Yuxarı

“5 rayon azad edilməsə, atəşkəs yenidən pozulacaq”

“5 rayon  azad  edilməsə, atəşkəs  yenidən  pozulacaq”

“Cəbhədəki vəziyyəti prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. Ona görə də əgər prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib. Hələlik nə əldə etmişiksə, həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır.

Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəriləyəcək”.

Cebhe.info xəbər verir ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş atəşkəsdən danışan politoloq Elxan Şahinoğlu belə deyib.  E.Şahinoğlu bildirib ki, bütün iplər Moskvanın əlindədir:

“Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladılar. Ancaq məsələnin başqa tərəfi də var. Sarkisyanın ölkə daxilində mövqeləri zəiflədi. O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrəvandakı əsgər anaları “Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən” sualı ilə Sərkisyanın başını xarab edəcəklər. Digər tərəfdən, Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sarkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi. Sarkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı, Ermənistanın itkilərinin artması demək olacaq. Ya da itirdikləri ilə barışaraq, üstəgəl “münaqişənin” həllilə bağlı “mərhələli həll” planına yaşıl işıq yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sarkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki, Sarkisyan “mərhələli həll” planına razılaşacaqsa, ondan soruşmazlarmı, əgər belə idisə, 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?”

Mənsur





Həftənin ən çox oxunanları