad Qəhrəmanlını təxribata çəkməklə Avropa məhkəməsinin diqqətini yenidən pasport məsələsinə çəkmək istəyirdi. Bu oyun həmçinin, hakimiyyət tərəfindən verilən vədin gecikdirilməsi üçün iqtidarın özünə qarşı oynanılmışdı.

Plan baş tutmadı

Müavininin həbsinə imkan yaratmaqla o növbəti dəfə hakimiyyəti Avropanın qınaq mənbəyinə çevirmək istəyirdi. Lakin bütün səylərinə baxmayaraq, Fuad Qəhrəmanlıya “siyasi məhbus” libası geyindirə bilmədi və plan pozuldu. Heç Avropanın özündən də F.Qəhrəmanlının adı çəkilmədi. Planlarının fiaskoya uğradığını və pasport məsələsinin həll olunmadığını görən Əli Kərimli bu dəfə “yumşaq güc” siyasətinə üstünlük verdi. Hakimiyyəti sərt tənqiddən çəkinərək, iqtisadi-sosial problemlərin həlli yönündə sosial şəbəkələrdə iqtidara üstüörtülü təkliflər verməyə başladı. Nəticədə bu gün növbəti dəfə hakimiyyətdən yeni vədin verildiyi xəbərləri gəlir. Bildirilir ki, məsələ həllini tapdıqdan sonra Əli Kərimli Almaniyaya gedəcək. Almaniyada sığınacaq və vətəndaşlıq alması üçün müəyyən sənədlərin hazırlanmasının hazırlıq mərhələsində olduğu da deyilir.

Mənsur





Həftənin ən çox oxunanları