Yuxarı

Beş rayon əvəzinə Avrasiya İttifaqı

Beş rayon əvəzinə Avrasiya İttifaqı

Ərəstun Oruclu: “Cəmiyyətin nəbzini yoxlayırlar”

Arzu Nağıyev: “Rusiyanın dediyi ilə oturub-durmaq bizə xeyir gətirməz”

“Kreml Qarabağ münaqişəsinin nizama salınmasına dair aralıq planını həyata keçirmək prosesini gücləndirir. Mayın sonuna kimi Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana baş çəkəcəyinə dair informasiya da bu ehtimalı gücləndirir”, - bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Politoloqun sözlərinə görə, Moskvanın planı ən az 5 rayonun Azərbaycana qaytarılması və Azərbaycanın nəzarəti altında yaradılacaq Dağlıq Qarabağ muxtariyyəti ətrafında “təhlükəsizlik qayışı”nın yaradılmasıdır: “Bunun qarşılığında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması istiqamətində iş başlayacaq. Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, onun vəziyyəti Ermənistandan daha yaxşı olacaq”.

Müzakirə, yoxsa şərt?

Putinin Azərbaycana səfəri öncəsi Kremlə yaxın politoloqların bu iddiaları sual yaradır. Amma başqa bir məsələ var, görünən odur ki, Putin səfərdən əvvəl öz şərtlərini rəsmi Bakıya qəbul etdirmək, dolayısıyla öz planlarından xəbərdar etmək və Azərbaycanın öz şərti olmadan məsələni həll etmək üçün “təbliğat maşınları”nı işə salıb. Məsələnin ilginc tərəfi başqadır və bu sual yaradır. Yəni Rusiya 5 rayonu Azərbaycanın Avrasiya İttifaqına qoşulması şərtiylə qaytarırır, yoxsa qaytarıldıqdan sonra qoşulmasının müzakirə olunacağı ehtimalıyla? Yəni Arkovun iddiası birmənalı olmayan iddia kimi görünsə də, Kremlin münaqişənin həll prosesinə münasibəti birmənalıdır və 5 rayonun qaytarılması müqabilində Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Kreml vaxtilə bu planını həyata keçirmək üçün Ermənistanı Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv etdi. Əlbəttə məcburi üzvlük planında Azərbaycanın Rusiyanın dominant rolunun olduğu bir birliklərə qoşulmaq üçün məcbur olunması öncül yerə sahib idi. Yəni Kreml bununla Ermənistanın “məzənnə”sini qaldıraraq, Azərbaycan qarşısında əlini də gücləndirmiş oldu. Əlbəttə bundan sonra Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərin 2017-ci ilədək gərginlik həddinə çatacağı gözlənilən idi. Bu baş verməyə də bilərdi, o halda ki, Azərbaycan ətraf rayonların qaytarılması müqabilində Avrasiya İttifaqı, yaxud Gömrük Birliyinə üzv olsun. Aprelin əvvəlindən Ermənistan vasitəsilə Azərbaycana təzyiq mexanizminin işə düşməsi isə onu göstərir ki, rəsmi Bakı Moskvanın şərtlərinə yaxın durmur.

Kreml hesabı necə bağlamaq istəyir?

Kremlin Azərbaycanın bu birliklərə cəlb olunması üçün planı da ortadadır. Putinə görə, 5 rayon Azərbaycana qaytarılır, Dağlıq Qarabağın statusunun müəyyən olunması adı altında rus qoşunları Qarabağa yerləşdirilir və qeyri-müəyyən vaxt üçün “referendum” təyin olunur. Kremlə yaxın rusiyalı ekspertlər də buna açıq formada diqqət edirlər. Məsələn, Rusiya Beynəlxalq Avrasiya Hərəkatı rəhbərinin müavini Valeri Korovinə görə, vaxtilə Ermənistanın Gömrük Birliyinə qoşulması Qarabağ məsələsinin İrəvanın lehinə həll olunması prosesində atılmış ən böyük addım idi. Lakin Korovin hər şeyin bu qədər bəsit olmadığını deyir: “Azərbaycanın Avrasiya İttifaqına qoşulması da Qarabağa çıxış yolu təmin edə bilər. Kremlin başqa variantı yoxdur. Hesab etmək olar ki, məsələ bağlanılıb”.

“Putin planı”

Arkov və Korovinin fikirləri şübhəsiz ki, Azərbaycanı təhdiddir. Əvvəllər də qeyd etdiyimiz kimi hazırda baş verənlər SSRİ dönəmində Azərbaycan ərazilərinin Ermənistana verilməsi proseslərinə oxşayır. Yəni 5 rayonun qaytarılmasıyla Azərbaycan Avrasiya İttifaqı, yaxud Gömrük Birliyinə daxil olur və bununla Kreml birlik ölkələri arasında münaqişənin davamına lüzum görməyərək, Dağlıq Qarabağın Ermənistanın tərkibində qalmasıyla məsələni bağlayır. Vaxtilə Zəngəzur və Göyçə ermənilərə veriləndə saziş imzalandı ki, Azərbaycana qarşı ərazi iddialarında olmayacaqlar. Hətta saziş də imzalandı. Lakin Sovet İttifaqı dağılanda nə baş verdi? Ermənilər yenə də muxtariyyət əldə etdikləri Qarabağa qarşı iddia irəli sürdülər. İndiki mərhələdə 5 rayonun qaytarılması faktoru da Kremlin Azərbaycanı şirnikləndirmək xarakteri daşıyır. Bu, Rusiyanın Azərbaycanı öz hərbi-siyasi orbitinə cəlb etmək cəhdidir. Başqa sözlə, Putinin nəzərində problemin kardinal həll variantı belədir ki, 5 rayon Azərbaycana qaytarılır və müzakirə adıyla rəsmi Bakıya Avrasiya İttifaqı, Gömrük Birliyinə qoşulmaq üçün təzyiqlər olunur. Hələ ki, Putinin Bakıya gətirəcəyi planın başqa təsəvvür forması yoxdur.

“Məsələ təkcə Rusiya və Azərbaycan arasında həll olunmur”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə Rusiya KİV-lərinin tirajladığı bu tip məlumatların etibarlı olmadığını bildirib. Ə.Oruclu hesab edir ki, Kreml bununla Azərbaycan hakimiyyəti və cəmiyyətinin nəbzini yoxlayır: “Bu yeni mövzu deyil. Əvvəllər Kreml Rusiya KİV-ləri ilə yanaşı Azərbaycan mətbuatına da bu cür məlumatları atıb. Düşünürəm ki, 5 rayonunun Azərbaycana onun Avrasiya İttifaqına üzv olması şərti kimi qaytarılması məlumatları ciddi deyil. Bu, sadəcə nəbz yoxlamaq və mesajdır, həm rəsmi Bakı, həm də cəmiyyətin mövqeyini öyrənməkdir. İnandırıcı deyil. Çünki bütün bu məsələlər təkcə Rusiya və Azərbaycan arasında həll olunmur. Azərbaycanın hansı mövqedə olması, hansı prioritetləri seçməsi qlobal siyasətin tərkib hissəsidir. Qlobal siyasəti də təkcə Rusiya müəyyən etmir”.

“Roqozinin səfərindən sonra bəlli olacaq”

Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə bildirib ki, Putinin Azərbaycana gəlməsi hələlik sual altındadır. A.Nağıyevin sözlərinə görə, Rusiya prezidentinin səfər edib, etməyəcəyi Baş nazirin müavini Dmitri Roqozinin Bakıya gəlməsindən sonra bəlli ola bilər: “Raqozin Putinə yaxınlığı ilə tanına bir şəxsdir. Mümkündür ki, onun səfərindən sonra bir sıra məsələlərə aydınlıq gələcək. Ümumiyyətlə, Putinin Azərbaycana səfəri çox ciddi məsələdir. Kreml başçısının səfəri birbaşa Dağlıq Qarabağ məsələsi ilə bağlı ola bilər. Amma demək doğru deyil ki, Putinin gəlişiylə 5 rayon qaytarılacaq və Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsi müzakirə olunacaq. Putinin səfəri həm də Azərbaycanın ciddi məsələlərlə məşğul olmasının göstəricisidir. Əgər o, Bakıya gəlirsə, demək ki, proseslər ciddiləşir”.

Arzu Nağıyev hesab edir ki, Rusiyadan 5 rayonun Azərbaycanın Avrasiya İttifaqına üzv olması şərti kimi irəli sürülmür: “Kremldən belə bir şərt, yaxud təklif yoxdur. Proseslər Minsk Qrupu çərçivəsində cərəyan edir. Əgər Kremldən belə bir şərt irəli sürülsə və Azərbaycan bununla razılaşsa, o zaman Türkiyə və Qərb bizdən üz döndərə bilər. Azərbaycan ancaq öz balanslaşdırılmış siyasətini həyata keçirməlidir. Rusiyanın dediyiylə oturub-durmaq nə Azərbaycana, nə də regiona xeyir gətirməz”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları