Yuxarı

Elçibəyin əleyhdarları bir arada - Nemət Pənahlı və Əli Kərimli

Elçibəyin əleyhdarları bir arada - Nemət Pənahlı və Əli Kərimli

Cavid Məmmədzadə: “Vaxtilə yanında olmuş şəxslər Elçibəyi aşağılayırlar”

Tural Abbaslı: “Onun kiminsə müdafiəsinə ehtiyacı yoxdur, çünki onu xalq müdafiə edir”

“Elçibəyi mənim qədər tanıyan adam yoxdur. O vaxt haqqında da sözümü demişəm. Dediyim heç bir sözdən də peşman deyiləm, hesab etmirəm ki, səhv demişəm. Səhv deməmişəm, az demişəm. Milli hərəkatın bu günə düşməyinin bir nömrəli günahkarı odur. Elçibəyin xəyanəti nəticəsində bu hərəkat indiki vəziyyətinə, millət bu günə düşüb”. Bu sözlər Milli Dövlətçilik Hərəkatı Partiyasının sədri Nemət Pənahlıya məxsusdur.

“Yurd” sədri Elçibəyi təhqir marafonunda

N.Pənahlının Elçibəy haqqında təhqiramiz fikirləri Xalq Cəbhəsi liderinin əqidədaşları tərəfindən kəskin narazılıqla qarşılandı, etiraz olundu. Müxalifətin ana partiyaları AXCP, Müsavat, həmçinin digər siyasi qurumlar - KXCP, BAXCP, VİP də Nemət Pənahlıya öz etirazlarını bildirdilər. Uzun illər Elçibəy və Məhəmməd Əmin Rəsulzadə ideologiyaları, demokratik dəyərlər əsasında mübarizə meydanında olduğunu deyən “Yurd” sədri Əli Kərimli, o cümlədən Milli Şura susdu. Etiraz, yaxud dolayısıyla Elçibəyi müdafiə etmək bir kənara, əksinə Əli Kərimli “Azadlıq” qəzetinə Nemət Pənahlını müdafiə etmək üçün tapşırıq verdi. Bunun üzərindən də “Azadlıq” Elçibəyi MDHP sədrinə təkrar söydürdü, təhqir etdirdi.

Əlbəttə, postunu tutmaq ehtirasıyla Elçibəyi mənəvi cəhətdən zəhərləyən adamdan başqa addım gözləmək sadəlövhlük olardı. Lakin bu formada bir daha öz iç üzünü açıb göstərəcəyi də gözlənilən deyildi. Görünən odur ki, ideologiyasının daşıyıcılarının Elçibəy Xalq Cəbhəsinə sahib çıxmaları Əli Kərimlini tamam fərqli yönə istiqamətləndirib. Çünki “Yurd” sədrinin qənaətinə görə, uzun illər kürsüsünü işğal etdiyi AXCP-nin əlindən çıxmasında partiya üzvlərinin Elçibəy ideologiyasına güclü bağlılığı ağır çəkiyə sahib idi. Bu nöqteyi-nəzərdən Əli Kərimlinin Nemət Pənahlının Xalq Cəbhəsi liderinə qarşı başlatdığı təhqir marafonuna qoşulması anlaşılandır.

“Əli Kərimli Elçibəyin sevmədiyi adam idi”

Siyasi fəal Cavid Məmmədzadə “Cümhuriyət”ə bildirib ki, liderimiz Elçibəyi təhqir edənədək hər kəsin Nemət Pənahlıya hörməti var idi. C.Məmmədzadə qeyd edib ki, o, vaxtilə azadlıq mücahidi, Azərbaycanın azadlığı uğrunda döyüşənlərdən biri olub:

“Lakin Elçibəy haqqında fikirlərdən sonra barəsində bütün düşüncələrim alt-üst oldu. Adam ona bəy də demək istəmir. İndi ona hörmətim sıfıra bərabərdir. Çünki Nemət Pənahlı həyatının ən böyük səhvini etdi. Hamımız bilirik ki, Rəsulzadədən sonra Elçibəy Azərbaycana müstəqillik qazandıran şəxslərdən biridir. Elçibəyin Azərbaycan tarixində rolu böyükdür. Amma bu gün onun təbliğatını aparmaq əvəzinə, vaxtilə yanında olmuş şəxslər Elçibəyi aşağılayırlar”.

Əli Kərimliyə gəlincə, Cavid Məmmədzadə hesab edir ki, onun və ətrafında olan adamların “xəmirləri” təhqirlə yoğrulub:

“Elə bil hər yerdə - orta məktəbdə, universitetdə müəllimləri ona təhqir etməyi öyrədiblər. Əli Kərimli və dəstəsinin Nemət Pənahlını müdafiə etməsinə gəlincə, onların hamısı eyni mahiyyətə malikdirlər. Elçibəyə xəyanət edənlərdən biri də Əli Kərimlidir. Elçibəyin sevmədiyi şəxslərdən biri də Əli Kərimli idi. Bunu hər kəs bilir. Bəziləri etiraf edirlər, bəziləri də münasibətləri olduqlarına görə, heç nə demirlər.

Hamı bilir ki, Əli Kərimli “Yurd”u Elçibəyə qarşı fəaliyyət göstərib. Əli Kərimlinin keçirdiyi iclasların hansında Elçibəyin şəkili olub? Özünü Elçibəyin davamçısı adlandırır, amma bir dəfə də olsun, haqqında müsbət fikir səsləndirmir. Çünki Əli Kərimlidə və digərlərində Elçibəyə qarşı bir qısqanclıq var. Nə Nemət Pənahlı, nə Əli Kərimli, nə də digəriləri Elçibəyin adını yaddaşlardan silə bilməzlər. Rəsulzadə və Elçibəy adı elə bir məfhumdur ki, onların üzərinə qalın beton da töksən, cücərəcək”.

“Altını çəkəcəklər”

“Ağ Blok” İdarə heyətinin sədri Tural Abbaslı “Cümhuriyət”ə bildirib ki, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy Azərbaycan cəmiyyəti içində simvollaşmış simalardır.

T.Abbaslının sözlərinə görə, çalışmaq lazımdır ki, onlar haqqında obyektiv tənqidlərin sayını belə azaldaq:

“Hər bir dövlətin, quruluşun simvollara ehtiyacı var. Türkiyədə həmin şəxs Atatürk, Rusiyada Pyotr, digər dövlətlərdə də başqalarıdır. Biz də simvollaşmış siyasi liderlərimizi qorumalıyıq. Onların müəyyən məsələlərdə çatışmayan cəhətləri ola bilər, amma diqqətli olsaq daha yaxşı olardı. Qaldı ki, onları tənqid və təhqir edənlərə, bu gün onların partiyalarının davamçısı elan edən qurumların birbaşa Elçibəy, yaxud Rəsulzadəni müdafiə etmək, qorumaq borclarıdır. İndi ola bilər ki, özlərini daha böyük görmək istəyənlər onların kölgələrindən çıxmaq üçün müxtəlif üsullara əl atırlar.

Amma onların içində elələri var ki, “Feysbuk”da 5-10 “layk”ı azalan kimi özlərini uğursuz hesab edirlər, aralarında “ulduz” xəstəliyinə tutulanlar da var. Vətəndaşlar və tərəfdarları da bunları görürlər, bu da onların qurumlarının elektoral bazalarına mənfi təsir edir. Elçibəyin isə kiminsə müdafiəsinə ehtiyacı yoxdur, çünki onu xalq müdafiə edir. Onlar sadəcə özlərinə zərər vururlar. Rəsulzadə və Elçibəyi müdafiə etməklə insan özünün nüfuzunu qaldırar. Əgər kimlərsə əksini düşünürlərsə, bunun altını çəkməyə də hazır olsunlar”.

Mənsur





Həftənin ən çox oxunanları