Yuxarı

“Putin planı”nın gizlinləri

“Putin planı”nın gizlinləri

Kreml başçısı Bakıya niyə gəlir?

Cümşüd Nuriyev: “Şərtlər Azərbaycanı qane etmədiyindən səfər gecikir”

Arzu Nağıyev: “Bunun üçün onlar ermənilərlə razılığa gəlməlidirlər”

İxtiyar Şirin: “Onların şərtləri xeyrimizə deyil”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gələcəyi xəbəri yayılıb. Azərbaycan və Rusiya tərəfindən rəsmi təsdiqini tapmayan məlumatda bildirildi ki, Putinin gözlənilməz səfərlə bağlı qəbul etdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlıdır. Lakin sonradan məlumatı yayan mənbə təkzib verdi və qeyd etdi ki, Kreml başçısının səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Gələn məlumatlar da Rusiya prezidentinin yaxın vaxtlarda Azərbaycana gələcəyini istisna etmir.

Putin plana yenidən baxır?

Putinin baş tutmayan səfəri ilginc iddialar ortaya çıxarıb. Bildirilir ki, o, Bakıya Dağlıq Qarabağla bağlı konkret həll planıyla gəlmək istəyib. Lakin Azərbaycan tərəfi bunun maraqlarına zidd olacağını nəzərə alaraq, plandan imtina edib. Qeyd olunur ki, səfəri qeyri-müəyyən vaxtadək təxirə salan Putin plana yenidən baxacaq. Burada söhbət Azərbaycanın şərtlərini nəzərə almaqdan gedir. Şərtlərə gəlincə, Azərbaycanın mövqeyi budur ki, ətraf 7 rayon qaytarılır və Dağlıq Qarabağın statusunun müəyyən olunması qeyri-müəyyən vaxtadək təxirə salınır. “Putin planı”nda isə münaqişənin tamam fərqli həll təklifinin nəzərdə tutulması ehtimalı var.

Putinin səfəri üçün münaqişə tərəfi kimi Ermənistanı yox, məhz Azərbaycanı seçməsinə gəlincə, ehtimallar onun üzərində dayanır ki, Ermənistan Kreml başçısının həll planına razıdır. Azərbaycanın bunu qəbul edib-etməyəcəyi müzakirə mövzudur. Putinin Azərbaycana hansı planı təklif etməsinin detalları açıqlanmasa da, iddia olunur ki, bu “Lavrov planı”nın yenilənmiş formatıdır. Plana hansı əlavə və dəyişiklilərin olması barədə məlumat yoxdur.

“Plan Putinin masasındadır”

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya bildirib ki, Putinin Azərbaycana gəlməsiylə bağlı versiyalar çoxdur. C.Nuriyev hesab edir ki, Kreml başçısı Azərbaycana gələcək, sadəcə vaxt dəyişdirilib: “Vaxtın dəyişdirilməsi Moskvada keçirilən paradla bağlıdır. Təbii ki, bu səfərdə Qarabağ müzakirə olunacaq, bu plan artıq onun masasının üzərindədir. Amma bu həll variantı olmayan şəkildədir. Ola bilər ki, Azərbaycanı qane edən hansısa variant olmadığına görə, Putinin səfəri gecikir. Çünki o, Bakıya gəlir, Ermənistandan icazə almasına ehtiyac yoxdur. Məlumdur ki, Ermənistandan Rusiyadan asılı olan dövlətdir. Azərbaycan isə Qafqazın açar dövlətidir və bu məsələdə öz iradəsini də ortaya qoyub. Buna görə də, Rusiya beynəlxalq və regional müstəvidə Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Mümkündür ki, hansısa məsələlər həll olunmayıb və səfər də buna görə gecikir. Problemi Azərbaycanda axtarmaq lazım deyil, Putin sadəcə nəyisə həll etməyə çalışır”.

“Ara söhbətləridir”

Politoloq Arzu Nağıyev isə fərqli düşünür və hesab edir ki, Putinin Bakıya gəlməsiylə bağlı mətbuatda yayılan məlumatlar ara söhbətləridir. N.Nağıyev xatırladıb ki, Rusiya və Azərbaycan tərəfləri rəsmi qaydada buna münasibət bildirmədi: “Bu ara söhbəti idi. İndi də deyirlər ki, Roma papası gələcək. Bunlar təsdiqini tapmayan söhbətlərdir. Putinin səfərini də Qarabağ münaqişəsinə bağlayırlarsa və deyirlərsə ki, məsələ bununla müsbət istiqamətdə həll olunacaq, bu inandırıcı deyil, uydurmadır. Sonra da ki, bunun üçün onlar ermənilərlə razılığa gəlməlidirlər”.

“Gəlsə belə...”

Milli Konqres Partiyasının sədri İxtiyar Şirin də Cebhe.info-ya Rusiya prezidentinin Azərbaycana gələcəyi ilə bağlı məlumatların inandırıcı olmadığını bildirib. İ.Şirin bunun şayiə olduğunu istisna etməyib: “Rusiya və Azərbaycan tərəfindən buna rəsmi açıqlama verilmədi. Bu mətbuatın versiyası kimi ortaya çıxıb”.

MKP sədri vurğulayıb ki, Putin Qarabağla Azərbaycana gəlsə belə, Rusiyanın maraqlarından çıxış edəcək: “Çünki hər bir dövlət ilk növbədə öz mənafeyini güdür. Rusiya iniyədək nə qonşu, nə də ki, digər dövlətlərin maraqlarını əks etdirən siyasət yürütməyib. Rusiyanın Qarabağla bağlı da fərqli hərəkət edəcəyini düşünmürəm. Əgər bu səfər də olacaqsa, bu sırf Rusiyanın maraqları yönündə olacaq. Bu, Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi, Azərbaycanın Avrasiya İttifaqına qoşulması və digər məsələlər ola bilər. Bunların heç biri Azərbaycanın xeyrinə deyil”.

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları