Yuxarı

Ehtiram Mehtiyev: “Siyasi əlillər səhnəni tərk etməlidir”

Ehtiram Mehtiyev:  “Siyasi əlillər  səhnəni tərk  etməlidir”

 

“Əli Kərimlinin saxta vətənpərvərliyi işə yaramadı”

“Heç vaxt milli maraqlar uğrunda mübarizə aparmayanlar, hədəfləri ancaq ad, təşkilat, qurum və səlahiyyət olanlar qəhrəmanlıqdan, ideoloji xətdən danışa bilməzlər”. Bu sözləri cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib. Sədr müavini deyib ki, ideoloji cəhətdən tükənmiş adamlar tarixin arxivinə gömülüb:

“Belələrinə sual vermək lazımdır ki, ideologiyan varsa niyə birləşə, sözü bir yerə qoya, eyni amal uğrunda mübarizə apara bilmirsən? Çünki belə bitmiş siyasətçilər lap çoxdan tarixin arxivinə gömülüb. Ölünün dirilməsi isə möcüzədir. Bu gün bəzi qüvvələr Azərbaycanda baş verən hər hansı bir hadisədə dövlətçiliyi, milli maraqları unudub yalnız öz mənafelərini güdən Əli Kərimlini az qala qəhrəmana çevirirlər. 4 günlük müharibədə sifətini dörd dəfə dəyişən Kərimli öz əsgər  fotosu ilə cəmiyyətə saxta vətənpərvərliyini sırımaq istədi. Lakin bu dəfə də alınmadı. Yeri gəlmişkən, onun döyüşlər getdiyi vaxt cəmiyyətin nəzərini qapısına etiraz üçün toplaşanlara yönləndirən Kərimli müharibəni xalqa unutdurmağa çalışdı”. E.Mehtiyev Əli Kərimlinin də yer aldığı, Rusiyanın dəstəyi ilə yaradılmış bütün layihələrin iflasa uğradığını vurğulayıb: “EL Hərəkatının, Milli Şuranın, Ziyalılar Forumunun fəalliyyətindən  kiminsə xəbəri var? Bir xatırlatma edim, Milli Şura yaradılarkən bu birliyin baş tutmayacağı barədə proqnozlar verilirdi. Seçkilər zamanı sözügedən qurumun birmənalı şəkildə Moskvadan idarə olunduğunu hər kəs gördü. Dağıstan prezidentinin “Milyarderlər İttifaqı”nda verdiyi bəyanatlar, onun bilavasitə Milli Şuraya dəstəyi qurumun dövlətçiliyə xəyanətinin sübutu idi. Milli Şurada təmsil olunanların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlər də Moskvanın maraqları ilə üst-üstə düşürdü. İndi bu saxta vətənpərvərlərə inanmaq olarmı? İnanıram ki, Azərbaycan xalqı xaricdən idxal olunan belə layihələr heç zaman inanmayıb və inanmayacaq”. AXCP funksioneri hesab edir ki,  1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkiləri uduzan siyasi əlillər siyasətdən istefa verib getməlidilər:

«Uduzduqları halda, bir Etibar Məmmədovdan başqa, heç bir müxalifət partiyasından olan lider istefa vermədilər, uğursuzluqda əsas pay sahibi olduqlarını etiraf etmədilər. Ancaq onlar çoxdan getməli idilər. Yerlərini partiyadakı digər yoldaşlara buraxmalıydılar ki, partiyanı irəliyə aparmaq mümkün olsun. Siyasi mübarizəyə qoşulan və iqtidara gəlmək istəyən partiya məğlubiyyətinin səbəbini ciddi analiz etməli və ona uyğun da öz nəticəsini göstərməlidir. Lakin siyasi əlillər bunu qəbul etmək istəmir, kreslo sevgisi onları bu əlil düşüncədən azad edə bilmir”. AXCP yetkilisi orijinal təkliflə çıxış edib: “ Bu adamlara baxanda hesab edirəm ki, Azərbaycanda 4-cü qrup siyasi əlillik dərəcəsi yaradılmalıdır və illərdir uğur qazana bilməyən bu siyasətçilərə “siyasi əlillik dərəcəsi” verilməlidir”.





Həftənin ən çox oxunanları