Yuxarı

Hökumətdən demokratik açılım

Hökumətdən demokratik açılım

Sərdar Cəlaloğlu: “Dialoq formal xarakter alarsa bu, ölkə üçün təhlükəli olacaq” Əli Əliyev: “Milli təmərküzləşmə üçün buna ehtiyac var” Səbuhi Aslanbəyli: “Dialoqun baş tutması vacib məsələdir”

Hər zaman müxalifətin gündəmində olan iqtidar-müxalifət dialoqu bu dəfə hakimiyyət tərəfdən gündəliyə çıxarılıb. Əldə olunan məlumatlara görə, artıq bir neçə müxalifət partiyasına müraciət ünvanlanıb. İqtidar-müxalifət dialoqunun hakimiyyətin gündəminə gəlməsi, bu istəyin baş tutacağına bir işarədir. Siyasi şərhçilər hər zaman iqtidar-müxalifət dialoqunun vacibliyini vurğulayaraq, bunun dövlətin inkişafında müstəsna rol oynayacağının önəminə diqqət çəkiblər.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də həm hökumətə ünvanladığı təkliflərdə, həm də bu barədə etdiyi çıxışlarda hər zaman iqtidar-müxalifət dialoqunun vacibliyini bildirib. Və hər zaman dəyirmi masa ətrafında hökumətlə dialoqa getməyə hazır olduğunu deyib.

Bəs iqtidar-müxalifət dialoqu baş tuta bilərmi? Əgər baş tutarsa, bu, dövlət üçün hansı xeyri verə bilər?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu siyasi dialoqun demokratik prosedur olduğunu dedi. Onun fikrincə, bu, formal xarakter alarsa, ölkə üçün təhlükəli olacaq: “Bizə belə bir müraciət olunmayıb. Əgər müraciət olunarsa, biz onu müzakirə edib öz fikrimizi bildirərik. Faktiki olaraq siyasi dialoq demokratik bir prosedurdur. Demokratik prosedurlar formal olaraq həyata keçiriləndə demokratiya ziyan görür. Formal demokratiya diktaturadan qat-qat pisdir. O baxımdan əgər bu siyasi dioloqda formal xarkter daşıyacaqsa, ondansa ölkədə ən qatı diktatura yaratmaq ölkə üçün daha xeyirli olar”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ölkənin təşkilatlanması, təmərküzləşməsi üçün buna ehtiyac olduğunu vurğuladı. Onun sözlərinə görə, bu təşəbbüs ölkə başçısı tərəfindən göstərilməlidir: “Biz o vaxt dialoqun tərəfi olmuşuq, iştirak etmişik.

O vaxt təşəbbüs bizim təmsil olunduğumuz qurumdan getmişdi. Hökumət də buna müsbət cavab vermişdi. Çox təəssüf edirəm ki, o vaxt hökumət birtərəfli qaydada danışıqlardan çıxıb. Faktiki olaraq o zaman hakimiyyət tərəfindən səsləndirilən addımlardan imtina olundu. Hesab edirəm ki, biz kifayət qədər yüksək səviyyədə məmurlarla görüşürdük və onlar xüsusu olaraq dövlət tərəfindən səlahiyyətləndirilmiş şəxs idi. Əgər dövlət tərəfindən səlahiyyət verilmiş şəxs, iclasın ortasında qarşı tərəfə hörmətsizlik edərək tədbiri tərk edirsə, bu hal hakimiyyətin bu məsələlərdə xoşməramlı olmasını şübhə altına salır. Ölkədə siyasi açılımın olmasına istəkli olduğuna kölgə salır. Hesab edirəm ki, bu cür tədbirlərin baş tutması üçün ölkə başçısı təşəbbüs göstərməlidir. Çünki ölkənin təşkilatlanması, təmərküzləşməsi üçün buna ehtiyac var. Hörmətli prezident partiya sədridir. Ola bilər ki, onun partiyasının imkanları daha yüksəkdir. Amma statusumuz eynidir. Ona görə də əgər ölkəyə, dövlətə, millətə lazımdırsa, belə bir təmas bu təşəbbüsü ölkə başçısı göstərməlidir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Səbuhi Aslanbəyli dialoqun vacibliyinə diqqət çəkdi. Onun sözlərinə görə, burada tərəflərin səmimiyyəti önəmlidir: “Bu məsələ hər zaman aktual olub və indi bunun məhz hakimiyyət tərəfindən gündəmə gətirilməsi yaxşı haldır. Təbii ki, bu dialoq zamanı tərəflərin və mövzunun müəyyən olunması ilkin olaraq iştrakımızın vacibliyini özündə ehtiva edir. AXCP olaraq və xüsusi ilə qeyd etmək istəyirəmki Azərbaycan ən köklü və böyük partiyası olaraq bu dialoqda iştrakımız labüddür. Siyasi səhnədə inteqrasiyalara və islahatların birgə aparılmasında maraqlı tərəfik. Dövlət maraqlarımızın təminatı baxımından hər bir dialoqa hazırıq.

Son bir neçə ayda partiyamızın verdiyi real iş sistemi olaraq Azərbaycan dövlətin hər bir sahəsini nəzərə alaraq hazırladığımız paketlər və mesajlarımızda bu dialoqun qacılmaz və ölkəmizin beynəlxalq, daxili siyasi və iqtisadi durğunluğun aradan qaldırılmasına xidmət edir. Təbii ki tərəflərin səmimiyyəti dövlətimiz üçün faydalı imkanlar yaradacaq. Milli məsələ baxımındanda hesab edirəm ki, görüşün yekunu olaraq Qarabağ məsələsinin bəynəlxalq səviyyədə həlli üçün birlik və bərəbərliyin təminatınada çevrilə bilər. Bu baxımdan bu dialoqun baş tutması vacib məsələdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları