Yuxarı

“Morq”a çevrilmiş “Yurd”çu profilləri

“Morq”a çevrilmiş “Yurd”çu profilləri

Əli Kərimli erməni təbliğatının “maşa”sına çevrilib

Aprelin əvvəlində Ermənistan və Azərbaycan arasında vəziyyət gərginləşən kimi ermənilərin ölkəmizdəki havadarları üzə çıxmağa başladılar. Əlbəttə, həmin şəxslər üçün Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, verdiyi uğurlu cavab müzakirə mövzusu deyildi.

“Əsgər morqu”na çevrilmiş profillər

Milli Şura, “Yurd” sədri Əli Kərimli və simpatizanları bu işdə fərqlənirdi. “Yurdçular” və Əli Kərimli Azərbaycan ordusunun ərazilərimizi işğaldan azad etməsində yox, Ermənistan kimi verdiyi itkilərin nə qədər çox olmasında maraqlı olduqlarını dəfələrlə nümayiş etdirdilər. Cəbhədə bir tapança səsi belə eşidilən kimi “yurdçular” cəbhəyanı və Bakı xəstəxanalarını “azərbaycanlı əsgərlərin meyit”ləri ilə doldururlar.

Azərbaycanda erməni təbliğatının maşasına çevrilmiş Əli Kərimli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ayət İsmayıl kimi şəxslərin sosial şəbəkədəki ünvanları “əsgər morqu”na çevrilib. Hər dəfə əməliyyat başlayan kimi profilləri düşmən mediasının manşetinə çevrilən “itkilər”ə dair statuslarla bəzədilir. Sifarişli işin arxasında cəmiyyətin orduya olan inamını qırmaq dayanırsa, digər tərəfində ermənilərin informasiya savaşına verdikləri dəstək var. Çünki cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyinin təqdim etdiyi rəqəmlər “yurdçular” və Əli Kərimlinin iddialarındakı rəqəmlərdən iki dəfə az olur.

“Yurd” sədrinin “kamikadze”ləri

Azərbaycan əsgərinin şəhidliyinə və ordunun verdiyi itkilərə sevinməkləri “yurdçular”ın hakimiyyətə qarşı kininin qusuntusudur. Əli Kərimli və qrupu dövlətçilik üçün ən həssas məqamlarda həmişə belə davranıb.

Dəfələrlə İranla Azərbaycan arasında diplomatik gərginlik yaşananda molla rejiminin ölkədəki ruporuna çevrilib. Siyasi məhbuslar azad olunub Qərb - Azərbaycan münasibətləri istiləşəndə ABŞ əleyhinə kampaniyanın başında dayanmış Rusiyanın müxalifətdəki “5-ci kolon”u funksiyasını yerinə yetirib. Bu gün də əlaqələrin əvvəlki məcrasına qayıtmasında maraqlı olan Əli Kərimli cəbhədəki gərgin vəziyyəti fürsət bilərək Kürdəxanı üçün yeni “siyasi məhbuslar hazırlığı”na çıxıb. Sosial şəbəkələrdə “Əli Kərimlinin kamikadzeləri” kimi çıxış edən bu şəxslər müəllifi “Yurd” sədri olan təxribatçı statusları yaymaqla məşğuldurlar.

Məqsəd Qərbdə Azərbaycana qarşı mənfi rəy yarada biləcək qədər “siyasi məhbus” yaratmaqdır. Paralel olaraq, işğal altındakı ərazilərin azad olunmasının hakimiyyətə qazandıracağı dividenti nəzərə alaraq, bununla ordu və cəmiyyətdə mərkəzdənqaçma meyillərini yaratmağa çalışır. Faktiki olaraq, Əli Kərimli və qrupu “radikal”, “ana müxalifət” adı uğrunda ermənilərə pas ötürməklə məşğuldur. Ermənilərin informasiya savaşına verilən dəstəyin də qarşılıqsız qalmadığı, Rusiyadakı qəyyumları tərəfindən pulla mükafatlandırıldığı da deyilir. Gələn məlumatlara görə, Milli Şuranın Rusiyadakı müəllifləri Əli Kərimliyə lazım olan maliyyə dəstəyi verirlər.

Xəyanətkar “marionetka”

AXCP-nin hüquqi təmsilçiyini itirən “siyasi meyit” üçün cəbhə prosesləri özünü gündəmə gətirmək üçün əlavə imkanlar yaratdı. Hakimiyyətdəki yaxınları Əli Kərimlinin publika qarşısında reklamı üçün hər şeyi etdi. Pul qarşılığında qıcıqlandırıcı statuslar yazdırmaqdan tutmuş evinin qarşısında aksiyaların keçirilməsinədək bütün mümkün vasitələrdən istifadə olundu. Xəyanət və tez-tez zəngin qəyyum dəyişdirmək xarakterinə sahib olan Əli Kərimlinin hakimiyyətdəki yaxınları tərəfindən reklam olunması təsadüf deyil.

Çünki bu adamın həssas məqamlarda insanların diqqətini yayındırmağı bacarmaq kimi bir şakəri var. Evinin qarşısında aksiyaların keçirilməsinə səbəb olan qıcıqlandırıcı statusların yazması da bu qəbildəndir. Bu məsələ bir müddət gündəmi məşğul etdi və Qarabağ münaqişəsinə yönəlmiş ictimai diqqət öz baxış bucağını dəyişdi. Paralel olaraq, Əli Kərimli hakimiyyətin islahata getməsinə mane olmaq üçün “marionetka” kimi saxlanılır. Əsas vəzifəsi də hakimiyyəti islahata məcbur edə biləcək müxalifətin dirçəlməsinə mane olmaqdır. Demokratik düşərgənin bu günədək seçkilərə qatılmaq üçün yaratdıqları birliklərin dağılmaları da Əli Kərimlinin işidir.

Əfqan





Həftənin ən çox oxunanları